Məhkəmə qərarları › İş №3(005)-4088/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4088/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4088/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, Bakı ŞBPİ-nin X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə etdiyi cərimə ilə bağlı 15 gün sonra ona zəng edərək şəhər qayısına çağırılmışdır. O isə onlara cərimənin 24 saat qüvvədə olduğunu bildirmişdir. Cərimə olunması barədə protokol ona 15 gün sonra göndərilmişdir. Qanunsuz olaraq ona yazılmış cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, 22 avqust tarixində avtobus zolağına girmişdir. 10 gün sonra ona zəng gəlmiş, Bakı şəhər DYPİ-nə yaxınlaşması bildirilmişdir. O isə pozuntunu 10 gün əvvəl törətdiyini, hazırda ona cərimə tətbiq oluna bilməyəcəyini bildirmişdir. Cərimə ona 24 saat ərzində göndərilməli idi. Onun barəsində inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib olunmuşdur. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Bakı şəhər X8 İdarəsinin nümayəndəsi X4 müvafiq sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, X3 xx.xx.2025-ci il saat 15:56-də Nərimanov rayonu, F.X.Xoyski küçəsi ərazisində “Hyundai Avante minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etməklə inzibati xətanı törətmiş, həmin vaxt ərazidə xidmət aparan inspektor tərəfindən onun saxlanılması mümkün olmamış, bu səbəbdən raportla rəhbərliyə müraciət edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanmış və M.Cəbiyev tərəfindən sözügedən inzibati xətanın törədilməsi təsdiq olunduğuna görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərar elektron qərar hesab edilmir, ona görə də elektron qərarla bağlı qanunvericilikdə nəzərdə tutulan 24 saatlıq müddət indiki hala aid edilə bilməz. Bu səbəbdən qeyd olunan qərar qanuni və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materialarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 15:56 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində xidmət aparılarkən müəyyən edilmişdir ki, “Hyundai Avante minik” markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə “X7” Qanununun 48-ci maddəsinin tələbi pozulmuşdur. Onun saxlanılması isə mümkün olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 15:56-də Nərimanov rayonu, F.X.Xoyski küçəsi ərazisində “Hyundai Avante minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, aşkar olunmuş inzibati xəta ilə bağlı kifayət qədər vaxt tələb edən prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati araşdırma aparılması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunaraq barəsində törətdiyi xətaya uyğun inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, təqdim olunan sənədlərə baxış keçirib belə qənaətə gəlir ki, M.Cəbiyev onun tərəfindən inzibati xətanın törədilmədiyini bildirsə də, bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-1-ci maddəsinə əsasən “X7” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətçini dinləyərək şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərara əsasən xx.xx.2025-ci il tarixdə saat 15:56 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsi ərazisində 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarla hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, “Hyundai Avante minik” markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. “X7” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, şikayətçi tərəfindən inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “Hyundai Avante minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 xx.xx.2025-ci il tarixdə saat 15:56-də Nərimanov rayonu, F.X.Xoyski küçəsi ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq düzünə hərəkətə davam etmiş, bununla da İXM-nin 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmin inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə deyil, inspektor tərəfindən bilavasitə aşkar edilmişdir. Qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsində və məhkəmə iclasında veridyi izahatında inzibati tənbeh vermə haqqında qərarın inzibati xətanın törədildiyi gün tərtib olunmadığını əsas gətirərək barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarın əsassız olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Qeyd olunanlarla yanaşı X3 şikayətində inzibati xətanın mövcudluğunu mübahisələndirməmiş, iş üzrə inzibati məsuliyyətə cəlb etmə əsasları olmadığından, o cümlədən icraat zamanı pozuntulara yol verilərək, qərarın real vaxt rejimində tərtib edilmədiyini qeyd edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsinin əsaslı olması ilə bağlı şikayətində qeyd etdiklərinə münasibətdə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinən şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Eyni zamanda qərarı tərtib edən səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də müəyyən olunmuşdur ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunması və törətdiyi xətaya uyğun inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi, xətanı törədən şəxsin, yəni X1 şəxsiyyətini müəyyən etmək mümkün olmadığına görə xx.xx.2025-ci il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Hazırki halda X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Bakı şəhər DYPİnin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar