Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4091/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30713521 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30713521 saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində Nərimanov rayonu ərazisində yerləşən Metroparkın qarşısında onun barəsində qanunsuz olaraq cərimə tətbiq edilmişdir. O, şəhadətnaməli taksi sürücüsü olduğunu qeyd edərək, Metroparkın qarşısında insan sıxlığının olduğunu, parklanma yeri olmadığından sərnişinlərin taksiyə minib-düşməsinin çətin olması ilə bağlı öz etirazını bildirmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkildən də görünür ki, müştəri qapını açaraq əyləşmək istəmişdir. Bir dəqiqədən az çəkən proses üçün əsassız yerə barəsində cərimə tətbiq edildiyini, bu cərimə əsasında sürücülük vəsiqəsindən məhrum edilməsini şikayət ərizəsində qeyd etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30713521 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X2 xx.xx.2025-ci il tarixdə **-VK-*** dövlət qeydiyyat nişanlı, “X4” minik markalı avtomobili idarə edərkən Azərbaycan Resublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin pozulması səbəbi ilə 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ 30713521 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəməyə təqdim edilmiş şəkillərdə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanması müşahidə edimişdir ki, bu da “Yol hərəkəti haqqında” Qanuna əsasən icazə verilən ərazi olduğu müəyyən edilmişdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2025-ci il tarixli EQ 30713521 saylı qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət təmin edilməli, X1 İXM-in 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli EQ 30713521 saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4091/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4091/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver