Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3947/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs PHŞ-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X4 Şəxs PHŞ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-2551/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Nərimanov rayonu, X5, ev 152 ünvanında qeydiyyatda olan Şəxs PHŞ-nin ünvanına 9824282, 98204274, 95802336, 95469458, 95501649, 95555900, 95493730, 95802773, 95815387, 98204092, 95747275, 95802872, 95737045 nömrəli vaqonlar vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********4728 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs PHŞ-nin nümayəndəsi X6 izahatında göstərdi ki, onlar artıq uzun müddətdir ki, ölkəyə Rusiya Federasiyasından taxıl idxal edirlər. Lakin, sonuncu dəfə eyni əməliyyatlar aparılarkən taxıl idxal etdikləri Rusiya Federasiyasında yerləşən dəqiq ünvanı “Moscow,1st Tverskaya-Yamskaya str., 21” kimi qeyd edilən “Grain Gates” şirkəti idxal edilən mallar barədə məişət sertifikatları, qaimələr və digər sənədləri vaxtında onlara təqdim etməmiş, nəticədə mallar ölkəyə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi tərtib etməkləri mümkün olmamışdır. Halbuki, onlar dəfələrlə müxtəlif vaxtlarda rəsmi və qeyrirəsmi formada həmin şirkətlə əlaqə saxlayaraq müvafiq məlumatları tələb etmişlər. Habelə, 17 oktyabr 2022-ci il tarixdə şirkətə ünvanladıqları müraciətə dair elektron poçt çıxarışları məhkəməyə təqdim edilmişdir. Ümumiyyətlə, həmin məlumatlar olmadan Rusiyadan idxal olunan 984.400 ton (13 vaqon) yükə dair idxal bəyannaməsi tərtib etmək mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq, Şəxs PHŞ-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs PHŞ-nin təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan, BBGİ-nin “X1” şöbəsindən daxil olmuş 34/012/024607 nömrəli, xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs PHS-nin ünvanına 9824282, 98204274, 95802336, 95469458, 95501649, 95555900, 95493730, 95802773, 95815387, 98204092, 95747275, 95802872, 95737045 nömrəli vaqonlar vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursundan “malın çatdırılması və bosaldılması”na dair çıxarışdan görünür ki, 9824282, 98204274, 95802336, 95469458, 95501649, 95555900, 95493730, ********. 95815387, 98204092, 95747275, 95802872, 95737045 nömrəli vaqonlar vasitəsi ilə Şəxs PHS-nin ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixdə saat 06:22 radələrində Şimal Ərazi Bas Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs PHŞ-nin ünvanına 9824282, 98204274, ********. 95469458, 95501649, ********. 95493730, 95802773, 95815387, ********. 95747275, 95802872, 95737045 nömrəli vaqonlar vasitəsi ilə göndərilmiş mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməmişdir. Şəxs PHŞ tərəfindən məhkəməyə təqdim edilmiş həmin PHŞ-nin nümayəndəsi X6 tərəfindən “Grain Gates” şirkətinə elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, aşağıdakı məzmunda danışıqlar aparılmışdır: PHŞ-nin nümayəndəsi X6 – “Nəzərinizə çatdırıram ki, “Qreyn Geyts” şirkəti ilə bağlanmış GG-AZ/2022-007 müqavilə üzrə sənədlərin alınmasında çətinliklər yaranıb. Çətinliklər ondan ibarətdir ki, gömrük proseduralarının həyata keçirilməsi və qida təhlükəsizliyi sertifikatlarının alınması üçün bizə lazım olan sənədlər vaxtında göndərilmir, gecikdirilir, 984.400 ton (13 vaqon) partiyaya dair sənədlər vaqonlar sərhədi keçdikdəm sonra göndərilmiş və bu səbəbdən biz sadələşdirilmiş idxal gömrük bəyannaməsini rəsmiləşdirməyi çatdırmadıq, bununla əlaqədar olaraq bizə cərimə sanksiyaları tətbiq olunacaq. Yuxarıda qeyd olunanları nəzərə almağınızı və növbəti təchizatlarda sənədlərin vaxtında alınmasına köməklik göstərməyinizi xahiş edirəm.” “Grain Gates” şirkətinin Əsas müştərilərlə tərəfdaşlığın rəhbəri Yuliya Vozdamirova – “Sizin məktubunuza cavab olaraq, biz həmin vəziyyəti müzakirə etdik və belə nəticəyə gəldik ki, bu vəziyyətə, çox təəssüf ki, bir neçə amil səbəb olub. Vaqonlar 11-12/10 tarixdə yüklənib və gömrük rəsmiləşirməsindən keçmiş, 14/10 tarixdə dəmiryolu tərəfindən daşımaya qəbul edilmişdir. Ştempel vurulmuş qaimələri ekspeditorlar stansiyadan yükləmə məntəqəsindən yalnız cümə günü axşam götürmüş, bizə isə bu gün səhər gəlib çatmışdır, buna görə də onları Sizə maksimum operativ surətdə göndərmək mümkün olmamışdır. Sonra həmin 13 vaqon digər 45 vaqonla birlikdə (cəmi 58 vaqon) dəmiryolu tərəfindən göndərilmiş və Sizə qrup halında tez gəlib çatmışdır. Öz tərəfimizdən gələcəkdə belə vəziyyətin təkrarlanmasını minimuma endirmək üçün bütün zəruri tədbirləri görməyə çalışacağıq.” Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə, təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs PHŞ barəsində tərtib edilmiş 00100-2551/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs PHŞ-nin təqsiri müəyyən olunmur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs PHŞ ilə “Grain Gates” şirkəti arasında bağlanmış GG-AZ/2022-007 müqaviləyə əsasən Şəxs PHŞ müvafiq malların idxalını həyata keçirmiş, lakin həmin şirkət gömrük prosedurlarının həyata keçirilməsi üçün lazımi sənədləri idxalçıya təqdim etməməklə müqavilə öhdəliklərini icra etməmişdir. Nəticədə, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi mümkün olmamışdır. Buna görə də mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməməsi formal cəhətdən inzibati xəta tərkibinin əlamətini yaratsa da, işin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə müəssisənin əməlində qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Barəsində icraat aparılan şəxsin əməli inzibati xəta törətməyə yönəlməmişdir. Buna görə də qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 00100-2551/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs PHŞ-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 00100-2551/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3947/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3947/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver