Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4147/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC (bundan sonra – cəmiyyət) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi (bundan sonra - Xidmət) tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3- 17-5/2-54197/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub çatdırılmasına baxmayaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, X1 əmək hüquqlarının pozulması ilə bağlı X2 məlumat daxil olmuşdur. Əmək Müfəttişliyi qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi ilə bağlı sorğu göndərilmiş, lakin hüquqi şəxs tərəfindən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən barələrində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin məlumat ilə bağlı 3-17-5/2-54197/2025 saylı, xx.xx.2025-ci il tarixli məktub poçt göndərişi vasitəsilə hüquqi şəxsin Ceyhun Hacıbəyli küçəsi ev 758 ünvanına göndərilmişdir, lakin xəbərnamə mövcud deyildir. Həmçinin Əmək Nazirliyinin “ASİS” elektron sistemi vasitəsilə Şəxs MMC-nin elektron kabinetinə həmin sorğu yerləşdirilmişdir və onlar məlumatlı olmuşlar. Sonda Archico» MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 bildirdi ki, şirkətin hüquqi ünvanı ünvan 1özügedən məktubun həmin ünvana çatıdrıldığını iddia etsə də məktub onların ünvanına çatdırılmamışdır və iddia edilən “ASİS” sistemində isə onların elektron kabineti mövcud deyil, bu səbəbdən həmin məktub onlara elektron şəkildə də çatmamışdır. Ümumiyyətlə ASİS sisteminin nə olması barədə məlumatları yoxdur. Şirkətləri tərəfindən heç vaxt əmək hüquqları pozulmamış, özləri nüfuzlu bir tikinti şirkəti olmuşlar. Elektron məhkəmə informasiya sisteminə yüklənmiş məktub onların ünvanına daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-54197/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub çatdırılmasına baxmayaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciətinə xidmət tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq X1 müraciəti ilə bağlı münasibət bildirilməsini və ona aid aşağıda qeyd olunmuş sənədlərin surətinin (əsli ilə düzdür) 7 (yeddi) iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri, Svetiana Məmmədova küçəsi 107) və ya mailto:demx_bshi@sosial.gov.azElektron ünvan elektron poçt ünvanına göndərməsininin təmin edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları qiymətləndirərək, iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Protokol tərtib etmiş orqanın mövqeyinə görə, cəmiyyət Xidmətin ona ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təqdim etməyərək, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qanuni tələbini yerinə yetirməmişdir. Bunun əksinə olaraq, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi iddia edir ki, sözügedən məktub cəmiyyətə heç vaxt rəsmi qaydada çatdırılmamışdır və buna görə də təqsirləri yoxdur. Beləliklə, məhkəmənin araşdırmasının predmetini təşkil edən əsas məsələ, X5 Xidmətinin 17.xx.xx.2025-ci il tarixli məktubunun Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən edilmiş prosessual tələblərə riayət olunmaqla rəsmi qaydada verilib-verilməməsinin müəyyən edilməsindən və bunun nəticəsi olaraq, hüquqi şəxsin hərəkətsizliyində İXM-nin 539.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olub-olmamasının hüquqi qiymətləndirilməsindən ibarətdir. İnzibati məsuliyyətə cəlbetmə institutu, hüquqi dövlətin təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına əsaslanır. İXM-nin 8.1-ci maddəsində təsbit olunduğu kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu prinsipdən irəli gələn nəticə isə ondan ibarətdir ki, sübutetmə yükü heç bir halda barəsində icraat aparılan şəxsin üzərinə qoyula bilməz və o təqsirsizliyini sübut etməyə borclu deyildir. Mövcud iş üzrə bu o deməkdir ki, Şəxs MMC müvafiq sorğunu almadığını deyil, məhz X5 Xidmətin həmin sorğunu qanunvericiliyin tələblərinə uyğun qaydada və mübahisəsiz şəkildə təqdim etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Eyni zamanda, İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilir. Bu o deməkdir ki, təqdim edilmiş sübutlar toplusu inzibati xətanın törədilməsi faktı ilə bağlı hər hansı ağlabatan şübhəyə yer qoyursa, bu şübhə barəsində icraat aparılan şəxsin təqsirsizliyinin lehinə şərh edilməlidir. Sənədlərin rəsmi qaydada verilməsi: İnzibati xəta haqqında iş üzrə icraatın qanuniliyi və ədalətliliyi, ilk növbədə, məlumatlandırılma hüququnun təmin edilməsindən asılıdır. Sənədlərin rəsmi qaydada verilməsi sadəcə texniki bir prosedur deyil, bu hüquqi dövlət prinsipinin təzahürü, şəxsin özünü müdafiə hüququnun gerçəkləşməsi üçün ilkin və zəruri şərtdir. İXM-nin 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd, həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu norma, sənədin təsadüfi bir şəxsə deyil, məhz hüquqi şəxsin adından hərəkət etmək səlahiyyəti olan və ya sənədləri qəbul etmək vəzifəsi daşıyan bir nümayəndəsinə təqdim edilməli olduğunu birmənalı şəkildə təsbit edir. "Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir". Bu tələb sənədi qəbul edən şəxsin hüquqi şəxslə olan əlaqəsinin eyniləşdirilməsinə, onun bu sənədi qəbul etmək üçün legitimliyinin müəyyən edilməsinə xidmət edir. Yuxarıda şərh edilmiş prinsiplər aspektindən məhkəmə, X5 Xidmətinin mövqeyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar toplusu, cəmiyyətin təqsirini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq etmir, əksinə, çatdırılma prosedurunda yol verilmiş kobud pozuntuları və ziddiyyətləri aşkara çıxarır: Belə ki, Xidmət tərəfindən təqdim edilən protokolda xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 54197/2025 saylı məktubun çatdırıldığı göstərildiyi halda, sözügedən məktub iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan məktubda isə tarix qeyd olunmamış, bununla eyniləşdirmə mümkün olmamışdır. Belə olan halda xx.xx.2025-ci il tarixli, 3-17-5/2-54197/2025 saylı məktubun mövcudluğu, məktubun dəqiq olaraq hansı ünvana göndərildiyi barədə qeyri-müəyyənlik yaradır. Bundan əlavə, səlahiyyətli orqan ümumiyyətlə məktubun çatdırılması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir (xəbərnamə, elektron izləmə kodu, reyestr və s.) Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, hüquqi ünvan olan Ceyhun Hacıbəyli küçəsində yerləşən ünvana məktub göndərilmiş, eyni zamanda, həmin məktubu ASİS elektron sistem vasitəsilə təqdim edilmişdir, lakin çatdırılmanı təsdiq edən sənəd mövcud deyildir. “ASİS” elektron sisteminin sübut kimi qəbul olunmaması: Xidmət nümayəndəsinin sorğunun “ASİS” elektron sistemi vasitəsilə cəmiyyətin elektron kabinetinə yerləşdirilməsi iddiası da hüquqi əsasa malik deyil. Birincisi, cəmiyyətin nümayəndəsi belə bir elektron kabinetin mövcudluğunu inkar edir. İkincisi, Xidmətin nümayəndəsi məhkəmənin sualına cavab olaraq, “ASİS” sisteminin fəaliyyətinin hansı qanunla tənzimlənməsi barədə məlumatı olmadığını bildirmişdir. Sənədlərin elektron qaydada rəsmi verilməsi yalnız qanunvericiliklə xüsusi olaraq tənzimlənmiş hallarda və qaydada mümkündür (məsələn İXM-də olduğu kimi “Asanpay”). Belə bir hüquqi tənzimləmənin mövcudluğu sübuta yetirilmədiyi üçün bu iddia hüquqi əhəmiyyət kəsb etmir və mülahizədən başqa bir şey deyildir. “Əsaslı şübhədən kənar” sübutetmə standartı: İnzibati xəta haqqında işlər üzrə icraatda təqsirliliyin müəyyən edilməsi üçün sübutetmənin ən yüksək standartı olan “əsaslı şübhədən kənar” (beyond a reasonable doubt) standartı tətbiq olunmalıdır. Bu standart, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda və Ali Məhkəmənin qərarlarında dəfələrlə vurğulandığı kimi, səlahiyyətli orqanın irəli sürdüyü iddianın doğruluğuna dair hər hansı ciddi, məntiqi və əsaslı şübhənin olmamasını tələb edir. Bu, sübutların mütləq həqiqətə uyğunluğu demək deyildir, lakin o deməkdir ki, təqdim edilmiş sübutlar məcmusu, işin hallarının alternativ və ağlabatan izahını istisna etməli, yeganə məntiqi nəticə kimi şəxsin təqsirliliyini göstərməlidir. Hazırkı işə bu standartın tətbiqi göstərir ki, X5 Xidməti öz sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Bu şübhələrin məcmusu, məhkəmədə sorğunun Şəxs MMCyə rəsmi qaydada verilməsi faktının sübuta yetirilmədiyi barədə qəti daxili inam formalaşdırır. Yuxarıda şərh olunan hüquqi və faktiki əsasları ümumiləşdirərək, məhkəmə bu qənaətə gəlir ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat hüquqi əsaslardan tamamilə məhrumdur və ona xitam verilməlidir. İş materiallarında mövcud olan ziddiyyətlər və aradan qaldırıla bilinməyən şübhələr, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə uyğun olaraq, barəsində inzibati icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4147/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4147/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver