Məhkəmə qərarları › İş №3(005)-398/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-398/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-398/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3 və 333- 1.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nərimanov Rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən İXM-nin 338.3 və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil izahat verərək bildirdi ki, Şəxs sərxoş vəziyyətdə olmadığı halda polis əməkdaşları onu saxlayıb barəsində protokol tərtib etmişlər. Daha sonra şəxs öz təşəbbüsü ilə ödənişli qaydada müayinədən keçmiş və qan analizində narkotik maddələr müəyyən olunmamışdır. Bununla bağlı rəyi məhkəməyə təqdim etmişdir. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ilkin rəy onun tərəfindən tərtib olunmuşdur. Əlavə olaraq qeyd etdi ki, şəxs sonradan sistem köçürdərək və ya digər dərman vasitələri qəbul edərək qanındakı narkotik maddəni təmizlədə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, şəxsdə əgər narkotik vasitədən istifadə nəticəsində sərxoşluq vəziyyəti yaranmış olsaydı, həmin narkotik maddə onun qanında 5-7 gün aralığında mövcud olmalıdır. Bu hal nəzərə alındıqda xx.xx.2025-ci il tarixli akta əsasən Şəxs narkotik maddə qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən oluna bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da X1 ilə eyniməzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 1/157 saylı rəydən görünür ki, həmin tarixdə Şəxs heroin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 1/407 saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs narkotik vasitədən istifadə nəticəsində yaranmış sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır. Referans Klinikasının analiz nəticələrindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs qan analizində narkotik maddələr aşkar olunmur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə - otuz manat məbləğində cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün həmin Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmalıdır. Lakin hazırki halda barəsində tərtib olunmuş narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 1/407 saylı aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitədən istifadə nəticəsində yaranmış sərxoşluğu vəziyyəti müəyyən olunmamış, eyni zamanda onun qan analizində narkotik maddə aşkar olunmamışdır. Belə olan halda, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyil, yəni həmin inzibati xəta tərkibinin yaranması üçün zəruri olan hal – şəxsin sərxoş vəziyyətdə olması iş üzrə tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/407 saylı, xx.xx.2025-ci il tarixli aktla təkzib olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə Şəxs İXM-in 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən Şəxs eyni zamanda İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək otuz manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda Şəxs xx.xx.2025-ci il tarixdə İXM-in 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni Şəxs xx.xx.2025-ci il tarixdə inzibati xətaları törətməsini müəyyən etmək mümkün deyildir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nərimanov Rayon DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 48-51, 114- 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nərimanov Rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar