Məhkəmə qərarları › İş №3(005)-414/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-414/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-414/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 küçəsi, ev 127, inzibati bina ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 fevral 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin baş təhqiqatçısı Asif Qubadovun 15 dekabr 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 06 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində taksi sürücüsü X3 məxsus 60 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin 06 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında X4 məxsus 25 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis baş leytenantı X5 protokolu müdafiə edərək qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 05 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində taksi sürücüsü X3 məxsus 60 manat pulu və 30 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında X4 məxsus 25 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərəri bu gün tam ödəmişdir. Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi Cavid İsmayılzadəyə ünvanlanan 22 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yaşayan, Zəngilan rayonu, Məlikli kənd sakini X6 ərizə ilə müraciət edərək bildirmişdir ki, Nizami rayonu, Babək prospektindən Nərimanov rayonu, Y.V.Çəmənzəminii küçəsində yerləşən «Olimpik Star» Əyləncə və İdman Kompleksinə gedəcəyi barədə ***-***-**-** mobil nömrəsindən sifariş vermiş müşiərini ünvanına apararkən özünü polis əməkdaşı Şəxs kimi təqdim etmiş, yolda gedərkən aralarında yaranmış münasibətdən istifadə edərək qaytarması şərtilə 50 manat borc alıb qaytaracağına inandırması üçün bank kartının nömrəsini özündə qeyd etmiş, lakin sonradan 50 manatı borcu və 10 manat gediş haqqını ödəməmiş, pullarını ələ keçirmiş Şəxs müəyyən edilərək barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi Cavid İsmayılzadəyə ünvanlanan 05 fevral 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 rayonu inzibati ərazisində baş vermiş cinayət hadisələri ilə bağlı baş vermiş dələduzluq hadisəsində şübhəli bilinən şəxsə yaxınlaşıb özümüzü təqdim edib sorğu sual edən zaman verilən suallara qeyri səmimi cavab verdiyindən, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə polis əməkdaşı tərəfindən PŞ-nə gətirilmişdir. PŞ-də məlum oldu ki, həmin şəxs xx.xx.1997-ci il təvəllüdlü Şəxsdur. “İnzibati qaydada tutma haqqında” 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs X1 və X4 dəymiş zərəri ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, 30 noyabr 2023-cü və 05 dekabr 2023-cü il tarixlərdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar