Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4041/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.10-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti 2036 məhəllə ünvanında xx.xx.2025-ci il tarixdə sosial şəbəkələrdə hərbi möhlət hüququnun verilməsinə dair yayımlanmış reklamlarda dövlət və milli mənəvi dəyərlər əleyhinə yönələn çağırışlar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 protokolla eyni məzmunlu izahat verərək bildirdi ki Şəxs MMC tərəfindən sosial şəbəkədə paylaşılan reklamlarda hərbi xidmətə möhlət verilməsi ilə bağlı çağırışda istehlakçıları çaşdıran məlumat verilmişdir. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış, oxşar məzmunlu reklamlar paylaşmış hüquqi şəxslərə sözügedən reklamların silinməsi ilə bağlı tələblər ünvanlanmışdır. Şəxs MMC-dən başqa digərləri reklamları silmişlər. Belə ki, “İnstagram” sosial şəbəkə platformasında paylaşılmış videodan görünür ki, Şəxs reklamında “hərbi xidmətdən möhlət hüququ verilir” məzmununda ifadələri reklamında istifadə etmiş, bununla istehlakçıda çaşqınlıq yaratmışdır. Qeyd olunan məzmunda reklam vətəndaşları hərbi xidmətdən uzaqlaşdıraraq, onlarda təhsil almaq istəyi yaratmaqla, yekunda vətənpərvərlik hisslərinin yox olmasına, Konstitusiya ilə nəzərdə tutulmuş vəzifələrinin icrasından yayınmalarına səbəb olur. Bununla da, milli və mənəvi dəyərlərə zərər vurulur. Sözügedən reklamdan sanki bu hüququn şirkət tərəfindən verilməsi görünür. Bu səbəbdən onların tənbeh olunması zəruridir. Sonda inzibati xəta törətmiş Şəxs MMC-nin barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq, müvafiq təhsil pilləsinə qəbul almış bütün vətəndaşlara qanuna uyğun formada SHÇDX-nin yerli rayon şöbələri tərəfindən möhlət hüququ verildiyini təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək bildirmişdir ki, müəssisə təhsil sahəsində xidmət göstərir, onlar tərəfindən qəbula dair sosial şəbəkələrdə paylaşılan reklamlarda maarifləndirici xarakter daşıyan məlumatlar yer almışdır. Sözügedən reklamlarda heç vaxt hərbi xidmətdən möhlət hüququnun şirkət tərəfindən verilməsi qeyd edilməmiş, sadəcə qəbul alınacağı halda qanunamüvafiq olaraq möhlət hüququ verildiyi əks etdirilmiş, bir növ hüquqları xatırladılmışdır. Bu da qanunvericiliyin tələbinə uyğun olaraq imperativ norma olaraq göstərilmişdir.Hərbi xidmət keçmə vətəndaşın vəzifəsi olsa da, təhsil almaq da onların hüquqlarıdır və gənclərin təhsil almasında dövlətin özünün marağı vardır. Sonda məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2036 məhəllə ünvanında xx.xx.2025-ci il tarixdə sosial şəbəkələrdə hərbi möhlət hüququnun verilməsinə dair yayımlanmış reklamlarda dövlət və milli mənəvi dəyərlər əleyhinə yönələn çağırışlar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra - Agentlik) daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılır. Müraciətin araşdırılması zaman Müraciətdə son zamanlar xaricdə təhsilin təşkil edilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən bir sıra şirkətlər o cümlədən “Beynəlxalq” təhsil şirkəti tərəfindən xaricdə təhsil almağın təşkili və müxtəlif xidmətlərin göstərilməsinə dair sosial şəbəkələrdə yerləşdirilmiş reklamlarda hərbi xidmətdən möhlət hüququnun verilməsi, diplomların tanınmasına zəmanətin verilməsinin qeyd edildiyi, bu da, çağırışçılar və hərbi vəzifəlilər arasında bu şirkətin xidmətlərindən yararlanmaqla hərbi xidmətdən möhlət hüququ əldə edəcəyi təsüratı yaratdığı, bununlada həmin şirkətlər tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinin tələblərinin pozulduğu və müvafiq dövlət orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə müdaxilə edərək çağırış yaşında olan vətəndaşlara həqiqi hərbi xidmətdən yayınmağa şərait yaratdığını bildirmişdir. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir. Bununla yanaşı, həmin Qanunun 18-ci maddəsinə uyğun olaraq təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verildiyi, bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyarının tanınması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirildiyi qeyd edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən “Beynəlxalq” təhsil mərkəzi tərəfindən “beynelxalq_tehsil” adlı “instagram” sosial şəbəkə səhifəsində yayımlanmış “Təhsilinizi bizimlə tamamlamaq artıq daha da asandır. İmtahansız qəbul olmaq üçün bizə müraciət edin!” məzmunlu reklamda hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair qeydin olduğu müəyyən edilmişdir. Müraciətin araşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixli 3-54/2-3733/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-54/2-5306/2025 nömrəli sorğu məktubları ünvanlanmışdır. Daxil olmuş cavab məktubunda qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən protokolun tərtib edilməsində iştirak üçün xx.xx.2025-ci il tarixində saat 11:00da (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gəlməyini xahiş olunmuşdur. İş materiallarında olan 01 ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, sosial şəbəkədə Şəxs MMC tərəfindən universitetlərə qəbul aparılması ilə bağlı reklam paylaşılmışdır. Həmin reklamlarda universitetə 100% qəbul zəmanəti verilməsi və qəbul alınacağı halda “hərbi xidmətdən möhlət hüququ verilir” məzmunda ifadə işlədilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 428.10-cu maddəsinə əsasən Bu Məcəllənin 428.1-428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə -vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. 4.2-ci maddəsinə əsasən, Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən, MMC xx.xx.2025-ci il tarixdə sosial şəbəkələrdə yaydığı reklam materiallarında “hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair” ifadələrdən istifadə etməklə, “dövlət və milli mənəvi dəyərlər əleyhinə yönələn çağırışlar” etmiş və bununla da “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Agentliyin nümayəndəsi X3 mövqeyinə görə, bu məzmunlu reklam istehlakçılarda, xüsusilə çağırış yaşlı vətəndaşlarda çaşqınlıq yaradır və onlarda guya MMC-nin xidmətlərindən istifadə etməklə hərbi xidmətdən yayınmanın mümkünlüyü barədə yanlış təəssürat formalaşdırır. Bu isə, birbaşa olaraq Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi ilə təsbit edilmiş vəzifələrinə zidd olmaqla, vətənpərvərlik hisslərinin aşılanmasına mane olur və milli-mənəvi dəyərlərə xələl gətirir. Beləliklə, nümayəndə hesab edir ki, MMC “Reklam haqqında” Qanunun tələblərini pozmuşdur və onun barəsində İXM-in 428.10-cu maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Konstitusiyanın 76-cı maddəsinin İ hissəsi Vətəni müdafiəni hər bir vətəndaşın borcu kimi müəyyən etməklə, dövlətin suverenliyinin və təhlükəsizliyinin təminatında vətəndaşların rolunu vurğulayır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, bu konstitusion vəzifənin icrası mütləq xarakter daşımır və onun həyata keçirilməsi qaydaları, o cümlədən möhlət və azadetmə halları qanunvericiliklə tənzimlənir. Eyni zamanda, Konstitusiyanın 42-ci maddəsi ilə təsbit olunmuş hər kəsin təhsil almaq hüququ, fərdin intellektual və peşəkar inkişafının fundamental zəmanəti kimi çıxış edir və bu hüququn reallaşdırılması üçün qanunvericiliklə müəyyən edilmiş imtiyazlar da bu hüququn tərkib hissəsidir. Həmçinin, işin predmeti olan reklam fəaliyyəti Konstitusiyanın 50-ci maddəsi ilə təminat altına alınan məlumat azadlığı hüququnun tərkib hissəsi olmaqla, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olan beynəlxalq müqavilələr, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ normativ bazanın ayrılmaz tərkib hissəsidir. İşin mahiyyəti kommersiya məqsədli məlumatın yayılması ilə bağlı olduğundan, Konvensiyanın 10-cu maddəsi (İfadə azadlığı) xüsusi əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə, kommersiya məqsədli ifadələr də 10-cu maddənin müdafiə dairəsinə daxildir. Bu hüquqa edilən hər hansı müdaxilənin Konvensiyaya uyğun hesab edilməsi üçün o, üç şərtə cavab verməlidir: müdaxilə qanunla nəzərdə tutulmalı, 10-cu maddənin 2-ci bəndində sadalanan legitim məqsədlərdən birini güdməli (məsələn, milli təhlükəsizliyin, ictimai asayişin qorunması) və demokratik cəmiyyətdə zəruri olmalıdır (mütənasiblik prinsipinə cavab verməlidir). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü və 12-ci maddələri məsuliyyətin yaranması üçün əməldə inzibati xəta tərkibinin bütün elementlərinin, obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəfin mövcudluğunun zəruriliyini imperativ qaydada tələb edir. Təqsirsizlik prezumpsiyasına əsasən, barəsində icraat aparılan şəxsin təqsirinin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi təqdirdə təqsirsiz hesab olunmasını, sübutetmə vəzifəsinin inzibati icraatı aparan orqanın üzərinə düşdüyünü və bütün aradan qaldırılmayan şübhələrin barəsində icraat aparılan şəxsin xeyrinə yozulmalı olduğunu təsbit edir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün yuxarıda sadalanan normativ aktların müddəaları təcrid olunmuş şəkildə deyil, bir-biri ilə sistemli əlaqədə, hüquqi normaların iyerarxiyası nəzərə alınmaqla və Azərbaycan Respublikası Konstitusiyasının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin aliliyi prinsipi çərçivəsində təhlil edilməlidir. Reklam haqqında Qanuna görə reklam istehlakçıları aldatmamalı və onlarda çaşğınlıq hissi yaratmamalıdır. Aldatma və çaşdırma elementlərinin mövcudluğunu müəyyən etmək üçün reklam məlumatının məzmunu, təqdimat forması və onun orta statistik istehlakçı tərəfindən necə qavranılması təhlil edilməlidir. Məhkəmə müəyyən edir ki, reklamda səslənən “universitetə qəbul aldıqda hərbi xidmətdən möhlət hüququ verilir” ifadəsi öz-özlüyündə bir faktın təsdiqidir və bu fakt “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsinin müddəalarına tam uyğundur. Beləliklə, məlumatın özü həqiqətə uyğun olmayan, yalan məlumat deyil. Agentliyin nümayəndəsinin, reklamın möhlət hüququnun MMC tərəfindən verilməsi kimi çaşdırıcı təəssürat yaratması barədəki mülahizəsi subyektiv şərhə əsaslanır. Reklamın ümumi konteksti MMC-nin təhsilə qəbul xidmətləri göstərməsi ilə bağlıdır. Möhlət hüququ bu xidmətin birbaşa obyekti deyil, qanunvericiliklə müəyyən edilmiş dolayı hüquqi nəticəsidir. Orta statistik, ağlabatan düşüncəli istehlakçının bu ifadədən belə bir nəticəyə gəlməsi ki, hərbi xidmətə möhlət vermək səlahiyyəti özəl bir şirkətə məxsusdur, ağlabatan deyil. Bu cür səlahiyyətlərin müstəsna olaraq dövlət orqanlarına mənsub olması cəmiyyətdə ümumi qəbul edilmiş bir faktdır. Buna görə də məhkəmə hesab edir ki, istehlakçının aldadılması və ya çaşdırılması faktı öz obyektiv sübutunu tapmamışdır. Bundan əlavə, Agentlik iddia edir ki, reklam hərbi xidmətdən yayınmağa təhrik etməklə milli mənəvi dəyərlərə ziddir. Konstitusiyanın 76-cı maddəsi ilə müəyyən edilmiş Vətəni müdafiə borcu, şübhəsiz ki, dövlətin və cəmiyyətin əsaslarından biridir. Lakin hüquqi dövlətdə heç bir borc və vəzifə qeyri-məhdud və mütləq şəkildə təfsir edilə bilməz. Həmin vəzifənin icrası qanunla tənzimlənir. Qanunverici “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsi ilə təhsil hüququnu hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün legitim bir əsas kimi tanımışdır. Bu, qanunvericinin təhsilin cəmiyyət və fərd üçün əhəmiyyətini Vətəni müdafiə vəzifəsi ilə balanslaşdırma iradəsini ifadə edir. Məhkəmə vurğulayır ki, qanunla icazə verilmiş bir hərəkətə (təhsil almaqla möhlət hüququndan istifadə) dair məlumatın yayılması, qanunsuz bir əmələ (hərbi xidmətdən yayınma) təhrik kimi qiymətləndirilə bilməz. Əks təqdirdə, qanunun özü öz-özü ilə ziddiyyət təşkil etmiş olardı ki, bu da hüququn məntiqinə ziddir. Məhkəmə, MMC-nin niyyətini (təqsirini) araşdıraraq müəyyən edir ki, şirkətin əsas məqsədi öz kommersiya xidmətlərini təbliğ etmək olmuşdur. Reklamın məzmununda ictimai təhlükəli nəticənin, yəni vətəndaşların kütləvi şəkildə hərbi xidmətdən yayınmasının arzu edilməsi və ya belə nəticənin baş verəcəyinə şüurlu yol verilməsi sübuta yetirilmir. Ehtiyatsızlıq formasına gəldikdə isə, şirkətin qanunda mövcud olan bir hüquq barədə məlumat yayarkən, bunun ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görməli olduğu və görə biləcəyi iddiası da əsassızdır. Çünki qanuni məlumatın yayılmasının özü hüquqazidd nəticəyə səbəb ola bilməz. Hüququn fundamental prinsiplərindən olan nulla poena sine lege (qanun olmadan cəza olmaz) prinsipi tələb edir ki, məsuliyyətə səbəb olan əməl qanunda aydın və birmənalı şəkildə təsvir edilsin. "Reklam haqqında" Qanunun 4.4-cü maddəsindəki “milli mənəvi dəyərlərə zidd təhrik” kimi mücərrəd anlayışın, qanunvericiliyin başqa bir aktı ilə birbaşa icazə verilən bir imkan haqqında məlumatın yayılmasına şamil edilməsi hüquqi müəyyənlik prinsipini pozur. Heç bir qanunvericilik aktı qanuni möhlət hüququ haqqında məlumat verməyi birbaşa qadağan etmir. Belə olan halda, MMC-nin əməlini inzibati xəta kimi tövsif etmək, qanunun genişləndirici və əleyhinə təfsiri olardı ki, bu da yolverilməzdir. Məhkəmə, təqdim edilmiş inzibati xəta haqqında protokolu, Agentliyin nümayəndəsinin izahatlarını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məktubunu və tədqiq edilmiş videonu məcmu halında qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 428.10-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Agentlik, MMC-nin əməlinin hüquqazidd olmasını, yəni “Reklam haqqında” Qanunun 4.2-ci və 4.4-cü maddələrinin tələblərini pozmasını obyektiv və mötəbər sübutlarla əsaslandıra bilməmişdir. İş materialları ilə təsdiq olunur ki, reklamda səslənən ifadə faktiki həqiqətə uyğundur və qanunvericiliklə təsbit edilmiş hüquqi imkanı əks etdirir. Bu məlumatın yayılmasının özlüyündə hərbi xidmətdən yayınmağa təhrik, istehlakçını aldatma və ya milli mənəvi dəyərlərə zidd əməl kimi qiymətləndirilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. İnzibati xətanın obyektiv və subyektiv tərəfi sübuta yetirilmədiyindən, inzibati məsuliyyət istisna olunur. Bütün yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmə hesab edir ki, İXM-nin 53.1.2ci maddəsinə (inzibati xəta tərkibi olmadıqda) əsasən, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4041/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4041/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver