Məhkəmə qərarları › İş №3(005)-416/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-416/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-416/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 31 yanvar 2025-ci il tarixli qərarından və xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 03:02 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi "KİA OPTlMA-minik" markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında onunla eyni zolaqda hərəkətdə olan sürücü X1 idarə etdiyi "Chevrolet Cruze-minik" markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq toqquşmuş və toqquşma nəticəsində sonuncuya Yüngül bədən xəsarətinin yetirilməsi və sürücü Şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə qeyd olunan tarixdə saat təxminən 03:02 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA OPTİMA” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 60 km sürətlə düzünə hərəkət etdiyini, o idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda qarşıda hərəkət edib, Z,Bünyadov prospektindən Q.Murad küçəsi istiqamətində dönən “Chevrolet Cruze” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlaya bilmədiyini və nəticə də idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə çırpıldığını,bundan sonra qeyd olunan avtomobilin sürücüsünün idarə etməni itirdiyini və beton səkiyə çırpıldıqdan sonra dəmir dirəyə dəyərək dayandığını, o hadisə nəticəsində bədən xəsarəti aldığını,bundan sonra avtomobildən düşüb, hadisənin təsirindən 112 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat verdiyini, zərbənin təsirindən səhhətində yaranmış problemlə əlaqədar özünü yaxşı hiss etmədiyini və huşunun getdiyini,daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etdiyini,barəsində tərtib olunan protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 03:02 radələrində o özünə məxsus idarə etdiyi "Chevrolet Cruze-minik" markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2ci zolaqla saat da 40 km sürətlə düzünə hərəkət etmişdir.O idarə etdiyi avtomobil ilə Z.Bünyadov prospekti ilə Q.Murad küçəsinin kəsişməsinə çatmağına az qalmış sağa dönmə İşığını yandırıb, idarə etdiyi avtomobilin sükanını sağa doğru döndərmişdir.Həmin vaxt onunla eyni zolaqdan ondan arxada hərəkət edan "KİA OPTİMA-minik" markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdı.Zərbənin təsirindən o idarə etməni itirmiş və ilk öncə beton səkiyə, daha sonra dəmir dirəyə çırpılmışdır.Bundan sonra hadisə yerinə TTYS-nın həkim briqadası polis əməkdaşları gələrək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmişdir.Hadisə zamanı o bədən xəsarəti almışdır. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş 2_NK №-45/102-2690 nömrəli, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:19-da DİN-in 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vət. X3 məlumat verərək, 29.12.24 tarixdə Nərimanov rayonu Z.Bünyadov pr. idarə etdiyi Chevrolet Cruze markalı Az ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin Kia Optima markalı Az ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin vurub hadisə yerindən uzaqlaşdığını və hadisə zamanı xəsarət alması ilə bağlı məlumat bildirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 30 dekabr 2024-cü il traixli, 2/73331 nömrəli protokoldan görünür ki, Şəxs ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 04 saylı 04 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, 1996-ci il təvəllüdlü vət. Şəxs məhkəmə - tibbi ekspertizasına və hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm:Vət. Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: başın təpə nahiyəsinin, sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 1542 saylı 16 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara əsaslanaraq, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir : Vət.X1 almış olduğu xəsarətlər- burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin şişkinli qançırı,alm və hər iki diz nahiyələrinin qançırları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıb, onlara dəyən maddi ziyanın ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar