Məhkəmə qərarları › İş №3(005)-4165/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4165/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4165/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən "xxxx" MMCnin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 02 oktyabr 2025-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 02 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərinin icrasından yayınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində icraat aparılan vəzifəli şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə həmin şəxslərin iştirakları olmadan məhkəmə prosesinin davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2115/2024 saylı xx.xx.2024 tarixli qərarından görünür ki, "xxxx" MMC-dən 32659.39 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhər 3 saylı Notariat Kontorunin 81-5442 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən cəmi 667.08 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir və həmin tarixdə hüquqi şəxsə bildiriş göndərilmişdir. 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC rəhbəri Şəxs barəsində axtarış elan edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırkı inzibati xəta haqqında iş üzrü icraatın predmeti, "xxxx" MMC-nin direktoru Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi faktının, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədibtörətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə, təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilməmişdir və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə inzibati məsuliyyətin fərdiliyi və təqsirə əsaslanması prinsiplərini rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş və bu əməlin törədilməsində təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. İş materiallarından, o cümlədən Bakı Kommersiya Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarından görünür ki, borclu subyekt fiziki şəxs Şəxs deyil, "xxxx" MMC adlı hüquqi şəxsdir. Hüquqi şəxs mülki hüququn müstəqil subyekti olaraq öz öhdəliklərinə görə özü məsuliyyət daşıyır. Vəzifəli şəxsin (direktorun) hüquqi şəxsin mülki-hüquqi öhdəliklərinə görə inzibati məsuliyyəti avtomatik olaraq yaranmır və bu, yalnız onun öz vəzifə səlahiyyətlərini pozaraq icra prosesinə qəsdən və üzrsüz səbəbdən mane olduğu təqdirdə mümkündür. İXM-nin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə məsuliyyətə cəlb olunurlar. Bu o deməkdir ki, Şəxs məsuliyyətə cəlb edilməsi üçün onun məhz bir vəzifəli şəxs kimi, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunundan və digər normativ aktlardan irəli gələn hansısa konkret vəzifəni pozduğu, icra məmurunun ona şəxsən ünvanlanmış qanuni tələbini yerinə yetirmədiyi sübuta yetirilməlidir. Hüquqi şəxsin borcunun mövcudluğu faktı, özlüyündə onun rəhbərinin təqsirini sübut etmir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki alternativ şərtin mövcudluğunu tələb edir: a) icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, yaxud b) icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarında icra məmurunun Şəxs şəxsən ünvanlanmış və onun tərəfindən icra edilməmiş hər hansı konkret qanuni tələbin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İcra məmurunun icraata başlamaq haqqında qərarı və borcluya göndərilmiş bildiriş hüquqi şəxsə, xəbərdarlıq isə hüquqi şəxsin rəhbəri kim iqeyd edilmiş X2 ünvanlanmışdır. Bundan sonra icra məmuru tərəfindən vəzifəli şəxsə hər hansı məlumatın təqdim edilməsi, əmlakın təsvir edilməsinə şərait yaradılması və ya digər icra hərəkətlərinin aparılması ilə bağlı konkret tələb irəli sürülməsi və bu tələbin Şəxs tərəfindən qəsdən və üzrsüz səbəbdən icra edilməməsi faktı sənədlərlə öz təsdiqini tapmır. Əksinə, icra məmuru tərəfindən görülən yeganə məcburi tədbir, borclu hüquqi şəxsin bank hesablarına sərəncamların yönəldilməsi (inkasso) və nəticə əldə edilmədikdə birbaşa vəzifəli şəxsin axtarışa verilməsi olmuşdur. "İcra haqqında" Qanun icra məmuruna borclu hüquqi şəxsin borcunun ödənilməsi üçün daha geniş və effektiv tədbirlər görmək səlahiyyəti verir (əmlakına baxış keçirilməsi, üzərinə həbs qoyulması, əmlakının qiymətləndirilərək satışa çıxarılması və s.). İcra məmurunun bu tədbirləri görmədən birbaşa vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib etməsi, hüquqpozmanın obyektiv cəhətinin tam formalaşmadığını göstərir. İş materiallarından icra məmurunun hüquqi şəxsin əmlakına baxış keçirməsi, bu istiqamətdə hərəkətlər etməsinə dair hər hansı sübut olmamış, iclasın vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edərək, vəzifəli şəxsin təqsirinin sübuta yetirilməsi ilə bağlı aktiv mövqe nümayiş etdirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati tədbirlərdən istifadə etməlidirlər. Hazırkı işdə icra məmurunun borclu hüquqi şəxsə qarşı bütün qanuni imkanları tükətmədən, onun rəhbərini inzibati məsuliyyətə cəlb etməsi mütənasiblik prinsipinə uyğun hesab edilə bilməz. İXM-nin 12.1-ci maddəsinə görə, əməl yalnız o halda inzibati xəta hesab olunur ki, o, təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan) törədilsin. İXM-nin 528.1-ci maddəsi isə icranın məhz "üzrsüz səbəbdən" həyata keçirilməməsini tələb edir ki, bu da təqsirin mövcudluğunun xüsusi əlamətidir. İş materiallarında Şəxs təqsirini birbaşa və ya dolayısı ilə sübut edən heç bir dəlil yoxdur. Onun icra sənədinin mövcudluğundan xəbərdar olub-olmaması, icra məmurunun hər hansı tələbi ilə tanış olub-olmaması və ən əsası, borcun ödənilməməsinin səbəbləri (obyektiv səbəblər, yoxsa qəsdən yayınma) araşdırılmamışdır. Protokol tərtib edən orqan tərəfindən onun izahatı alınmamış, mövqeyi öyrənilməmişdir. İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi tələb edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilsin. Məhkəmə hesab edir ki, hazırkı işdə Şəxs təqsiri ilə bağlı ciddi və aradan qaldırılmayan şübhələr mövcuddur. Birincisi, inzibati icraatın subyekti qeyri-müəyyəndir. İcra məmuru bir tərəfdən, "xxxx" MMC-nin vergi portalındakı məlumatlara əsasən qanuni təmsilçisi olan Şəxs barəsində protokol tərtib etmiş və hətta onun barəsində 25 sentyabr 2025-ci il tarixli qərarla axtarış elan etmişdir. Lakin digər tərəfdən, icra hərəkətləri çərçivəsində icra məmuru tamamilə başqa bir şəxslə, özünü direktor kimi təqdim edən X3 ilə təmasda olmuşdur və onun izahatını almışdır. Bu prosessual qeyri-müəyyənlik yaradır. Əgər icra məmurunun tələblərinin faktiki ünvanı və icraatla bağlı məlumatlandırılan şəxs X3 idisə, o zaman Şəxs hansı qanuni tələbdən xəbərdar olduğu və hansı tələbi yerinə yetirmədiyi tamamilə qaranlıq qalır. İkincisi, barəsində protokol tərtib edilmiş Şəxs subyektiv münasibəti araşdırılmamışdır. Onun icra sənədinin mövcudluğundan, icraata başlanmasından və ona qarşı hər hansı tələbin irəli sürüldüyündən xəbərdar olub-olmaması sübuta yetirilməmişdir. İcra məmurunun onu axtarışa verməsi faktı, əslində, onunla əlaqə saxlamağın mümkün olmadığını və beləliklə, ona hər hansı tələbin şəxsən irəli sürülmədiyini dolayısı ilə təsdiq edir. Şəxsin xəbəri olmadığı bir tələbi pozmasına görə təqsirli hesab edilməsi məntiqə və hüququn prinsiplərinə ziddir. Üçüncüsü, hətta izahatı alınmış X1 özünün də təqsiri sübuta yetirilməmişdir. Onun borcun mövcudluğunu etiraf etməsi və ya ödəməyə söz verməsi onun icradan qəsdən və üzrsüz səbəbdən yayındığını sübut etmir. Nəticə etibarilə, məhkəmə müəyyən edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin obyektiv və subyektiv cəhətləri yoxdur. İcraat hüquqi şəxsin öhdəliyini onun vəzifəli şəxsinin inzibati məsuliyyəti ilə səhv salınaraq, lazımi hüquqi və faktiki əsaslar olmadan başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə istinadən qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün inzibati xəta tərkibi olan əməlin aşkara çıxarılması şərtdir. Hazırkı işdə isə vəzifəli şəxsin əməlində belə bir tərkib aşkar edilməmişdir. İcra məmurunun səlahiyyəti borclu hüquqi şəxsə qarşı məcburi icra tədbirlərini davam etdirməkdən ibarətdir. Beləliklə, məhkəmə yekun olaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar