Məhkəmə qərarları › İş №3(005)-4056/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4056/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4056/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 məxsus “Mersedes GLA- 280” markalı, Az **-YM-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4500 manat maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasına iştirak edən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 ifadəsində protokola uyğun izahat verərək, bildirdi ki, qeyd olunan iş üzrə cinayət işi rədd edilərək inzibati araşdırma aparılması üçün şöbəyə göndərilmiş, araşdırma nəticəsində protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o X3 qeyd etdikləri doğru deyil, qeyd edilən nəqliyyat vasitəsi əvvəllər əri Talıbın maşını olmuş, sonradan Mania onu şirkətin adına keçirmişdir. Talıb tutulduqdan sonra maşının aqibətini bilməmişdir. Mania ondan şikayət etdiyi günü polis şöbəsindən çıxarkən maşını görəndə Talıbın həbsdən çıxdığını hesab edərək maşına yaxınlaşmış, lakin maşının içərisinə baxıb orada qadın əşyaları gördükdən sonra aralaşıb kənarda kökə yeməyə getmişdir. Həmin vaxt əlində bıçaq olmamış və Manianın maşınına heç bir ziyan vurmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 ifadəsində göstərdi ki, Azərbaycan dilində sərbəst danışa bilir. Şəxs onunla daim mübahisə aparır və hadisə günü də onun maşınına zərər yetirmişdir. Təqdim edilmiş videogörüntülərdə görünür ki, o maşının dörd tərəfinə bıçaqla ziyan yetirmiş və ona maddi ziyan vurmuşdur. Ekspert rəyində zərərin miqdarı 4050 manat məbləğində qiymətləndirilmişdir. Halbuki, Mercedes servis tərəfindən ziyan daha çox qiymətləndirilirdi. Məhkəmənin Şəxs videogörüntülərdə avtomobilin sağ tərəfinə keçməsinin görünməməsinə baxmayaraq, rəydə avtomobilin sağ tərəfində də zədələr olması ilə bağlı sualına cavab olaraq, bütün zədələri İlahənin yetirdiyini bildimrişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 məxsus “Mersedes GLA- 280” markalı, Az **-YM-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4050 manat məbləgində maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxsnun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Araşdırma zaman təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə alınmış 02 dekabr 2024-cü il tarixli 3-16-16/2-3/1767-9/9178 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş “Mersedes GLA- 280” markalı, Az **-YM-*** d.q.n. avtomaşının üzərində (qabaq sağ qanadda, qabaq sağ qapıda, yük yerinin qapağında, arxa bamperdə, arxa sol qanadda, arxa sol qapıda, qabaq sol qapıda, qabaq sol qanadda) olan zədələr, izlər öz formasına, marfoloji qurluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (yəni kəsici, deşici xassəyə malik) predmetlə kontakda olması nəticəsində yarana bilər. Rəyin nəticəsinə əsasən 2017-ci il buraxılışlı “Mersedes GLA- 280” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomabilə 2024-cü ilin oktyabr ayına dəymiş ziyanın məbləği təxminən 4050.0 manat müəyyən olunur. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Hacıyeva X11 Benz CLA 250 markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol qapı tərəfinə istiqamətdə yaxınlaşır və videogörüntüdən itir. Daha sonra avtomobilin arxasından keçərək yolu digər tərəfə doğru keçir. Videogörüntülərdən nəqliyyat vasitəsinə zədə yetirilməsi müşahidə edilmir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, o cümlədən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini, işə əlavə edilmiş videogörüntünü, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisinin, zərərçəkmiş şəxs X2 və protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmamışdır və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipini, İXM-nin 8-ci maddəsinin tələblərini, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə formalaşmış “əsaslı şübhədən kənar” (beyond a reasonable doubt) sübutetmə standartını rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, şəxs yalnız törətdiyi əməldə inzibati xəta tərkibinin bütün əlamətləri olduqda və təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb oluna bilər. Təqsirsizlik prezumpsiyasının imperativ tələbinə görə, təqsirliliyin sübuta yetirilməsi vəzifəsi protokol tərtib etmiş orqanın üzərinə düşür və aradan qaldırılması mümkün olmayan bütün şübhələr şəxsin xeyrinə yozulmalıdır (in dubio pro reo). Protokol tərtib etmiş orqan və zərərçəkmiş şəxs barəsində icraat aparılan Şəxs təqsirliliyini əsaslandırmaq üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə və videogörüntülərə istinad edir. Zərərçəkmiş X8 ardıcıl olaraq Şəxs onun nəqliyyat vasitəsinə qəsdən ziyan vurduğunu iddia etmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsi İXM-nin 76-cı maddəsinə görə sübut hesab olunsa da, o, işin nəticəsində maraqlı olan şəxsdir. Buna görə də onun izahatı iş üzrə digər obyektiv və təkzibedilməz sübutlarla təsdiqlənməlidir. Yalnız zərərçəkmişin izahatına əsaslanaraq şəxsin təqsirliliyi barədə yekun nəticəyə gəlmək təqsirsizlik prezumpsiyası prinsipinə zidd olardı. 02 dekabr 2024-cü il tarixli ekspert rəyində “Mersedes GLA- 280” markalı avtomobilə dəymiş ziyanın miqdarının 4050 manat təşkil etdiyi və zədələrin kəsici-deşici alətlə törədilə biləcəyi qeyd edilmişdir. Bu sübut iş üzrə yalnız xəta hadisəsinin mövcudluğunu və vurulmuş ziyanın miqdarını təsdiq edir. Lakin ekspert rəyi həmin əməlin məhz Şəxs tərəfindən törədildiyini müəyyən etmir və mahiyyətinə görə edə də bilməz. Beləliklə, bu sübut inzibati xəta tərkibi mövcudluğunu sübut etsə də, təqsirləndirilən şəxsin subyekt olmasını sübut etmir. Bu, iş üzrə yeganə obyektiv sübut sözügedən videogörüntüdür. Lakin həmin videogörüntünün tədqiqi zamanı müəyyən edilir ki, Şəxs avtomobilə yaxınlaşır, onun sol tərəfində və arxasında olur və daha sonra ərazidən uzaqlaşır. Videogörüntüdə Şəxs əlində hər hansı bir kəsici alətin olması, onun avtomobilə hər hansı bir fiziki təsir göstərməsi, cızması və ya zədələməsi anı qətiyyən müşahidə edilmir. Bu sübut yalnız Şəxs hadisə yerində və avtomobilin yaxınlığında olmasını təsdiq edir ki, bunu özü də inkar etmir. Şəxsin hadisə yerində olması onun xətanı törətməsi üçün mütləq sübut deyildir. Bu, yalnız dolayı sübutdur və qəti qənaətə gəlmək üçün yalnız o halda kifayət edə bilər ki, digər dolayı sübutlarla birlikdə şübhə doğurmayan bir vahid təşkil etsin. Hazırkı işdə isə belə bir tamlıq mövcud deyil. Şəxs isə ittihamları ardıcıl olaraq rədd etmiş, hadisə yerində olmasının səbəbini izah etmiş və avtomobilə ziyan vurmadığını bildirmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən o, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş sübutlar məcmusu Şəxs təqsirliliyini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq sübut etmir. Avropa Məhkəməsi öz presedentlərində (məsələn Barberà, Messegué and Jabardo v. Spain işi) dəfələrlə vurğulamışdır ki, şəxsin təqsirliliyi barədə hökm (qərar) yalnız kifayət qədər ağır, aydın və bir-birinə uyğun olan sübutlar və ya təkzibedilməz fərziyyələr məcmusuna əsaslana bilər. Hazırkı işdə isə iddia ehtimallara və zərərçəkmişin subyektiv mülahizələrinə əsaslanır. Şəxs avtomobilə yaxınlaşması ilə ona ziyan dəyməsi arasında səbəbli əlaqə yalnız bir fərziyyədir və obyektiv sübutlarla (məsələn, zədələmə anını əks etdirən videogörüntü, şahid ifadələri və ya Şəxs əlində kəsici alətin olması barədə sübut) təsdiqini tapmır. Hadisənin polis idarəsinin bilavasitə yaxınlığında baş verməsi faktı da Şəxs izahatının əleyhinə olan bir hal kimi qiymətləndirilə bilməz, əksinə, belə bir əməlin çoxsaylı polis əməkdaşlarının olduğu bir məkanda açıq şəkildə törədilməsi ehtimalının az olmasına dəlalət edir. Beləliklə, iş üzrə Şəxs təqsirli olmasına dair aradan qaldırılması mümkün olmayan şübhələr mövcuddur. Təqsirsizlik prezumpsiyasının tələbinə uyğun olaraq, bu şübhələr onun xeyrinə həll edilməlidir. Təqdim edilmiş sübutlar Şəxs təqsirliliyini sübuta yetirmək üçün kifayət etmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, təqsirliliyi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar