Məhkəmə qərarları › İş №3(005)-4027/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4027/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4027/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2025-ci ilin fevral ayı ərzində 4 gömrük bəyannaməsi üzrə 114700,00 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müvəkkil bankda olan hesaba köçürülməmişdir. Belə ki, hüquqi şəxs Şəxs tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2025-ci il tarixli **********3812 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 4195,65 ABŞ dolları (7132,61 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Ona görə də, Şəxs tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edir. Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş EP № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixli **********3812 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 4195,65 ABŞ dolları (7132,61 manat) məbləğində vəsaitin Şəxs MMCnin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyi qeyd edilmişdir. Lakin bildirir ki, Şəxs MMC ilə "xxxx" ASC (Rusiya Federasiyası) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 5 nömrəli Əlavəsinə (Bonus hesablanması haqqında) əsasən, “Alış-verişin məbləği 1000 AZN-a çatdıqda Satıcı bonusu Alıcıya ödəməlidir. Bonus hesabat dövrü üçün mal dövriyyəsinin 5 %-ni təşkil edir.” Belə ki, mübahisə edilən (guya inzibati xəta hesab olunan) 7132,61 AZN məbləğin müqaviləyə əsasən, 5947,75 AZN hissəsi bonus formasında, 1184,85 AZN hissəsi isə malların yararsız vəziyyətdə olması səbəbilə həmin məbləğlə əvəzləşdirilmə edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürülməməsi müqavilə münasibətləri çərçivəsində, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında, tərəflər arasında bağlanılmış müqavilələrdən asılı olaraq baş vermişdir. Əvvəllər də hazırkı işin faktiki halları ilə eyni olan digər inzibati xəta haqqında iş üzrə icraata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq xx.xx.2024-cü il tarixli qərarla icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Bu barədə yuxarı instansiya məhkəməsinin mövcud təcrübəsi olmasına və əvvəlki işdə də inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərtib etməsinə, apelyasiya şikayətini həmin orqanın verməsinə, hüquqi şəxs tərəfindən mövcud təcrübənin səlahiyyətli orqana bildirilməsinə baxmayaraq gömrük idarəsi tərəfindən hazırda da eyni hal üzrə protokol tərtib edilmişdir. Məhkəmələrin həmin qərarlarını və müvafiq sənədləri təqdim etməklə MMC-nin barəsində aparılan inzibati iş icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2025-ci il tarixli **********3812 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 4195,65 ABŞ dolları (7132,61 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2025-ci il tarixli **********3812 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin mügabilində gaytarılmalı olan 4195,65 ABŞ dolları (7132,61 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-33-1700/2- 002769/2025 nömrəli bildirişdən görünür ki, xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi tələb olunmuşdur. "xxxx" MMC ilə "xxxx" ASC (Rusiya Federasiyası) arasında bağlanmış xx.xx.2024-cü il tarixli GT/844/24 nömrəli alqı-satqı müqaviləsinin 5 nömrəli Əlavəsindən görünür ki, müqavilənin şərtlərinə əsasən alış-verişin məbləği 1000 AZN-a çatdıqda Satıcı bonusu Alıcıya ödəməlidir. Bonus hesabat dövrü üçün mal dövriyyəsinin 5 %-ni təşkil edir. xx.xx.2025-ci il tarixli GU24-00001181 nömrəli bonus ödənişinə dair aktdan görünür ki, satıcı "xxxx" MMC və alıcı "xxxx" ASC tərəfindən tərtib edilmiş akta əsasən GT/844/24 nömrəli Müqaviləyə Əlavə 5-ə əsasən alıcı müəyyən həcmdə alış həyata keçirdiyi halda satıcı tərəfindən hər ay bonus ödənişi almaq hüququna malikdir. Bonus məbləği hesabat dövrü ərzində təqdim edilmiş malların ümumi məbləğinin 5 %-i olaraq hesablanır. xx.xx.2025-xx.xx.2025 tarixləri arasında alış həcmi 118955,00 AZN təşkil etmişdir. Hesablanmış bonus məbləği ƏDV-siz 5947,75 AZN təşkil edir. "xxxx" ASC-dən "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli GU25- 002912 nömrəli əvəzləşdirmə haqqında bildirişin məzmunundan görünür ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq "xxxx" ASC xx.xx.2024cü il tarixli GT/844/24 nömrəli Müqaviləyə əsasən xx.xx.2025-xx.xx.2025 dövrü üzrə bonus ödənişi Aktında göstərilən 5947,75 AZN məbləğindəki borcu Müqaviləyə əsasən (xx.xx.2025-ci il tarixli GT-670286 nömrəli sifariş və xx.xx.2025-ci il tarixli 1 nömrəli hesabfaktura) təqdim olunmuş malların ödənişi ilə əvəzləşdirmişdir. "xxxx" ASC-dən "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli GT-25- 003691 nömrəli bildirişin məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixli GT/844/24 nömrəli Müqaviləyə və 31 nömrəli Hesab-fakturaya əsasən "xxxx" ASC tərəfindən alma məhsulunun bir partiyası qəbul edilmişdir. Keyfiyyət və kəmiyyət yoxlaması zamanı məhsulda zədələnmə və çəkidə çatışmazlıq aşkar edilmişdir. Ona görə də zərərin ödənilməsi məqsədlə, zərərin əvəzi olan 1184,85 AZN məbləğ Müqavilənin 12-ci bəndində göstərilmiş bank rekvizitlərinə əsasən Alıcının hesabına köçürülməlidir. Əgər ödəniş həyata keçirilməzsə, bu məbləğ Alıcı tərəfindən malların ödənişi zamanı əvəzləşdiriləcəkdir. "xxxx" ASC-dən "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli GU25- 002907 nömrəli əvəzləşdirmə haqqında bildirişin məzmunundan görünür ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq "xxxx" ASC xx.xx.2024cü il tarixli GT/844/24 nömrəli Müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli GT-25-003691 nömrəli tələbdə göstərilən 1184,85 AZN məbləğindəki borcu eyni müqavilə çərçivəsində təqdim olunmuş malların ödənişi ilə əvəzləşdirmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxsndə əməlində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərədə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmədə verdiyi izahatı və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, Şəxs MMC ilə Rusiya Federasiyasında hüquqi qeydiyyatdan keçmiş "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC Şəxs MMC-yə alış-verişin məbləği 1000 AZN-a çatdıqda bonus ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokolda qeyd olunan 4195,65 ABŞ dolları (7132,61 manat) pulun 5947,75 manat hissəsi müqavilədə göstərilən bonus məbləğini təşkil edir. Bundan başqa, Şəxs MMC tərəfindən ixrac olunmuş malın dəyərinin ödənilməmiş 1184,85 manat hissəsinin geri qaytarılmamasının səbəbi isə Satıcı şirkət ("xxxx" MMC) tərəfindən göndərilən məhsulda zədələnmə və çəkidə çatışmazlığın aşkar edilməsi olmuşdur. Ona görə də ümumilikdə 7132,60 manat təşkil edən yuxarıda qeyd olunan 5947,75 manat bonus ödənişi və məhsulun zədələnmə və çəkidə çatışmazlığına görə zərərin əvəzi olan 1184,85 manat ödəniş digər malların ödənişi ilə əvəzləşdirilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolda qeyd olunan 4195,65 ABŞ dolları (7132,61 manat) məbləğində vəsaitin Şəxs MMC-nin Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürülməməsi müqavilə münasibətləri çərçivəsində, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında həyata keçirilməmişdir. Məhkəmə bu halın tərəflər arasında bağlanılmış müqavilədən asılı olaraq baş verməsini, məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiqlənməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar