Məhkəmə qərarları › İş №3(005)-3975/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3975/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3975/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 10 dekabr 2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 10 dekabr 2024-cü il tarixdə saat 16:00da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibbi fəaliyyəti (həkim stomatoloq-X5) aşkar edilmişdir. Bununla da Şəxs tərəfəndən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama 10 dekabr 2024-cü il tarixdə aparılmışdır. Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibbi fəaliyyəti (həkim stomatoloq-X5) aşkar edilmişdir. Ona görə də tərtib edilmiş protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs direktoru X7 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixdə qəbul edilmiş №14 saylı əmri ilə orada stomatoloq vəzifəsində işləmiş X1 şəhadətnaməsinin müddəti bitdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq 01 iyul 2024-cü ildən sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Şəxs tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixdə qəbul edilmiş №14 saylı əmri ilə orada stomatoloq vəzifəsində işləmiş onun sertifikasiya şəhadətnaməsinin müddəti bitdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq 01 iyul 2024-cü ildən sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Həmin müddətdən sonra o, praktik tibb fəaliyyəti ilə məşğul olmamışdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material üzrə inzibati işə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X13 şəxsin əməkdaşlarının və sahibkarın iştirakları ilə tərtib olunmuş “özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama” xx.xx.2024-cü il tarixli 707 saylı planda kənar yoxlama aktından görünür ki, 10 dekabr 2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, həkim stomatoloq-X5 növbəti sertifikasiya şəhadətnaməsindən keçməmişdir. Yoxlamanın ikinci sualı üzrə tibbi qeydiyyat sənədləri natamamdır. Yoxlamanın üçüncü sualı üzrə lisenziyadan kənar iş və fəaliyyət cərrahi stomatoloji (implant) aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, KY242260743 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, Şəxs barəsində sahibkarların plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X13 şəxsi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 09 dekabr 2024cü il tarixli, 3-28-1/3-2-1273/2024 nömrəli qərarla Şəxsndə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə №23 saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "Stomatoloq" vəzifəsində işləyən X6 ilə bağlanılmış 3MLL2BU000400 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilmişdir. İş materiallarında olan Şəxs tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixdə qəbul edilmiş №14 saylı əmri ilə orada stmatoloq vəzifəsində işləmiş X1 şəhadətnaməsinin müddəti bitdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq 01 iyul 2024-cü ildən sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materialları araşdırılarkən müəyyən olmuşdur ki, Şəxs tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixdə qəbul edilmiş №14 saylı əmri ilə orada stomatoloq vəzifəsində işləmiş X1 şəhadətnaməsinin müddəti bitdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq 01 iyul 2024-cü ildən sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Şəxs MMC-yə məxsus klinikada plandankənar (növbədənkənar) yoxlama 10 dekabr 2024-cü il tarixdə aparılmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz izahatında 01 iyul 2024-cü ildən sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırıldığını və heç bir praktik tibb fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. Yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 27 iyun 2024-cü il tarixdə qəbul edilmiş №14 saylı əmr nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 10 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar