Məhkəmə qərarları › İş №3(005)-4/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs “Özgün Yapı Sanayi və Ticaret A.Ş”-nın nümayəndəsi X15 və X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın filial müdiri Alim Şentürk tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın filial müdiri Alim Şentürk “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə barədə 10.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli Qərarı əsassızdır. Belə ki, şirkətin sabiq sürücüsü X4 işdən çıxarılması və əmək haqqının ala bilməməsi barədə ərizəsi ilə bağlı olaraq şirkətdən tələb etdiyi sənədlər 22.01.2020-ci il tarixli OZY/OG/20-017 saylı məktubla Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilmişdir. Həmin məktubdakı sənədlərə əsasən şikayətçi X4 əmək müqaviləsinə əsasən 01.08.2019-cu il tarixdən 01.11.2019-cu il tarixə kimi əmək müqaviləsi bağlandığı göstərilmişdir. O, işlədiyi müddətdə vaxtlı vaxtında əmək haqqı almışdır, lakin o, üzrsüz olaraq 22.10.2019-cu il tarixindən işə gəlməmişdir. İşə çıxması barədə 28.10.2019-cu il tarixli ona xəbərdarlıq məktubu göndərilmişdir. Bütün bunlara baxmayaraq, Seymur Əliyev işə gəlməmiş və işə gəlməməsi barədə iş yerinə məlumat verməmişdir. Bundan sonra filial tərəfindən Seymur Əliyev üzrsüz olaraq işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 31.10.2019-cu il tarixli 396 saylı əmr verilmişdir. Seymur Əliyevin əmək haqqı və istifadə etmədiyi məzuniyyətinə görə (altı gün üçün) axırıncı haqq hesab ödənilmişdir. Onun əmək haqları əmək haqqı kartına köçürülmüşdür və bu barədə bank məlumatları əlavə edilmişdir. Qeyd edilən sənədlər X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən obyektiv araşdırılmamış, qeyri obyektiv mövqe tutmuş və nəticədə qanunsuz olaraq Azərbaycan Respublikasının İXM-in 192.4-cü maddəsini əsasən Alim Şentürkün inzibati qaydada cərimə edilməsi barədə 10.02.2020-ci il tarixli MN ******* nömrəli Qərar qəbul etmişdir. Filialın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə hesab edirlər ki, inzibati tənbeh tədbiri haqqında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli MN ******* nömrəli Qərarı ləğv edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 3(005)- 1238/2020 nömrəli qərarından görünür ki, şikayətin təmin olunması, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 19.10.2020-ci il tarixli, 3(103)-1755/2020 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, iş üzrə “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətin təmin olunması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 3(005)-4/2021 nömrəli qərarından görünür ki, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nin filial müdiri Alim Şentürk tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli, 3(103)-675/2021 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətin təmin olunmaması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın nümayəndələri X6 və X9 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə ayrı-ayrılıqda çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın sabiq sürücüsü X11 işdən çıxarıldıqdan sonra əmək haqqını tam ala bilməmişdir, eyni zamanda ayda 160 saat işləməli olduğu halda avqust ayında 165 saat, sentyabr ayında 167 saat işləməsinə baxmayaraq artıq işlədiyi müddətin əmək haqqı ona verilmədiyindən, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair X8 Xidmətinin Bakı şəhər idarəsinin 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Qeyd edilən qərar qanunauyğun qəbul edildiyindən ləğv edilməsi barədə verilmiş şikayət əsassızdır və həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı 24.10.2019-cu il tarixli teleqramdan görünür ki, o, 2019-cu ilin avqust ayında “Özgün Yapı Sanayi və Ticaret A.Ş”da sürücü vəzifəsində işə qəbul olunmuşdur. İşlətdiyi maşın Fort markalı **-JT-*** nömrəli yük maşını olmuşdur. Oktyabr ayının 22-də səbəbsiz olaraq onu işdən çıxarmışlar. Bu halda isə o əmək haqını tələb etmişdir. Lakin idarənin rəhbəri yəni Sabit bəy pullarını verməkdən imtina etmişdir. Bu səbəblə də müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “Özgün Yapı Sanayi və Ticaret A.Ş” AR İXM-nin 192.4-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. “Özgün Yapı Sanayi və Ticaret A.Ş”-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə 22 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, 01.08.2019-cu il tarixindən yük maşını sürücüsü vəzifəsində çalışan X7 22.10.2019-cu il tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və bununla bağlı şirkətə heç bir məlumat verməmişdir. X7 üzərinə qoyulmuş əmək müqaviləsi üzrə öhdəlikləri kobud şəkildə pozaraq işə gəlməməsi ilə iş sahəsində işlərin ləngiməsinə səbəb olmuşdur. 28.10.2019-cu il tarixində işçinin ünvanına xəbərdarlıq məktubu göndərilmiş və göndərilən xəbərdarlıqdan sonra da heç bir məlumat daxil olmadığı üçün işçinin əməli üzrsüz səbəbdən işə çıxmama kimi qiymətləndirilərək işçi ilə “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinə xitam verilmişdir. 28.10.2019-cu il tarixli aktdan görünür ki, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın ARdakı filialının İR üzrə baş mütəxəssisi vəzifəsində işləyən Məmmədov Vüsal, İŞ üzrə X12, Baş sürücü Həsənov Sadiq akt tərtib edərək qeyd etmişlər ki, yük maşını sürücüsü vəzifəsində işləyən X11 22.10.2019-cu il tarixdən 28.10.2019-cu il tarixə kimi işdə olmamışdır. İşə çıxmama haqqında “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın İR üzrə baş mütəxəssisi Vüsal X1 ünvanlanmış 28.10.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, 22.10.2019-cu il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə çıxmadığını və bu barədə heç bir məlumat verilmədiyini, bu səbəblə də xəbərdarlığı aldığı gündən 3 iş günü ərzində işə çıxmasını, əks təqdirdə aralarında bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə S.Əliyev xəbərdarlıq edilmişdir. S.P.Əliyev ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 396 nömrəli 31.10.2019-cu il tarixli əmrdən görünür ki, 31.10.2019-cu il tarixindən, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi və S.P.Əliyevə 01.08.2019 - 31.10.2019-cu iş ilində istifadə etmədiyi əsas məzuniyyətə görə 6 təqvim günü üçün kompensasiya hesablanıb ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 01.08.2019-cu il tarixli məlumatdan görünür ki, Özgün Yapı Sanayi və Ticaret A.Ş ilə vətəndaş X11 arasında 01.08.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 31.10.2019-cu il tarixli məlumatdan görünür ki, Özgün Yapı Sanayi və Ticaret A.Ş ilə vətəndaş X11 arasında əmək müqaviləsinə xitam verilməsi barədə 31.10.2019-cu il tarixli əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə barədə 10.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X4 müraciətinə baxılması zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165 maddəsinin 1-ci bəndinin tələblərinin pozulması müəyyən edilmişdir. X14 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, şirkətlə X11 arasında əmək münasibətləri 01.08.2019-cu il tarixdə başlamış və 31.10.2019-cu il tarixdə xitam verilmiş və həmin tarixdən sonra həmin əmək münasibətləri artıq davam etməmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl Alim Şentürkün təqsirli bilindiyi inzibati xətaya dair bir daha münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 179-cu maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normadan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın filial müdiri Alim Şentürk barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. İş materiallarından göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 396 nömrəli 31.10.2019-cu il tarixli əmrlə 31.10.2019-cu il tarixindən, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən S.P.Əliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və 01.08.2019 - 31.10.2019-cu iş ilində istifadə etmədiyi əsas məzuniyyətə görə 6 təqvim günü üçün kompensasiya, habelə son haqq-hesab ödənilmişdir. Bu səbəbdən də hər hansı qanun pozuntusuna yol verilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nin filial müdiri Alim Şəntürkün əməlində inzibati xətanın tərkibi olmadığından, qeyd olunan şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsi istisna olunur. Bundan 2019-cu ilin “İş vaxtı norması” ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş 12 nömrəli, 25 dekabr 2018-ci il tarixli qərarda qeyd olunur ki, iş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, “Özgün Yapı Sanayi və Ticaret A.Ş”nın filial müdiri Alim Şentürk tərəfindən işəgötürən kimi işçi X4 əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən Dövlət Əmək Müfəttişliyi tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş 12 nömrəli, 25 dekabr 2018-ci il tarixli qərarın tələbləri nəzərə alınmamışdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla Alim Şentürk barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 10.02.2020-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də Alim Şentürk Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Alim Şentürk barəsində X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 10.02.2020-ci il tarixdə MN ******* nömrəli qəbul edilmiş qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 10.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin. Alim Şentürk barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar