Məhkəmə qərarları › İş №3(005)-415/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-415/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-415/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X7 Şöbəsi tərəfindən 03 fevral 2022ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı O.Məmmədovun 32 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” AR Qanununun 74-cü maddəsinin tələbini pozaraq vətəndaş X1 idarə etdiyi “Moped” tipli nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı vətəndaş İ.Abbasov “yüngül” dərəcəli bədən xəsarəti yetirib. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 22 dekabr 2021-ci il tarixli, HK-1-N-1186 nömrəli raportdan görünür ki, 22.12.2021-ci il tarixdə saat 15:05-də 5 saylı ŞKX-dan tibb bacısı Novruzova məlumat verərək, F.X.Xoyski küçəsində baş vermiş YNH nəticəsində moped sürücüsü 1996-cı il təv. X1 xəsarətlə xəstəxanaya daxil olmasını bildirdi. 22.12.2021-ci il tarixli, 2/18945 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinəsi aparılan sürücü Şəxs sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 22.12.2021-ci il tarixdə saat 14:30 radələrində o, yol vərəqəsi əsasında idarə etdiyi, 2020-ci buraxılışlı “Renault Duster” markalı ** AP *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə N.Yusifbəyli küçəsi istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində üç zolaqdan ibarət avtomobil yolunun sol zolağı ilə təxminən 15-20 km/saat sürətlə hərəkətdə olan zaman qeyd olunan küçədə yerləşən “Violet” gül dükanının qarşısında onun hərəkət istiqamətində avtomobil tıxacının yarandığını görüb, qarşısında hərəkətdə olan markasını və nömrəsini bilmədiyi avtomobili soldan ötmək qərarına gəlib. O avtomobilinə quraşdırılmış xüsusi sayrışan göy-qırmızı işıq və səs siqnalını qoşaraq avtomobili bir qədər sola istiqamətləndirib, avtomobilinin sol tərəfi ilə 1.3 üfiqi nişanlanma xəttinin üzərində əks istiqamətli hərəkət yoluna çıxdığı zaman onunla əks istiqamətdə, üzü N.Yusifbəyli küçəsi istiqamətində sol zolaqda düzünə hərəkətdə olan mopedin sürücüsü, onun avtomobilinin sol hissəsinin onun hərəkətdə olduğu zolağa çıxdığını görüb, hadisənin qarşısını almaq üçün sərt əyləcdən istifadə etdiyindən mopedi aşmış, nəticədə mopedçi, mopedi ilə birlikdə sürüşərək onun dayanmaq üzrə olan avtomobilinin ön sol hissəsinə çırpılaraq dayanmışdır. Hadisədən dərhal sonra o avtomobilini tam dayanma həddinə çatdırıb, avtomobildən enərək, ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə mopedçiyə ayağa qalxmaqda köməklik edib idarə etdiyi avtomobilə mindirərək, yaxınlıqda fəaliyyət göstərən 5 saylı ŞKX-yə aparıb, qəbul şöbəsində özü və hadisə barədə məlumat verərək mopedçini müayinə etmələrini xahiş edib. 5 saylı ŞKX-nın həkimləri isə mopedçini KTM-yə aparmalarını məsləhət bildirdikləri üçün həmin sürücüsü TTYS-nin avtomobili ilə onun iştirakıyla KTM-yə aparılmışdır. KTM-də olduğu zaman həmin xəstəxanaya gəlmiş təhqiqatçı O.Məmmədov ilkin sənədləşdirmə apararaq araşdırmaya başlamış, o da həmin araşdırmada iştirak edib. Aparılan araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, 22.12.2021-ci il tarixdə saat 14:30 radələrində o, idarə etdiyi mopedlə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən avtomobil yolu ilə sol zolaqda təxminən 20-30 km/saat sürətlə üzü K.Rəhimov küçəsi istiqamətdə hərəkətdə olduğu zaman qeyd olunan küçədə yerləşən 5 saylı ŞKX yaxınlığında hansı şəraitdə baş verdiyini xatırlamadığı yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o xəsarət aldığından xəstəxanaya aparılıb. 25 dekabr 2021-ci il tarixli, HK-2-N 12937/102-8298 nömrəli raportdan görünür ki, 25.12.2021-ci il tarixdə saat 12:07-də DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vət. X3 məlumat verərək, 22.12.2021-ci il tarixdə ƏÇPA-nın Renault markalı avtomobili ilə onun qardaşı İbrahim Abbasovun idarə etdiyi Mopedin toqquşması nəticəsində qardaşının xəsarət alması ilə əlaqədar Nərimanov RPİ-də aparılan araşdırmadan narazılığını bildirdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən verilmiş 15.01.2022-ci il tarixli, 996 nömrəli ekspert rəyindən görünür ki, vət. X1 almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması baş beyin silkələnməsi, burun sümüyünün yerdəyişməyən sınığı, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağın əsas falanqasının arxa səthinin, sağ əlin İİ barmağın dırnaq falanqasının arxa səthinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin sıyrıqları-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 22.12.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar