Məhkəmə qərarları › İş №3(005)-4024/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4024/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4024/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ə.Hüseynov küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Orxan Qurbanov “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 18 dekabr 2024-cü il tarixdən saat 03:30-da inzibati xəta törətmiş şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılan zaman Şəxs qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bununla da, İXM-in 63.6-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, səlahiyyətli orqan tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verməli olsa da, inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün zəruri tədbirlər görməmişdir. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in: 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. İXM-in: 91.0. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür: 91.0.1. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək; 91.0.2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; 91.0.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; 91.0.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək; 91.0.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq; 91.0.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 91.0.7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. İXM-in: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edildiyi kimi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılan zaman Şəxs qanuni nümayəndəsinin iştirakı təmin edilmədiyindən, protokol natamam şəkildə tərtib edilmişdir ki, göstərilən nöqsanların işə baxılması zamanı aradan qaldırılması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar