Məhkəmə qərarları › İş №3(005)-4022/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4022/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4022/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxmağa hazırlıq zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi» barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki vətəndaş X2 xx.xx.2025-ci il tarixdə xəsarəti nəticələnən bədbəxt hadisənin təhqiqatı zamanı «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi»nin 75773/2025 nömrəli, 15.08.025-ci il tarixli məktubda qeyd edilən sənədlərin DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Təqdim edilən məktubda 37411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli zəruri olan sənədlər tam şəkildə təqdim edilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 539.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 25 avqust 2025-ci il tarixli məktubdan görünür ki, “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə” hadisə ilə bağlı müvafiq sənədlərin surətlərinin təqdim edilməsi ilə bağlı məktub ünvanlanmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi” tərəfindən sənədlərin bir qismi təqdim edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq və təqdim olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi» barəsində başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xətanın subyektinin hüquqi təbiəti: İnzibati məsuliyyətin yaranması üçün zəruri olan dörd ünsürdən (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) ibarət inzibati xəta tərkibinin mövcudluğu imperativ tələbdir. Bu elementlərdən hər hansı birinin olmaması, inzibati xəta tərkibinin yoxluğu deməkdir və bu, inzibati məsuliyyəti istisna edən qeyd-şərtsiz haldır. Hazırkı işdə mübahisə predmeti inzibati xətanın subyektinin düzgün müəyyən edilib-edilməməsi məsələsidir. Əmək Müfəttişliyi tərəfindən protokol bilavasitə «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi» barəsində tərtib edilmişdir. X3 Xidməti Agentliyə hüquqi şəxs kimi yanaşaraq onu məsuliyyətə cəlb etməyə çalışmışdır. Lakin məhkəmə hesab edir ki, bu yanaşma həm Agentliyin hüquqi statusunun, həm də İXM-nin 539.3-cü maddəsinin məqsəd və məzmununun yanlış təfsirindən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndinə əsasən, Agentlik Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirak edən və dövlət nəzarətini həyata keçirən bir qurumdur. Bu, onun müstəqil hüquqi şəxs, o cümlədən publik hüquqi şəxs deyil, mərkəzi icra hakimiyyəti orqanının funksional tərkib hissəsi, yəni bir dövlət orqanı olduğunu təsdiq edir. Agentliyin VÖEN-ə (X1 Nömrəsinə) malik olması ona avtomatik olaraq İXM-nin 539.3-cü maddəsinin məqsədləri üçün məsuliyyətə cəlb edilə bilən "hüquqi şəxs" statusu vermir. VÖEN, qurumun maliyyətəsərrüfat fəaliyyətinin uçotu, büdcə vəsaitlərinin hərəkəti və digər fiskal məqsədlər üçün zəruri olan texniki-uçot rekvizitidir və onun inzibati-hüquqi məsuliyyət subyektliyini müəyyən etmir. Bu mövqenin doğruluğunu təsdiq edən ən tutarlı arqumentlərdən biri də, məhz protokol tərtib etmiş orqanın özünün hüquqi statusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti də (VÖEN: **********) vergi orqanlarında “dövlət idarəetmə orqanı” kimi qeydiyyatdadır və nizamnamə kapitalı 0 (sıfır) manatdır. Bu, hər iki qurumun hüquqi təbiətinin eyniyyət təşkil etdiyini göstərir. Əgər protokol tərtib edən orqanın məntiqi ilə yanaşsaq, o zaman belə bir absurd nəticə ortaya çıxır ki, X3 Xidmətinin özü də hər hansı bir məlumatı vaxtında təqdim etmədikdə, başqa bir nəzarət orqanı tərəfindən “hüquqi şəxs” kimi cərimələnə bilər. Bu, dövlət idarəetməsinin mahiyyətinə və inzibati məsuliyyətin məqsədlərinə zidd olan bir hüquqi yanaşmadır. Beləliklə, məhkəmə birmənalı olaraq müəyyən edir ki, inzibati xəta haqqında protokol, İXM-nin 539.3-cü maddəsinin subyekti olmayan bir qurum barəsində tərtib edilmişdir. Bu isə, barəsində icraat aparılan Agentliyin əməlində inzibati xəta tərkibinin mövcud olmadığını sübut edir. Bu isə, İXM-nin 53.1.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün təkzibedilməz hüquqi əsasdır. İXM-nin 539.3-cü maddəsinin dispozisiya və sanksiyasının təhlili: Qanunverici İXM-nin 539.3-cü maddəsində "vəzifəli şəxs" və "hüquqi şəxs" anlayışlarını aydın şəkildə fərqləndirmişdir. Sənədlərin təqdim edilməməsi kimi hərəkətsizlik, abstrakt bir orqanın deyil, həmin orqan daxilində bu vəzifənin icrasına birbaşa cavabdeh olan konkret vəzifəli şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlıqdan) nəticəsində baş verir. Dövlət orqanının inzibati məsuliyyəti, onun funksiyalarını daşıyan vəzifəli şəxsin məsuliyyəti vasitəsilə reallaşdırılmalıdır. İnzibati tənbehin məhz vəzifəli şəxsə yönəldilməsi, həm məsuliyyətin fərdiləşdirilməsi prinsipini təmin edir, həm də gələcəkdə bu cür pozuntuların qarşısının alınması üçün real çəkindirici təsir göstərir. İXM-nin 539.3-cü maddəsi, nəzarət orqanının qanuni tələbi ilə zəruri məlumatların təqdim edilməməsi kimi hərəkətsizlikdən ibarət olan inzibati xətaya görə məsuliyyəti müəyyən edir. Maddənin sanksiyası iki fərqli subyekt üçün iki fərqli məsuliyyət həddi nəzərdə tutur: Vəzifəli şəxslər üçün min manatdan min beş yüz manatadək cərimə; Hüquqi şəxslər üçün iki min manatdan iki min beş yüz manatadək cərimə. Qanunvericinin bu cür fərqləndirmə aparması təsadüfi deyil və inzibati məsuliyyətin fərdiləşdirilməsi prinsipindən irəli gəlir. Hər hansı bir sənədin və ya məlumatın təqdim edilməməsi, fiziki olaraq bir qurumun deyil, həmin qurumda müvafiq vəzifəni icra edən və bu hərəkəti etməyə borclu olan vəzifəli şəxsin hərəkətsizliyi (təqsiri) nəticəsində baş verir. Dövlət orqanının inzibati məsuliyyəti də məhz onun adından çıxış etməyə səlahiyyətli olan vəzifəli şəxsin məsuliyyəti vasitəsilə reallaşdırılır. İXM-nin 539.3-cü maddəsindəki "hüquqi şəxslər" termini, bu normanın məqsədi baxımından təhlil edildikdə, ilk növbədə kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri əhatə edir. Çünki inzibati cərimənin tətbiqində məqsəd təkcə cəzalandırmaq deyil, həm də gələcəkdə bu cür pozuntuların qarşısını almaq üçün təsirli bir çəkindirmə vasitəsi (praeventio generalis et specialis) yaratmaqdır. Dövlət büdcəsindən maliyyələşən bir dövlət orqanının cərimələnməsi, faktiki olaraq, dövlət vəsaitinin bir hesabdan digərinə köçürülməsi olardı ki, bu da hər hansı çəkindirici və ya tərbiyəvi əhəmiyyət daşımır və formalizmə xidmət edir. Məsuliyyətin birbaşa pozuntuya yol vermiş vəzifəli şəxsə yönəldilməsi isə həm ədalətlidir, həm də inzibati tənbehin məqsədlərinə tam cavab verir. Məhkəmə müəyyən edir ki, X3 Xidməti inzibati xəta haqqında protokolu İXM-nin 539.3-cü maddəsinin subyekti olmayan bir qurum – dövlət orqanı barəsində tərtib etmişdir. İnzibati xətanın subyekti düzgün müəyyən edilmədiyindən, barəsində icraat aparılan Agentliyin əməlində bu inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmçinin, həmin Məcəllənin 105.1-ci maddəsinə görə, 53-cü maddədə nəzərdə tutulmuş hallar mövcud olduqda, hakim işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qəti şəkildə hesab edir ki, «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi» barəsində başlanmış inzibati icraat hüquqi əsasa malik deyil və ona xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar