Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4144/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, səlahiyyətli orqan tərəfindən kobud prosessual pozuntulara yol verilməklə inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti və digər zəruri məlumatlar qeyd olunmamış, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq vaxtında məhkəməyə göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları), inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. 100.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi, sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığı halda, kənarlaşdırılma səbəbi də göstərilir. 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə rəsmi məlumat verilməsini və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surətinin göndərilməsini təsdiq edən hər hansı sənəd işə əlavə olunmamış, protokolda yalnız “protokolunun surətini almaqdan imtina etdi” qeydinin qoyulması ilə kifayətlənilmiş, şəxsə hüquq və vəzifələrinin izah olunması barədə protokolda qeyd olsa da, hansı hüquq və vəzifələrin izah olunmasını əksini tapmamış, hüquq və vəzifələrə dair bildiriş materiallara əlavə edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və bunun səbəbləri barədə qeydlər aparılmamış, protokolun tərtib edildiyi yer göstərilsə də, inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti əks olunmamış, şəxs tərəfindən “342.9 halına” yol verildiyi göstərilmişdir. Halbuki inzibati xəta haqqında işin aidiyyətinin müəyyən edilməsi üçün məhz inzibati xətanın törədildiyi yer barədə məlumatın dəqiq göstərilməsi mütləq şərtdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi inzibati xəta hesab edilir. Həmin maddənin dispozisiyasından müəyyən edilir ki, bu maddə alternativ tərkiblidir, müvafiq hallardan biri baş verdikdə şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilə bilər. Lakin səlahiyyətli orqan qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq inzibati xəta haqqında protokolda məhz Şəxs hansı əməlinin İXM-in 342.9-cu maddəsi ilə inzibati xəta tərkibi yaratdığını, ümumiyyətlə ehtimal olunan bu inzibati xətanın mahiyyətini qeyd etməmişdir. İnzibati xəta haqqında iş materialına əlavə edilmiş CD diskdəki videogörüntüyə baxış keçirilərkən müəyyən edilir ki, nəqliyyat vasitəsinin arxa yük yerində velosiped yüklənmişdir. İnzibati xəta haqqında protokoldan aydın olmadığına görə ehtimal edilir ki, səlahiyyətli orqan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edildiyinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Belə ki, İXM-in 342.9-cu maddəsinin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsi nəzərdə tutulmuşdur ki, bu da dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və ya qurğular barədə məlumatın protokolda qeyd olunması, onun müsadirə üçün təklif edilməsi zərurətini şərtləndirir. Buna baxmayaraq səlahiyyətli orqan natamam formada inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənmiş, təxminən bir ay sonra həmin protokolu yuxarıda qeyd olunan kobud qanun pozuntuları ilə baxılması üçün məhkəməyə təqdim etmişdir. Səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İXM-in 103.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolun (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməməsi kobud qanun pozuntusu hesab edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, törədildiyi yer və müsadirə edilməsi təklif olunan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti barədə zəruri məlumatlar göstərilmədiyindən protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4144/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4144/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver