Məhkəmə qərarları › İş №3(005)-4098/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4098/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4098/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi (vəkili) X5 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs QSC barəsində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol eyni tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün xx.xx.2025-ci il tarixli 3-17-5/2- 85397/2025 nömrəli müşayiətedici məktub əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə 3-17-5/2-60447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin DƏMX-nin Bakı Şəhəri Ərazi İdarəsinə təqdim edilməsi tələb olunsa da, məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında bildirmişdir ki, qeyd olunan məktubun göndərilməsi “əmək və məşğulluq altsistem”i vasitəsilə işəgötürənə sorğunun göndərilməsi haqqında materiala əlavə edilmiş çıxarışla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi (vəkili) X7 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan 3-17-5/2-60447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub şirkətin ünvanına çatmamışdır. “Əmək və məşğulluq altsistem”i vasitəsilə ilə onlara həmin tarixli, eləcə də hazırkı məhkəmədə müəyyən edilən məzmunlu heç bir məktub göndərilməmişdir. Hüquqi şəxs bu barədə məhkəmənin bildirişi daxil olduqdan sonra məlumatlı olmuş və dərhal müvafiq sorğuya cavab hazırlanmış və müfəttişliyə göndərilmişdir. Hüquqi şəxsin kabinetinə ümumiyyətlə elektron qaydada yerləşdirilən heç bir sənəd barədə bildiriş gəlmir, məhkəməyə təqdim etdiyi çıxarışdan da göründüyü kimi xx.xx.2025 tarixli sorğu hüquqi şəxsin kabinetində görsənmir. Şirkət belə bir sorğu varsa onu silə də bilməz. Müfəttişlik inzibati xəta haqqında protokol tərtib edərkən də hüquqi şəxsi dəvət etməmişdir. Məsələ ilə bağlı hüquqi şəxsin xəbəri olduqdan dərhal sonra, yəni məhkəmə bildirişi gəldikdən sonra məlumatları olmuş və Xidmətin Bakı şəhər idarəsinə xx.xx.2025-ci il tarixdə cavab məktubu və tələb olunan sənədlər göndərilmişdir. İnzibati xəta haqqında məktubda qeyd olunan xx.xx.2025-ci il tarixli məktubun hüquqi şəxsə daxil olmamasını, protokolun bu məktuba görə yazılmasını nəzərə alaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X6 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə 3-17-5/2-60447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhəri Ərazi İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin 7 iş günü ərzində X8 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən təqdim edilmiş “Əmək və məşğulluq altsistem”i vasitəsilə ilə göndərilən məktubun çıxarışından görünür ki, Şəxs QSC-nin şəxsi kabinetinə xx.xx.2025-ci il tarixli sənəd yerləşdirilmiş, icra tarixi xx.xx.2025-ci il tarixlidir. Şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, həmin sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tələfindən sorğu edilən sənədlərdir. “E-social.gov.az” internet səhifəsindən çıxarışdan görünür ki, “ƏMAS” üzərindən Şəxs QSC-nin şəxsi kabinetində xx.xx.2025-ci il tarixli sorğu məktubunun göndərilməsi müşahidə edilmir. Poçt qəbzinin surətindən görünür ki, Şəxs QSC tərəfindən DƏMX-nin Bakı Şəhəri Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və həmin tarixdə saat 17:02-də çatdırılmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs QSC-yə ünvanlanan məktuba əsasən müəssisənin müvafiq sorğulara qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilmədiyi və vətəndaşa aid sənədlərin Xidmətə təqdim edilmədiyi bildirilərək göndərilən sorğu məktubunun surəti iş materiallarına əlavə olunsa da görünür ki, həmin məktub imzalanmamış, tarix və nömrəsi əl yazısı ilə yazılmaqla blanksızdır. Hesab etsək ki, həmin məktub inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olan 3-17-5/2-60447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubudur, bu halda qeyd edilməlidir ki, məhz bu məktubun hüquqi şəxsə rəsmi qaydada çatdırılması iş materiallarına əsasən müəyyən olunmamışdır. İnzibati xəta haqqında protokolun məzmunundan görünür ki, yuxarıda qeyd olunan sorğu məktubu göndərilməsi “Əmək və məşğulluq altsistem”i (protokolda “Asis” kimi qeyd edilmişdir) vasitəsi ilə göndərilən məktubun çıxarışı ilə təsdiq edilir. Məhkəmə qeyd edir ki, “Əmək və məşğulluq altsistem”i vasitəsi ilə göndərilən məktubun çıxarışına əsasən Şəxs QSC-nin şəxsi kabinetinə yüklənən sorğu məktubunun olması həqiqətən müəyyən edilir. Lakin sözügedən sənədin tarixi xx.xx.2025, icra tarixi isə xx.xx.2025-ci ildir. Yəni, bu sorğu məktubu ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sorğu məktubu ilə eynilik təşkil etmir. Bununla yanaşı, ƏMAS platformasından çıxarışlardan da görünür ki, qeyd olunan tarixdə hüquqi şəxsin elektron kabinetinə X8 Xidməti tərəfindən heç bir sənəd daxil olmamışdır. Göründüyü kimi inzibati xəta haqqında protokolda 3-17-5/2-60447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubunun “Əmək və məşğulluq altsistem”i vasitəsilə hüquqi şəxsə çatdırılması qeyd olunsa da məhkəmə həmin faktın sübuta yetirilmədiyi, əksinə bunun yalnız şübhədən ibarət olduğu qənaətinə gəlir ki, bütün şübhələr qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi şəxsin xeyrinə həll edilməlidir. Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs QSC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar