Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-400/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş İQ 2 seriyalı ******* nömrəli, 21.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş İQ 2 seriyalı ******* nömrəli 21.01.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11.05.2021-ci il tarixdə onun barəsində YPX-nın əməkdaşı tərəfindən 60 AZN və 3 bal cərimə protokolu tərtib olunmuşdur. Bu protokolla razılaşmadığı üçün aidiyyəti orqanlara şikayət etmişdir. BŞDYPİ ona məlumat vermədən qərarı qüvvədə saxlamışdır. Qeyd edilən hadisə ilə bağlı kamera görüntüsü də var. Həmin görüntülərdə onun qayda pozmadığı açıq-aydın görünür. İQ 2 seriyalı ******* nömrəli 21.01.2022-ci il tarixli Qərarın ləğv edilərəək icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 yanvar 2022-ci il tarixli, İQ 2 seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3442/2021 saylı, 16.12.2021-ci il tarixli qərarından görünür ki, X3 şikayətinin qismən təmin olunması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair İQ ******* nömrəli, 02 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3442/2021 saylı, 16.12.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 02 dekabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış (iş üzrə şikayət vermiş şəxs dəvət edilməmiş, ehtimal olunan inzibati xətanın videogörüntüləri və digər sübutlar təqdim edilməmiş və s.), 02 dekabr 2021-ci il tarixli, İQ 2 ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli, İQ 2 seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli, İQ 2 seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-400/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-400/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver