Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3961/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 17 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 21500.00 ABŞ dolları məbləğində vəsaiti 30 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 21500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 çıxış edərək bildirmişdir ki, müqavilə bağladıqları şirkətlə yazışmalar aparılmışdır, sonuncu dəfə xx.xx.2024-ci il tarixdə email ilə cavab olaraq bildirilmişdir ki, istehsal müvəqqəti olaraq dayandırılmışdır, bu səbəbdən malların çatdırılması gecikdirilir. Məhkəmənin sualına və tələbinə cavab olaraq, sözügedən 16 aprel 2024-cü il tarixli məktubun hansı tarixdə göndərilməsi ilə bağlı təsdiqedici bir sənədləri olmadığını, həmin sənədin hansı vasitə ilə göndərilməsi ilə bağlı sübutlarının olmadığını, 2024-cü ildən hazırkı tarixədən qarşı tərəfə hər hansı pretenziya ilə, müqavilə xitamı ilə bağlı müraciət etmədiklərini, sadəcə onların şifahi vədlərinə inanaraq gözlədiklərini bildirmişdir. Bildirdiyinə görə, şirkət həmin tarixdən etibarən qısa müddətdə malların göndəriləcəyi ilə bağlı vədlər verir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Kapital Bank” ASC-nin 04 sentyabr 2025-ci il tarixli, KB-244/2-2143/2025 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 30 və 31 avqust 2023-cü il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, “AZCON GROUP OF COMPANİES MMC 21500.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, işdə olan bütün sübutları onların aidiyyəti, mümkünlüyü, mötəbərliyi və vəhdəti baxımından hərtərəfli, tam və obyektiv tədqiq edərək qiymətləndirməyi zəruri hesab edir. İşin obyektiv cəhətinin təhlili zamanı məhkəmə müəyyən edir ki, Şəxs 30 avqust 2023-cü il tarixində 21,500 ABŞ dolları məbləğində vəsaiti avans olaraq xaricə köçürməsi faktı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı, tərəflər arasında bağlanmış SA02/08 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsi və "xxxx" ASC-nin 04 sentyabr 2025-ci il tarixli məktubu ilə təkzibedilməz şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın (sonrakı dəyişikliklər nəzərə alınmaqla) 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməsi və ya vəsaitin geri qaytarılması öhdəliyi müəyyən edilmişdir. Bu müddət 30 avqust 2025-ci il tarixində tamam olmuşdur. Mərkəzi Bankın tərtib etdiyi 17 sentyabr 2025ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər birmənalı şəkildə təsdiq edir ki, qeyd olunan müddət ərzində nə mallar idxal edilmiş, nə də köçürülmüş valyuta vəsaiti geri qaytarılmışdır. Beləliklə, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti, yəni hüquqazidd hərəkətsizlik tam tərkibdə mövcuddur. İşin subyektiv cəhətinin qiymətləndirilməsi bu işin həlli üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr İXM-nin 430.4-cü maddəsi üzrə məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini araşdırmalıdırlar. Təqsirin olmaması inzibati məsuliyyəti istisna edən haldır. Bu kontekstdə, məhkəmə Cəmiyyətin nümayəndəsinin təqsirin olmaması barədə irəli sürdüyü dəlilləri və təqdim etdiyi sübutları tənqidi qiymətləndirir. Belə ki, cəmiyyətin nümayəndəsi təqsirsizliyini əsaslandırmaq üçün Türkiyə Respublikasındakı tərəfdaş şirkətdən daxil olduğu iddia edilən 16 aprel 2024-cü il tarixli məktuba istinad etmişdir. Həmin məktubda istehsalat prosesində yaranmış nasazlıq səbəbindən malların təhvil verilməsinin gecikdiyi bildirilmişdir. Lakin məhkəmə bu arqumenti bir neçə səbəbdən qəbul etmir. Birincisi, təqdim edilən məktub özlüyündə təqsiri istisna edən hal kimi qiymətləndirilə bilməz. Mülki hüquqda və beynəlxalq ticarətdə kontragentin istehsalat problemləri, adətən, kommersiya riski hesab olunur və müəyyən hallarda fors major (qarşısıalınmaz qüvvə) kimi qiymətləndirilə bilər. Lakin, işin fors major hal kimi qiymətləndirilməsindən əlavə tərəfin öhdəliyin icrasına məsuliyyətsiz yanaşması kimi tövsif edilə bilir. Cəmiyyətin nümayəndəsi məhkəmənin birbaşa tələbinə baxmayaraq, həmin məktubun hansı tarixdə və hansı kommunikasiya vasitəsi ilə (e-poçt, rəsmi poçt və s.) daxil olduğunu təsdiq edən heç bir mötəbər sübut (e-poçt bildirişi, göndəriş qəbzi) təqdim edə bilməmişdir. Bu hal, məktubun sonradan, yalnız inzibati məsuliyyətdən yayınmaq məqsədilə əldə edilməsi ehtimalına dair əsaslı şübhələr yaradır. İkincisi, cəmiyyətin sonrakı hərəkətsizliyi onun təqsirini birbaşa sübut edir. Vicdanlı sahibkar kimi kommersiya fəaliyyəti ilə məşğul olan bir qurum öz maliyyə vəsaitlərinin və müqavilə öhdəliklərinin taleyinə biganə qalmamalı, hüquqlarının müdafiəsi üçün bütün zəruri və ağlabatan tədbirləri görməlidir. Məhkəmə müəyyən edir ki, cəmiyyət gecikmə barədə məlumat aldığı iddia edilən 16 aprel 2024-cü il tarixindən inzibati xəta haqqında protokol tərtib edilənədək, yəni təxminən 01 il 5 ay müddətində, köçürülmüş 21,500 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması üçün qarşı tərəfə heç bir rəsmi pretenziya göndərməmiş, müqavilənin ləğvi proseduruna başlamamış və ya digər hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Nümayəndənin şifahi vədlərə inanaraq gözləmələri barədə izahatı isə hüquqi əhəmiyyət kəsb etmir və cəmiyyətin öz öhdəliklərinə səhlənkar yanaşdığını göstərir. Bu cür hərəkətsizlik, İXM-nin 12-ci maddəsinin tələbləri baxımından, cəmiyyətin təqsirinin olduğunu tam sübuta yetirir. Məhkəmə, müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərkən, tətbiq edilən normanın təkcə hərfi mənasını deyil, həm də onun hüquqi təyinatını, qanunvericinin iradəsini və qoruduğu ictimai münasibətlərin mahiyyətini əsas götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha fundamental məqsədlərə xidmət edir. Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın həm obyektiv, həm də subyektiv tərkibi tam mövcuddur. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar (İXM, maddə 32, 33) müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu işdə inzibati tənbehin tətbiqi, digər iqtisadi subyektlərə valyuta tənzimi qaydalarına ciddi riayət etməyin zəruriliyi barədə aydın bir mesaj verəcək və gələcəkdə bu kimi hüquq pozuntularının qarşısının alınmasına xidmət edəcəkdir. Məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsi, ümumilikdə hüquq qaydasının möhkəmləndirilməsi üçün zəruridir. Məhkəmə yuxarıda göstərilən faktiki halların və hüquqi əsasların məcmusunu qiymətləndirərək, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 21500.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4300.00 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-3961/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3961/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver