Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4012/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 və X1 iştirakları ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs Şəxs tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 9413,24 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC boru istehsalı ilə məşğul olmaqla yanaşı, eyni zamanda xarici ölkəyə kənd təsərrüfatı məhsulları ixracı ilə məşğuldur. Gömrük Xidmətinin protokolda qeyd etdiyi qaytarılmamış vəsait, Şəxs MMC ilə JSC “Grand Trade” şirkəti arasında bağlanılmış bonus müqaviləsi ilə bağlı tərəflər arasında əvəzləşdirilmiş pul məbləğidir. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə 5 nömrəli əlavədən görünür ki, satıcı tərəfindən alıcıya 5 faiz məbləğində mükafat məbləği ödənilməlidir. Həmin mükafatın sonradan ayrıca şəkildə köçürülməsi mümkün olmadığından, tərəflər aralarında bu formada razılığa gəlinmişdir. Belə ki, xarici pul köçürmələrinin təyinatı müvafiq əsasa istinad etməli olduğundan, həmin variantdan başqa bir çıxış yolları qalmamış, mükafat ödənişi bu yol ilə əvəzləşdirilmişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə 5 nömrəli əlavədən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il aralığında alınmış mallar ilə bağlı 12228.50 manat, xx.xx.2024xx.xx.2024-cü il aralığında alınmış mallara görə 3774.00 manat məbləğində bonus ödənilməli olmuşdur ki, həmin vəsaitlərin də cəmi protokolda qeyd olunmuş 16002.50 manat məbləğə tam uyğun gəlir. Qeyd olunanları nəzərə alaraq, əməllərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, hüquqi şəxs Şəxs tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 9413,24 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə 5 nömrəli əlavədən görünür ki, xx.xx.2024xx.xx.2024-cü il aralığında alınmış mallar ilə bağlı 12228.50 manat, xx.xx.2024-xx.xx.2024-cü il aralığında alınmış mallara görə 3774.00 manat məbləğində mükafat ödənilməsi tərəflər arasında müqavilə bağlanılmışdır. Hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək aşağıdakı hüquqi nəticələrə gəlir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol formal cəhətdən İXM-nin 483-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməlin əlamətlərini ehtiva edir. Belə ki, xarici iqtisadi fəaliyyət nəticəsində ixrac edilmiş mallar müqabilində əldə edilməli olan valyuta vəsaitinin bir hissəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvəkkil bank hesabına qaytarılmaması faktı özlüyündə xətanın obyektiv cəhətinin mövcudluğuna dəlalət edir. Lakin inzibati məsuliyyətin yaranması üçün yalnız əməlin formal olaraq qanun pozuntusu olması kifayət deyildir. İXM-nin 3-cü maddəsində təsbit edilmiş inzibati məsuliyyətin fundamental əsasına görə, şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun əməlində təqsirin, yəni xətanın subyektiv cəhətinin olması mütləq şərtdir. Bu prinsip, həmçinin İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası və ondan irəli gələn in dubio pro reo (bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir) prinsipi ilə ayrılmaz vəhdət təşkil edir. Məhz bu kontekstdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 430.4-cü maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqe xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Qərarında və bu mövqeyi bir daha təsdiq edən 17 may 2021-ci il tarixli Qərarında birmənalı olaraq göstərilmişdir ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən, inzibati xətanı törədən şəxsin təqsirini İXM-nin tələblərinə uyğun olaraq müəyyən etməlidirlər. Bu, o deməkdir ki, məhkəmə formal pozuntu faktı ilə kifayətlənməməli, bu pozuntunun arxasında duran səbəbləri, şəxsin niyyətini və iradəsindən asılı olmayan halları araşdırmalıdır. İş materiallarında olan və Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sübutlar – xx.xx.2024-cü il tarixli müqaviləyə 5 nömrəli Əlavə, həmin əlavəyə uyğun olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli "X5" və xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli "əvəzləşdirmə bildirişləri" məhkəmə tərəfindən İXM-nin 76-cı və 84-cü maddələri qaydasında qiymətləndirilir. Bu sənədlər məcmu olaraq sübut edir ki, qaytarılmayan 9413,24 ABŞ dolları (16002,50 manat) məbləğində vəsait, tərəflər arasında bağlanmış mülki-hüquqi müqavilə çərçivəsində əvvəlcədən razılaşdırılmış kommersiya şərtlərindən irəli gələn bonus məbləğinin qarşılıqlı hesablaşma (əvəzləşdirmə) yolu ilə tutulması nəticəsində yaranmışdır. Bu, valyuta vəsaitini gizlətmək və ya qanunsuz olaraq xaricdə saxlamaq niyyəti daşıyan bir əməl deyil, beynəlxalq ticarət təcrübəsində geniş yayılmış, mülki qanunvericiliklə qadağan olunmayan bir əməliyyatdır. Hüquqi şəxsin qanuni kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi və şəffaf şəkildə sənədləşdirdiyi qarşılıqlı hesablaşmaya görə cəzalandırılması, valyuta tənzimi qanunvericiliyinin məqsədlərinə (qanunsuz kapital axınının qarşısının alınması) xidmət etməyən, həddindən artıq formalist və mütənasib olmayan bir müdaxilə olardı. Bu yanaşma apellyasiya məhkəməsi təcrübəsində də öz təsdiqini tapmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin məhz "MET-AK” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində analoji iş üzrə qəbul etdiyi 29 mart 2024-cü il tarixli, 3(103)-586/2024 saylı Qərarında birinci instansiya məhkəməsinin icraata xitam vermə barədə qərarı qüvvədə saxlanılmışdır. Həmin qərarda apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, valyuta vəsaitinin qaytarılmaması tərəflər arasında bağlanmış müqavilə münasibətləri çərçivəsində, razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında (bonus müqaviləsi üzrə əvəzləşdirmə) həyata keçirilibsə, bu hal Şəxs MMC-nin İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi qənaətinə gəlmək üçün əsasdır. Hazırkı işin materiallarının tədqiqi də göstərir ki, Şəxs MMC ilə xarici tərəfdaşı olan JSC “Grand Trade” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5 nömrəli Əlavəsi və həmin əlavəyə uyğun olaraq tərtib edilmiş müvafiq tarixli sənədlər qaytarılmayan 9413,24 ABŞ dolları məbləğində vəsaitin, tərəflərin azad iradəsi ilə həyata keçirilən və mülki qanunvericiliklə qadağan olunmayan bonus öhdəliyinin qarşılıqlı əvəzləşmə yolu ilə icrası olduğunu təkzibolunmaz şəkildə sübut edir. Bu sənədlər valyuta vəsaitini gizlətmək və ya qanunsuz olaraq xaricdə saxlamaq niyyətini deyil, əksinə, şəffaf kommersiya münasibətlərini və tərəflərin Mülki Məcəllə ilə təsbit olunmuş öhdəliklərin icrası prinsipini rəhbər tutduğunu göstərir. İnzibati xəta haqqında protokolda göstərilən məbləğin tam həcmdə ölkəyə gətirilib, daha sonra eyni müqaviləyə əsasən bonus adı ilə bir hissəsinin yenidən xaricə köçürülməsinin tələb edilməsi, hüquqi formalizmə səbəb olardı ki, bu da hüququn tətbiqinin mahiyyətinə ziddir. Beləliklə, məhkəmə müəyyən edir ki, Şəxs MMC tərəfindən valyuta vəsaitinin bir hissəsinin qaytarılmaması, valyuta nəzarəti qaydalarından yayınmaq məqsədi daşımamış, tərəflərin azad iradəsi əsasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmuşdur. Bu səbəbdən, hüquqi şəxsin əməlində İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın subyektiv cəhəti, yəni təqsir elementi mövcud deyildir. İnzibati xətanın tərkib elementlərindən birinin olmaması isə bütövlükdə inzibati xəta tərkibinin olmadığını sübut edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-55, 105, 114- 118,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4012/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4012/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver