Məhkəmə qərarları › İş №3(005)-4142/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4142/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4142/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş 30 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:53 radələrində idarə etdiyi “Nissan Altima” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücünün aşkar şəkildə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəm iclasında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 30 sentyabr 2025-ci il tarixli protokolda görünür ki, Şəxs sərxoşluq vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və onun spritli içki qəbul etdiyi müəyyən olunmuşdur. Özü tərəfindən həmin protokola qeyd yazılaraq müayinənin nəticəsi ilə razı deyil. Qan analizi nəticəsində sərxoşluğun müəyyən ediləsini xahiş etmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 30 sentyabr 2025-ci il tarixli protokolda görünür ki, Şəxs alkoqolun miqdarı həmin gün saat 08:53 -də 0.575 promil olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın materiallarını, o cümlədən 30 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu, sərxoşluq vəziyyətinin təyin edilməsinə dair texniki vasitənin göstəricilərini və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi üzrə toplanmış mötəbər, qanuni və bir-birini tamamlayan sübutların məcmusu ilə özünün tam sübutunu tapmışdır. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən aşağıdakı nəticələrə gəlir: İşin materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs alkoqol təsiri altında “Nissan Altima” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, səlahiyyətli orqan əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Həmin gün saat 08:53 –də aparılmış yoxlama nəticəsində Şəxs nəfəsində alkoqolun miqdarının 0,575 promil olduğu müəyyən edilmişdir. Bu fakt texniki vasitənin göstəricisi və müvafiq protokolla təsdiq olunur və özlüyündə mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ictimai təhlükəliliyi yüksək olan hüquqazidd əməldir. Bu cür hərəkətlər təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının – sərnişinlərin, piyadaların və digər sürücülərin həyat və sağlamlığı üçün birbaşa və ciddi risk yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunduğu kimi, dövlətin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərindən biri də öz yurisdiksiyası altında olan hər kəsin yaşamaq hüququnu qorumaq üçün effektiv qanunvericilik və inzibati tədbirlər görməkdir. Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin müəyyən edilməsi və tətbiqi məhz bu pozitiv öhdəliyin yerinə yetirilməsinin vacib elementidir. Bütün bu sübutların və hüquqi arqumentlərin məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri – həm obyektiv cəhət (sərxoş vəziyyətdə idarəetmə), həm də subyektiv cəhət (qəsd) – tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, İXM-in 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini rəhbər tutaraq, törədilmiş xətanın xarakterini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiqi onun islah olunması və gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün mütənasib və kifayətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar