Məhkəmə qərarları › İş №3(005)-41/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-41/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-41/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X6 Şöbəsi tərəfindən 20 dekabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı T.Məmmədovun 1223 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq vətəndaş X2 vuraraq sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirib. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 12 noyabr 2021-ci il tarixli, HK-1-N-1028 nömrəli raportdan görünür ki, 12.11.2021-ci il tarixdə saat 00:10-da KTM-dən t/b Məmmədova A.M.Cümə küçəsində baş vermiş YNHsi zamanı 1992-ci il təv. X3 xəsarət alması barədə məlumat vermişdir. 12.11.2021-ci il tarixli, 2/32926 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinəsi aparılan sürücü Şəxs sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 11.11.2021-ci il tarixdə saat 22:15 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “TOYOTA PRİUS” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsi istiqamətindən üzü A.Neymətulla küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saatda 40-50 km sürətlə düzünə hərəkət etmiş, Təbriz küçəsi ilə A.M.Cümə küçələrinin kəsişməsində olan piyada keçidinə çatmağına az qalmış o, idarə etdiyi avtomobilin hərəkət sürətini azaltmağa başlayıb. Piyada keçidində olan zaman isə anidən piyada keçidi ilə hərəkət edən adını bilmədiyi piyada onun hərəkət etdiyi zolağa daxil olub. O həmin vaxt avtomobili dayandırmaq üçün əyləci sıxsa da, nəticədə idarə etdiyi avtomobilin ön sol hissəsi ilə piyadanı vurub. Hadisədən sonra o dərhal idarə etdiyi avtomobildən çölə çıxaraq həmin adını bilmədiyi piyadaya yaxınlaşaraq onun xəsarət alıbalmadığını maraqlanıb. Daha sonra isə avtomobilinə əyləşdirib, xəstəxanaya müayinə olunması üçün aparıb. Bundan sonra isə Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməyini xahiş edib. O da aparılan araşdırmada iştirak edib. Aparılan araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, 11.11.2021-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə piyada şəkildə hərəkət edərkən Təbriz küçəsi ilə A.M.Cümə küçələrinin kəsişməsinə çatan zaman piyada keçidi ilə Təbriz küçəsinin əks tərəfinə keçmək üçün piyada keçidinə daxil olub yolu keçməyə başlayıb. Həmin zaman Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsi istiqamətindən üzü A.Neymətulla küçəsi istiqamətindən hərəkət edən “TOYOTA” markalı dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi avtomobilin sürücüsü piyada keçidində olan zaman avtomobilin ön hissəsi ilə onu vurub. Hadisədən sonra sürücü dərhal onu avtomobilinə əyləşdirib xəstəxanaya aparıb. Xəstəxanada olan zaman onun bədənini müayinə ediblər. Daha sonra isə o Nərimanov RPİ-də aparılan araşdırmada iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, 435/MEŞ nömrəli ekspert rəyindən görünür ki, vət. X1 almış olduğu xəsarətlər – başın tüklü hissəsinin sağ təpəgicgah nahiyəsinin əzilmiş-cızılmış yarası və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol budun yuxarı 1/3-nin bayır-ön hissəsinin geniş əzilmişcızılmış yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 11.11.2021-ci il tarixi inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar