Məhkəmə qərarları › İş №3(005)-417/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-417/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-417/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X8 Şöbəsi tərəfindən 29 yanvar 2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı O.Məmmədovun 29 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs YHQ pozaraq piyada X2 vuraraq sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirib. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 23 dekabr 2021-ci il tarixli, HK-1-N-1191 nömrəli raportdan görünür ki, 23.12.2021-ci il tarixdə saat 13:30-da Abşeron Rayon Mərkəzi xəstəxanasından məlumat daxil oldu ki, 21.12.21-ci il tarixdə YHN-si zamanı 1988-ci il təv. X3 xəsarət almışdır. 23 dekabr 2021-ci il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X4, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, “Metropark” TM-nin yaxınlığına baxış keçirilmişdir.baxış ilə müəyyən edilmişdi ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti yaş, yol örtüyünün hər iki istiqamət üçün eni 27.40 metr, işlək hissəsinin eni 16 metr, ehtiyat hissəsinin eni 11,40 metr, ehtiyat hissəsinin eni 11 metr, ayrıcı zolağın eni 0,40 metr hərəkət zolaqlarının sayı 4 müəyyən edilmişdir. Aparılan araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, 21.12.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mahiyyəti üzrə bildirib ki, qeyd olunan tarixdə saat 15:10 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən avtomobil yolunu F.Yusifov küçəsi ilə kəsişməsinin yaxınlığından üzü Metropark istiqamətində piyada qismində keçən zaman yolun birinci hərəkət hissəsini keçib, ikinci hissəni keçməkdə olduğu zaman Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən üzü Ə.Əliyev küçəsi istiqamətində hərəkətdə olan markasını və nömrəsinə fikir vermədiyi avtomobilin ön hissəsi tərəfindən vurulub. Zərbənin təsirindən o müvazinətini itirərək yerə yıxılıb. Bundan sonra avtomobilin sürücüsü olan tanımadığı qadın maşını saxlayaraq avtomobildən yerə endikdən sonra onu günahkar çıxarıb, özünü onun avtomobilinin qarşısına atmağının səbəbini soruşub. O isə qorxduğu üçün və həmin zaman heç bir ağrı hiss etmədiyindən xəsarət almadığını zənn etdiyi üçün yolun qalan hissəsini keçib, həmin ünvandan uzaqlaşıb iş yerinə gedib. Həmin gün axşam saatlarında özünü narahat hiss etsə də həmin gün və ertəsi gün həkimə müraciət etməyib. 23.12.2021-ci il tarixdə səhətində olan narahatçılıq aradan qalxmadığından o həkimə müraciət edib müayinədən keçmək qərarına gəlib. Bu səbəbdən 23.12.2021-ci il tarixdə Abşeron rayon Mərkəzi xəstəxanasına müraciət edib həkim müayinəsindən keçib. Xəstəxanada olunan müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Bundan sonra o Nərimanov RPİ-də aparılan təhqiqat araşdırmasında iştirak edib. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, Wolksvagen Passat minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 21.12.2021-ci il tarixdə saat 15:10 radələrində o idarə etdiyi, özünə məxsus Wolksvagen Passat minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Neymətulla küçəsi istiqamətindən üzü F.Yusifov küçəsi istiqamətində sol zolaqda təxminən 10-15 km/saat sürətlə hərəkət edib, Metropark Ticarət Mərkəzini keçəndən bir qədər irəlidə hərəkətini düzünə davam etdirdiyi zaman qəfil bir nəfər qadın piyadanın Təbriz küçəsində üzü A.Neymətulla küçəsi istiqamətdə tıxacla əlaqədar dayanmış vəziyyətdə olan markalarını və qeydiyyat nişanlarını xatırlamadığı avtomobillərin arasından çıxaraq yolu soldan sağa keçdiyini və onun hərəkətdə olduğu zolağa daxil olduğunu qəfil görüb, əyləcdən istifadə edərək avtomobilini saxlamağa çalışıb. Lakin o avtomobili tam dayanma həddinə çatdırana qədər idarə etdiyi avtomobilin ön həssəsi həmin piyadaya dəymiş, nəticədə piyada asfalt örtüyün üzərinə yerə yıxılmışdır. Hadisədən sonra o artıq dayanmış vəziyyətdə olan avtomobilindən yerə enib və həmin piyadaya yaxınlaşıb hər hansı bir xəsarət alıb-almadığını soruşub. Həmin xanım xəsarət almadığını bildirdikdən sonra o həmin xanıma müraciət edib piyada keçidi və zolağı olmayan yerdən avtomobil yolunun keçməsinin səbəbini soruşub. Bundan sonra həmin xanım piyada hərəkətinə davam edərək həmin ünvandan uzaqlaşıb getmişdir. Piyadanın getdiyini gördükdən sonra o da avtomobilini işə salaraq həmin ünvandan uzaqlaşıb gedib. Bir neçə gün keçəndən sonra o təhqiqatçı O.Məmmədovun dəvəti ilə Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan araşdırmada iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilmiş 11.01.2022-ci il tarixli, 984 nömrəli ekspert rəyindən görünür ki, vət. X1 almış olduğu xəsarətlər – sol diz oynağının, sağ baldırın şişkinli hematomaları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 21.12.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar