Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-398/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs Çalışkan Tahsinin nümayəndəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi baş inspektor Nümayəndə iştirakları ilə, Şikayət vermiş şəxs Çalışkan Tahsinin nümayəndəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin MN ******* nömrəli, 09 yanvar 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs Çalışkan Tahsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin MN ******* nömrəli, 09 yanvar 2024cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Regional Miqrasiya Baş idarəsi 09 yanvar 2024-cü il tarixində Türkiyə Respublikasının vətəndaşı Çalışkan Tahsinin 05 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənəd olmadan yaşaması əsası ilə inzibati xəta haqqında MN №1774716 saylı 09 yanvar 2024-cü il tarixli protokol və MN №1450216 saylı 09 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1. maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin qərara görə Çalışkan Tahsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1. maddəsinə əsasən 400(dörd yüz) manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və Azərbaycan Respublikasına gəlmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.15-ci maddəsinə əsasən cərimə qanunla müəyyən edilmiş müddətə ödənilmədikdə cərimə məbləğinə dəbbə pulu hesablanması qərara alınmışdır. Həmin vaxt, yəni xx.xx.2024-cü il tarixində Çalışkan Tahsin tərəfindən 400 manat cərimə ödənilmişdir. Barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış fiziki şəxs ÇALİŞKAN TAHSİN ona tətbiq edilmiş cəzanın həddindən artıq sərt olduğundan tətbiq edilmiş inzibati cəza ilə razı deyildir və onun dəyişdirilməsi üçün müdafiəçisi vasitəsilə məhkəməyə müraciət etmişdir. Belə ki, ilk dəfə inzibati xəta törətmiş şəxsə həm əsas (cərimə) və həm də əlavə cəza (ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma) tətbiq edilməsi, ən əsası isə bu qərarı qəbul edərkən işin faktiki hallarını, həmin şəxsi səciyyələndirən xüsusiyyətlərin nəzərə alınmamsı belə əsassız qərarın çıxarılmasına səbəb olmuşdur. Barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış fiziki şəxs Çalışkan Tahsin 2006-cı ildən Azərbaycanda yaşayır, 2008-ci ildən isə müxtəlif şirkətlərdə çalışmış, hazırda xx.xx.2022-ci il tarixində Dövlət Qeydiyyatına alınmış, VÖEN ********** olan "xxxx"MMC-nin təsisçisi və direktorudur. (Dövlət qeydiyyatı haqqında sənəd əlavə edilir). Həmin müəssisədə hazırda Çalışkan Tahsinlə bərabər 7 nəfər Azərbaycan vətəndaşı da əmək müqaviləsi ilə işləyirlər, (əmək müqavilələri əlavə edilir). Bakı şəhəri Regional Miqrasiya Baş idarəsinin 09 yanvar 2024-cü il tarixində qəbul etdiyi mübahisələndirilən qərarı barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış fiziki şəxs ÇALİŞKAN TAHSİNlə bərabər, hər biri 400 manat əmək haqqı alan digər 6 nəfər Azərbaycan vətəndaşının da işsiz qalmasına və iş yerinin itirilməsinə səbəbdir. 2023-cü il üçün həmin şirkətə 8816 man 49 qəpik vergi borcu hesablanmış, bu şirkət tərəfindən isə ona hesablanmış vergi borcu artıqlaması ilə, yəni 9319 man 85 qəpik miqdarında ödənilmişdir. Digər tərəfdən barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış fiziki şəxs Çalışkan Tahsinin rəhbərlik etdiyi "xxxx"MMC digər hüquqi və fiziki şəxslərlə xidmət müqavilələri bağlayaraq onlara xidmət göstərir. X6 Azərbaycan Respublikasına girişi məhdudlaşdırıldığından həmin müqavilələr üzrə öhdəliklər də yerinə yetirilməmək təhlükəsi ilə üzləşmişdir ki, bunun da nəticəsi müqavilənin hər iki tərəfi üçün, əsas da sifarişçi tərəf üçün ağır maddı itkilərlə yekunlaşa bilər. Barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış fiziki şəxs ÇALİŞKAN TAHSİN 5oktyabr 2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müvafiq icazə almamasına əsas səbəb onun xəstəliyi ilə bağlı MedEra Hospital MMC-də müalicədə olması olmuşdur. MedEra Hospital MMC -nin 08 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən ÇALİŞKAN TAHSİN oktyabr 2023- xx.xx.2024 tarixləri aralığında periodik olaraq həkim terapevt Aqil Axundov tərəfindən nəzarət, müayinə və müalicə olunmuş, xx.xx.2024-cü ildə rentgen müayinəsi aparılmış, sağalma dövrü müşahidə olunmuşdur. Göründüyü kimi Bakı şəhəri Regional Miqrasiya Baş idarəsi tərəfindən həm protokol həm də inzibati tənbeh haqqında qərar xx.xx.2024-cü ildə qəbul edildiyi eyni gündə, eyni vaxtda olduğu üçün işin yuxarıda göstərilən faktiki halları aydınlaşdırılmamış, xarici vətəndaşa onun hüquqları başa salınmamış, tərcüməçi ilə təmin edilməmiş, onun vəsatət və izahat vermək hüququ təmin edilməmişdir. Protokolda onun şəxsə verilib verilməməsi haqqında heç bir qeyd yoxdur, əvəzində isə guya şəxsin şifahi izahatı olduğu və cəriməni ödəməkdən imtina etdiyi göstərilmişdir. Əslində isə 400 manat cərimə ödənilmişdir. Bu faktlar onu göstərir ki, protokol və qərar şəxsin iştirakı olmadan, onun hüquqları təmin edilmədən tərtib edilmişdir. Göründüyü kimi səlahiyyətli orqanın mübahisələndirilən qərarı qəbul etməsi onu göstərir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, tətbiq edilmiş tənbeh bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun deyil, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə baş vermişdir və ona görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi baş inspektor Nümayəndə məhkəmə iclasında verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, müvafiq araşdırma aparılmış və aşkar edilmiş pozuntu əsasında da Çalışkan Tahsinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 2023-cü ilin oktyabr ayından Çalışkan Tahsin Azərbaycan Respublikasında qanunsuz yaşamışdır. X9 ən aşağı həddə cərimə etmişlər. Odur ki, qərar qanuni və əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs Çalışkan Tahsinin nümayəndəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirmişdir ki, Çalışkan Tahsin barəsində tənbeh tədbirinin tətbiq edildiyi maddənin sanksiyasında həm əsas, həm də əlavə cəza nəzərdə tutulmuşdur.Çalışkan Tahsin tərəfindən 400 manat cərimə ödənilmişdir. Əlavə cəza kimi isə onun bir il müddətinə ölkədən çıxarılması nəzərdə tutulub. Onun çox sayda işçisi var. Heç bir təhlükəli fəaliyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 çıxış edərək bildirmişdir ki, şirkətinin işinin daha sistematik olmasına çalışırlar. Ən böyük lahiyələri 18.000 manat məbləğində qiymətləndirilmişdir. Hazırda “Araz Vadisi” adlı layihələri üzrə Şabran rayonunda iş gedir. Tahsin onların rəhbəridir. Göstərişlərini icra edirlər. Yanvar ayının sonundan onlar əmək haqqı ala bilmirlər. Şirkətin hesabında hazırda pul yoxdur. X2madan hesablarına pul köçürülmələrinə razı deyillər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 çıxış edərək bildirmişdir ki, o, şirkətdə təchizatçı işləyir. Funksiyaları materialların alqı-satqısını həyata keçirməkdir. Tahsinlə artıq yeddi ildir ki, işləyir. İndiyə qədər onun əmək haqqı gecikdirilməmişdir. Sonuncu dəfə dekabr ayında əmək haqqı almışdır. Ofisləri Ağ Şəhərdə yerləşir. 6 işçiləri var. Əmək haqqı 550 manat təşkil edir. Tahsin şirkətdə aparıcı qüvvədir. Müştərilərlə məhz özü danışaraq razılıq əldə edir. Onun göstərişləri olmadan ofisdə iş görə bilmirlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 çıxış edərək bildirmişdir ki, əmək haqqı 400 manatdır. O, prorab işləyir. Artıq iki ildir ki, Çalışkan Tahsinlə birgə işləyir. Sonuncu dəfə əmək haqqını 02 ay öncə almışdır. Tahsinin hazırda şirkətdə olmaması onların işlərini gecikdirir. Müştərilərdə narazılıq yaranır. O, müştərilərə cavab verə bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin MN ******* nömrəli, 09 yanvar 2024-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Çalışkan Tahsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə ölkə hüdudlarından kənara çıxarılmaqla 400 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi, şahidləri və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 575.1.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 21.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin MN ******* nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarına əsasən Çalışkan Tahsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə uyğun olaraq, 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, 1 il müddətinə Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur. Ölkə hüdudlarından kənara çıxarılma həmin maddədə imperativ qaydada nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində ölkə ərazisində yaşamış, bu müddət ərzində heç bir qayda pozuntusuna yol verməmişdir. Həmçinin 2022-ci ildə Azərbaycan Respublikasının ərazisində "xxxx" MMC-ni təsis etmişdir, MMC-də Azərbaycan Respublikasının 6 vətəndaşı çalışır, MMC ilə fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılaraq xidmətlər göstərilir və 2023-cü il ərzində MMC tərəfindən dövlət büdcəsinə 9319,85 manat vergi ödənilmişdir. Göründüyü kimi Çalışkan Tahsin uzun müddətdir ki, Azərbaycan Respublikasının ərazisində yaşamış və hazırda da Azərbaycan Respublikası ilə bağlılığı mövcuddur. Belə olan halda məhkəmə səlahiyyətli orqan tərəfindən Çalışkan Tahsinin ölkə hüdudlarından kənara çıxarılmasını və Azərbaycan Respublikasına gəlmək hüququnun 1 il müddətində məhdudlaşdırılmasını ədalətli hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin MN ******* nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarı Çalışkan Tahsin ölkə hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 1 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilməli və Çalışkan Tahsin ölkə hüdudlarından kənara çıxarılmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin MN ******* nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarı Çalışkan Tahsin ölkə hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 1 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilsin və Çalışkan Tahsin ölkə hüdudlarından kənara çıxarılmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-398/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-398/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver