Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-401/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində günorta vaxtı Nərimanov parkının kənarı ilə metronun girişinə tərəf gedərkən polis nəfəri onu saxlamışdır. Sənədlərini təqdim etməsini istəmiş, o da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra bildirmişdir ki, maska taxmadığına görə onu saxlamışlar və haqqında cərimə protokolu tərtib etməlidirlər. O da ona izah etmişdir ki, pandemiya ilə əlaqədar AR NK yanında OQ-ın müəyyənləşdirdiyi qaydalarda və digər qanunvericilik aktlarında və normalarında açıq havada gedərkən maska taxmaq məcburiyyəti yoxdur. Bundan sonra başqa bir vətəndaşı saxlayıb protokol yazan bir polis zabiti də onlara yaxınlaşmışdır. O ona da izah etmişdir ki, açıq havada maska taxmaq məcburiyyəti yaradan hər hansı qayda və ya qanun yoxdur. Lakin o da onunla razılaşmamış və demişdir ki, onlar maskasız küçədə açıq havada gəzməyi inzibati xəta hesab edirlər və buna görə İXM-in 211-ci maddəsi ilə cərimə yazırlar. O, bunun qanunsuz olduğunu bir daha bildirmişdir. Həmin polis mayoru barəsində protokol yazmağa başlamış və demişdir ki, qol çəkəcəksən. Lakin o, protokolda konkret nəyə görə cərimə tətbiq edildiyinin yazılmadığını görmüş və tələb etmişdir ki, konkret olaraq maska taxmadığına görə cərimə edildiyi yazılsın. O, isə bunu etməmiş və ona yarımçıq protokolun surətini vermişlər. Orada polis mayoru Anar Məmmədov yazılmışdı. O, da demişdir ki, “Burda sizin rəhbər kimdir, yəqin o bilər, gedək onun yanına” 20-25 metr kənardan yaxınlaşan polis polkovnikleytenantını göstərib demişdir ki, “rəisimiz odur, get danış.” O, da yaxınlaşmışdır, bu zaman polis mayoru Anar Məmmədov da onlara yaxınlaşmışdır. O, rəisə müraciətlə demişdir ki, maska taxmamağa görə cərimə yazılmamalıdır və bu protokolu rəsmiləşdirməsinlər. O, da demişdir ki, nəzərə alarlar və o, ordan uzaqlaşmışdır. Həmin gün eşitmişdir ki, çox adama bu qaydada cərimə yazıblar. Axşamüstü mətbuatdan oxumuşdur ki, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu barədə açıqlama verib ki, pandemiya ilə əlaqədar açıq havada maska taxmaq haqqında hər hansı məcburedici qanun və ya qayda yoxdur. Sadəcə polis vətəndaşa tövsiyə edə bilər. 2021-ci ilin 28 yanvar tarixinə qədər ona qarşı hər hansı bir iddia irəli sürülüb, yəni cərimə haqqında qərar qəbul edilməyindən xəbəri olmayıb. AR ƏN-nin İmişli Rayon İcra və Probasiya Şöbəsindən gələn məktub xx xxxxxx 2020-ci il tarixində daimi yaşayış ünvanına çatdırılıb və Bakıya ona göndərilib. Tanış olduğu zaman ona məlum olmuşdur ki, həmin yarımçıq protokol rəsmiləşdirilib və ona əsaslanaraq Bakı şəhəri polis İdarəsinin 18-ci polis Şöbəsinin rəhbəri polis mayoru Anar Məmmədov tərəfindən yenə də cərimə olunmasının əsası göstərilmədən cərimə haqında qərar qəbul edilmişdir. Lakin bu qərar ona daimi yaşayış ünvanına göndərilməmişdir. 3 ay yarım sonra xx.xx.2020-ci il tarixində həmin polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Bayram Alıyev tərəfindən qərardad qəbul edilərək iş baxılmaq üçün aidiyyəti üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir ki, bu da anlaşılmır. Ona görə ki, inzibati tənbeh tətbiq etmə qərarı qəbul etmək polis rəisinin özünün səlahiyyətinə aiddir, İcra və Probasiya Şöbəsinin yox. İmişli Rayon İcra və Probasiya Şöbəsinin 1-ci dərəcəli ədliyyə qulluqçusu İlqar Quliyev tərəfindən icraata başlamaq barədə xx.xx.2021-ci il tarixində qərar qəbul etmiş və poçtla onun daimi yaşayış ünvanına göndərmişdir. Nəticədə onun İXM-in 61.1-ci maddəsində sadalanan hüquqları pozulmuş, onun xəbəri və iştirakı olmadan barəsində tənbeh qərarı çıxarılmışdır. Digər tərəfdən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işə baxılması mərhələlərində İXM-in 109.1.2-ci və 112-ci maddələrində nəzərdə tutulmuş qaydada işin baxılmasında iştirak etmək üçün rəsmi qaydada çağırılmalı olduğu halda ona bu haqda ona bildiriş göndərilməmiş, nəticədə iştirakı olmadan barəsində qərar qəbul edilmişdir. Protokolda və qərarda inzibati xətanın nədə ifadə olunduğu, yəni mahiyyəti göstərilməmiş, yalnız İXM-in 211-ci maddəsinə əsasən cərimə tətbiqi yazılmışdır. Hətta həmin pozuntunun maska taxmama olması göstərilsəydi belə, bu hərəkətsizliyin İXM-in 211-ci maddəsində təsbit edilmiş xətanın tərkibini yaratmadığı dəqiqdir. Ona görə ki, həmin vaxt açıq havada maska taxma tələbi müəyyən edilməmişdir. Polis rəisinin qərarı ona vaxtında rəsmi təqdim edilmədiyinə görə onun İXM-in 128-ci maddəsində həmin qərardan şikayət vermək hüququ pozulmuşdur. Həmin qərar o istədikdən sonra İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci ildə mənim telefonuna göndərilmişdir. Həmin qərarla o, yalnız xx xxxxxx 2021-ci ildə tanış olmuşdur. İXM-in 130-cu maddəsinə əsasən qərann surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Nərimanov rayon polis İdarəsinin 18-ci polis Şöbəsinin rəisi polis mayoru Anar Məmmədovun barəsində inzibati cərimə tətbiq olunması haqqında xx.xx.2020-ci il tarixli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə Nərimanov parkının qarşısında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək 100 manat məbləğində cərimə edilmiş, onun barəsində xx.xx.2020-ci il tarixli İXP № ******* saylı protokol tərtib edilmişdir. Lakin protokol X4 tərəfindən imzalanmamışdır. Həmin protokol əsasında eyni tarixdə, yəni xx.xx.2020-ci il tarixdə X2 iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli protokoldan isə görünür ki, qeyd olunan protokol yalnız onu tərtib etmiş şəxs tərəfindən imzalanmış, iş üzrə barəsində icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşıb-razılaşmaması öz əksini tapmamışdır. Bundan əlavə qərarda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, şəxsin hansı əməlinin İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmiş, yalnız vətəndaş Sərdar Mahmudov tərəfindən karantin rejimi qaydalarının pozulduğu göstərilmişdir. Həmçinin qərarda sadəcə İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinin yalnız nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər) müəyyən edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Hazırki iş üzrə isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4 həm çıxışında, həm də ki, şkayət ərizəsində barəsində protokol tərtib edilmənin əsası kimi sonuncunun qoruyucu tibbi maska taxmaması səbəbindən baş verdiyini qeyd etmişdir. Tərtib edilmiş protokolda isə şəxsin hansı əməlinin inzibati məsuliyyətinə cəlb edilməsinə əsas yaratdığına, başqa sözlə desək 211-ci maddəsinin tərkibini yaratan əməlin tövsifi göstərilməmişdir. Çünki, vətəndaşların koronovirus inkefsiyasının qarşısının alınması istiqamətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi xx.xx.2020-ci il tarixdən etibarən məcburi xarakter daşımışdır. Hazırda mübahisləndirilən iş üzrə xəta isə xx.xx.2020-ci il tarixdə törədilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın mahiyyəti açıqlanmamış, iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən (köhnə redaksiyada) epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmin əmələ görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, S. Mahmudov barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 211-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-401/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-401/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver