Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-412/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 203 ünvanında gedərkən DYP avtomaşını onu səbəbsiz saxladaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyini bildirdi. O isə ona inzibati xəta törətmədiyini bildirərək, əgər onda inzibati xəta törətdiyinə dair sübut varsa təqdim etməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 onda hər hansı bir görüntü olmadığını bildirərək, əksinə ondan inzibati xəta törədib törətməməyini soruşdu. O isə polis əməkdaşına "belə bir sualı mənə verirsiz" deyə müraciət etdikdə o, gülə-gülə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi əsaslanaraq 40 manat məbləğində qanunsuz və əsassız olaraq İXP5849051 saylı protokol tərtib etdi. Polis əməkdaşına inzibati xəta törətmədiyini təkidlə bildirməyinə baxmayaraq, həmin şəxs onun etirazına məhəl qoymadan yuxarıda qeyd olunan protokolu tərtib edərək uzaqlaşmışdır. (Polis əməkdaşının səs yazma cihazında dediklərim hər biri qeyd olunmuşdur) İlk öncə bildirmək istəyir ki, barəsində qeyd edilən protokol qanunsuz və əsassız olaraq tərtib olunmuş protokoldur. Belə ki, adını qeyd etdiyi əməkdaş X5 DYPŞ-nin əməkdaşı olmasına baxmayaraq, öz səlahiyyətlərini aşaraq o, Nizami rayonu, Heydər Əliyev prospekti 203 ünvanında olan zaman, öz xidməti ərazisindən kənarda olan avtomobili qanunsuz olaraq saxlayıb, protokol tərtib etmişdir. Bu hal protokolun qanunsuz tərtib edilməsi barədə göstərdiyi dəlillərdir. Digər tərəfdən protokolun əsassız tərtib olunması ilə bağlı qeyd etmək istəyir ki, o, qeyd edilən inzibati xəta törətməyə-törətməyə DYPŞ əməkdaşı Abuzər Hüseynov sübutsuz, dəlilsiz, heç bir görüntü təqdim etmədən, onun etirazlarına məhəl qoymadan qanunvericiliyin tələblərini heçə sayaraq barəsində 40 manatlıq protokol tərtib etmişdir. Protokolda ünvan Bakı səhəri, Heydər Əliyev prospekti, 203, GPS: 40,4200611,49. ******* qeyd olunmuş, lakin həmin ərazi Nərimanov rayonu ərazisi deyil, Nizami rayonu ərazisidir. Lakin Nizami Rayon Məhkəməsi tərəfindən 2 dəfə verdiyi şikayət ərizəsi geri qaytarılmış və həmin ünvanın Nərimanov rayonu ərazisinə düşdüyü qeyd olunmuşdur. Daha sonra DYP-nin rəhbərliyinə yazılı müraciət edərək protokolun əsassız olmasını bildirmişdir, lakin heç bir müraciətlə bağlı onu dəvət etmədən, müraciətinə baxılmadan xx.xx.2023-cü il tarixdə protokolla bağlı qərar qəbul etmişlər. Hazırda heç bir qayda pozmadan ona qarşı inzibati xəta haqqında protokol və daha sonra araşdırma aparmadan qərar yazılması ədalətli deyildir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5849051 saylı protokol tam olaraq qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsaslı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilmiş qayda pozuntusunu vizual olaraq aşkar etmiş və səlahiyyətləri çərçivəsində sürücü razılaşmadığına görə barəsində protokol tərtib edilmişdir. Daha sonra isə onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Sonda məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Belə ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki məhkəmə iclasında müəyyən edilir ki, X4 yol nişanlarının tələblərinə riayət etməyərək qayda pozuntusu etmişdir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-412/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-412/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver