Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4168/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 2000000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 2000000.00 Rusiya rublu hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 06 sentyabr 2025-ci il tarixdə törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 2000000.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 2000000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 çıxışında protokola etiraz edərək bildirmişdir ki, müqavilə üzrə qarşı tərəfə 2000000.00 Rusiya rublu məbləğində pul köçürülüb, bunun qarşılığında mal ölkəyə idxal olunmuşdur. Müqaviləyə dəyişiklik edilməsinə baxmayaraq tərəfləri və şərtləri eyni qalmışdır, lakin bəyannamədə texniki səhv nəticəsində yeni müqavilə nömrəsi qeyd edilərək bəyan edilmədiyi göstərilmişdir. Həmin müqaviləyə əlavə də mövcuddur və dəyişiklik qanuna uyğun şəkildə edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, "Les-R.H” MMC ******* Rus rublu məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "Bank Respublika” ASC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş bəyənnamələrdən görünür ki, xx.xx.2023-cü il tarixli, **********2415 nömrəli bəyannamə üzrə açıq olan avans 1703800.00 Rusiya rublu bəyan edilmişdir. xx.xx.2023-cü il tarixli, **********9197 nömrəli bəyannamə üzrə açıq avans 1705760.00 Rusiya rublu bəyan edilmişdir. xx.xx.2024-cü il tarixli, **********4471 nömrəli bəyannamə üzrə açıq olan avans 1689240.00 Rusiya rublu bəyan edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın hərtərəfli, tam və obyektiv aparılması prinsipini rəhbər tutaraq, işdə olan sənədləri və tərəflərin mövqelərini tədqiq edərək aşağıdakı qənaətə gəlir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda irəli sürülən formal hüquq pozuntusu iddiasının mahiyyətini təyin etmək üçün, ilk növbədə, iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, geri qaytarılmaması və ya idxal edilməməsi mübahisə edilən xx.xx.2023-cü il tarixli valyuta köçürməsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Təqdim edilmiş **********4471, **********2415, **********9197 saylı gömrük bəyannamələrindən müəyyən edilir ki, Şəxs MMC tərəfindən 5098800.00 Rusiya rublu məbləğində mallar idxal edilmiş, lakin 44-cü xanada müqavilə nömrəsi texniki yanlışlıq olaraq 3/23-A3 əvəzinə, 3-1/23-AZ olaraq qeyd edilmişdir. Məhkəmə, işin faktiki hallarını qiymətləndirərkən, tətbiq edilən normanın hərfi mənasından daha çox, onun hüquqi təyinatını və qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutmağı zəruri bilir. İXM-nin 430.4-cü maddəsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin mühüm elementlərindən olan valyuta tənzimi və nəzarətinin təmin edilməsinə yönəlmişdir. Bu normanın məqsədi rezidentlər tərəfindən idxal əməliyyatı adı altında valyuta vəsaitlərinin əvəzsiz və geri qaytarılmamaq şərtilə ölkədən çıxarılmasının, yəni pərdələnmiş kapital axınının qarşısını almaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında da qeyd edildiyi kimi, bu kimi normalar valyuta nəzarətinin effektivliyinin artırılmasına xidmət edir. Lakin, təqdim olunmuş iş üzrə vəziyyət bu normanın nəzərdə tutduğu hüquq pozuntusu fərziyyəsindən köklü şəkildə fərqlənir. Qanunun məqsədi valyuta itkisinin qarşısını almaqdırsa, valyuta qazancı ilə nəticələnən bir əmələ görə cəza tətbiqi həmin qanunun ruhuna və məqsədinə zidd olardı. Hüququn formal tətbiqi, onun əsl mahiyyətini üstələməməlidir. İXM-nin 8-ci maddəsi (Təqsirsizlik prezumpsiyası) tələb edir ki, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilsin. Bu işdə, təqdim olunmuş sənədlər toplusu ən azı "Les-R.H” MMC-nin təqsirsizliyi barədə ciddi və əsaslı şübhələr yaradır ki, bu da təqsirsizlik prezumpsiyasının prinsiplərinə uyğun olaraq şirkətin xeyrinə yozulmalıdır. İnzibati xətanın obyektiv cəhəti qanunla qorunan ictimai münasibətlərə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) ehtiva edir. Mərkəzi Bankın tərtib etdiyi protokol formal olaraq "Les-R.H” MMC-nin hərəkətsizliyinə yəni, vəsaitin ödənilməsindən sonra 2 il ərzində malların Azərbaycana idxal edilməməsinə və ya vəsaitin geri qaytarılmamasına istinad edir. Lakin, məhkəmə iş materiallarını tədqiq edərkən müəyyən edir ki, iddia edilən inzibati xəta hadisəsi mövcud olmamaqla bərabər, sadəcə texniki yanlışlıqdan qaynaqlanır. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, həmin texniki yanlışlıq aradan qaldırılması üçün əlavə müqavilə bağlanılmış, müqavilənin nömrəsi dəyişdirilmişdir. Yəni texniki yanlışlıq aradan qaldırılmışdır. İdxal olunan mallar və köçürülmüş vəsait isə eynilik təşkil etməklə, hər hansı pozuntu halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, bu hərəkətsizliyin ictimai təhlükəliliyi sıfıra bərabərdir. İctimai təhlükəliliyin əsas meyarı qorunan ictimai münasibətlərə vurulmuş və ya vurula biləcək zərərdir. İXM-nin 430.4-cü maddəsinin qoruduğu ictimai münasibət ölkənin valyuta ehtiyatlarının sabitliyi və tədiyyə balansının qorunmasıdır. İş materiallarından isə birmənalı şəkildə görünür ki, Şəxs MMC-nin həyata keçirdiyi əməliyyatlar zənciri nəticəsində Azərbaycan Respublikasının iqtisadi maraqlarına heç bir zərər dəyməmişdir. Belə ki, sözügedən mallar tam şəkildə ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə bu kontenkstə hərfi mənadan daha çox hüquqi mənaya yönəlir. İXM-nin 3-cü maddəsinin tələbinə görə, inzibati məsuliyyət yalnız təqsirli əmələ görə yaranır. Təqsir isə şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə psixi münasibətini ifadə edir. Məhkəmə, işin hallarını təhlil edərək müəyyən edir ki, Şəxs MMC-nin hərəkətlərində valyuta tənzimi qaydalarını pozmağa yönəlmiş qəsd mövcud deyildir. Şirkətin məqsədi qanunsuz yolla valyuta çıxarmaq olmamış, sadəcə texniki yanlışlıq baş vermişdir. "xxxx" MMC-nin əməliyyatın bütün mərhələlərini sənədləşdirməsi, şəffaf şəkildə aparması və nəticədə alınmış malları tam həcmdə ölkəyə idxal etməsi onun hər hansı qanunsuz niyyətinin olmadığını sübut edir. Belə olan halda, şirkətin hərəkətlərində inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir elementi mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilən faktiki və hüquqi əsasların məcmusunu qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs MMC tərəfindən həyata keçirilən əməliyyat ölkənin iqtisadi maraqlarına zərər vurmamış və bu əməldə şirkətin təqsiri olmamış, alınmış mallar tam şəkildə idxal edilmişdir. Buna görə də, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin elementləri mövcud deyildir. Məhz bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4168/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4168/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver