Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-417/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.5.1, 253-1.4 və 253-1.2.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs QSC barəsində İXM-in 253.5.1, 253-1.4 və 253-1.2.2-ci maddələri ilə MN seriyalı ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında tikinti işləri zamanı 8 ədəd ağac qanunsuz köçürülmüş, 6 ədəd ağac zədələnmiş və ərazidəki ağacların mühafizəsi tədbirləri görülməmişdir. Nəticədə Şəxs QSC tərəfindən İXM-in 253.5.1, 253-1.4 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X2 protokolda göstərilənləri qismən etiraf edərək izahatında bildirdi ki, tikinti işləri aparılarkən bəzi ağacların yeri dəyişdirilmişdir. Bundan əlavə protokolda göstərilən digər hallarla razı olmadıqlarını bildirdi. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, Nərimanov rayonunun Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Şəxs QSC tərəfindən aparılan tikinti sahəsindəki yaşıllıqların mühafizəsinə nəzarət məqsədilə tərəflərindən yerində araşdırılma aparılaraq tikinti ərazisinə baxış keçirilmişdir. Həmin baxış zamanı ərazidəki yaşıllıqlara zərər vurulması halları aşakr edilmişdir. Belə ki, tikinti sahəsində tikinti başlamazdan əvvəl və tikinti başladıqdan sonra çəkilmiş foto-şəkillərin də müqayisəsi zamanı ərazidəki bəzi ağacların yerinin dəyişdirilməsi, bəzilərinin isə tamamilə zərər görməsi müəyyən olunur. Göstərilən hallar idarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsi zamanı tərtib edilmiş aktla da təsdiq edilir. Bundan əlavə Şəxs QSC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda ağacların yerinin dəyişdirildiyini bildirməsi də etiraf edici hal kimi məhkəmə tərəfindən qiymətləndirilərək MMC barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC tərəfindən İXM-in 253.5.1, 253-1.4 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 10 dekabr 2020-ci il tarixli, ER-22/433 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, təqdim olunmuş layihə üzrə əraziyə baxış keçirilmiş və planlaşdırılan tikintilər altına cəmi 47 ədəd yaşıllıqların düşməsi halı müəyyənləşdirilmişdir. Həmin yaşıllıqlar cins tərkibinə görə aşağıdakı qaydada müəyyənləşdirilmişdir. 20 ədəd safora, 2 ədəd göyrüş, 5 ədəd tut, 5 ədəd sərv, 5 ədəd qovaq, 3 ədəd akasiya, 2 ədəd qarağac ağaclarının və 5 ədəd liqustur kolunun olduğu müəyyənləşdirilmişdir. Şəxs QSC-nin tikinti sahəsində aparılan yoxlama zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli, 72332 nömrəli aktdan görünür ki, İdarənin xx.xx.2023-cü il tarixli 003BD№-li Sərəncamına əsasən Nərimanov rayonunn Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Şəxs QSC (VÖEN **********) tərəfindən aparılan tikinti sahəsindəki yaşıllıqlarn mühafizəsinə nəzarət məqsədilə tərəflərindən yerində araşdırılma aparılaraq tikinti ərazisinə baxış keçirildi. Araşdırma zamanı sözügedən ünvanda yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 55№-li Sərəncamına əsasən Şəxs QSC-nin istifadəsinə 2,75 ha torpaq sahəsinin ayrıldığı və tikinti layihə sənədlərinin X8 Agentliyinin xx.xx.2020-ci il tarixli ER-22/433 №-li ekspertiza rəyi ilə razılaşdırıldığı məlum oldu. Tikinti ərazisinə baxış zamanı Həsənoğlu küçəsi 16 A ünvanında inşa olunan 1 və 2 saylı binaların qarşısında köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 4 ədəd (d=40;32;50;48 sm) safora, 1 ədəd (d= 60 sm) tut və həmin ərazinin yaxınlığında inşa olunan nasosxananın tikintisinə mane olan 3 ədəd (d=14;16;26 sm) 3 ədəd ayland olmaqla, ümumilikdə 8 ədəd ağacın götürülərək tikinti ərazisinin digər sahəsinə əkildiyi faktı aşkar olundu. Bundan başqa Həsənoğlu küçəsi 83 A ünvanında tikinti layihə sənədlərinə əsasən tikinti altına düşən yataqxana binasının söküntüsü zamanı ərazidə yerləşən ağacların mühafizəsi qanuna müvafiq qaydada təmin edilmədiyindən maşın və mexanizmlər tərəfindən kökü üstə yaş bioloji inkişafda olan 5 ədəd (d=30;36;32;44;42 sm) safora və 1 ədəd (d=32 sm) qarağac olmaqla, ümumilikdə 6 ədəd ağacın gövdəsinin və çətirinin tamlığının pozularaq zədələndiyi müəyyən olundu. Araşdırma müddətində ağacların qanunvericiliyin tələblərinə uyğun köçürülməsini təsdiq edən heç bir rəsmi sənəd təqdim olunmadı. Araşdırmada iştirak edən Şəxs QSC-nin meneceri X5 ağacları qanunsuz köçürülməsi ilə bağlı yazılı izahatında həmin ağacların tikintiyə maneə yaratdığından köçürüldüyünü təsdiq edərək bunu qanun pozuntusu olması barədə məlumatlarıının olmadığını bildirdi. Beləliklə Şəxs QSC tərəfindən tikinti işləri zamanı ağacların qanunsuz köçürülməsi, zədələnməsi və tikinti əraziləri yaşıllıqların mühafizəsinin qanuna müvafiq qaydada təmin edilməməsi nəticəsində “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasıı Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı və “Yaşıllıqlarlın müfəssəl siyasıının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə qaydası (rejimi) təsdiq edilməsi haqqında xx.xx.2018-ci il tarixli, 21 saylı qərarlarının tələblərinin pozulduğu müəyyən edildi. Ekoloji ekspertiza rəyi, izahat və ərazidən çəkilmiş fotoşəkilllər akta əlavə olunmuşdur. Şəxs QSC-nin meneceri X3 xx.xx.2023-cü il tarixli izahatından görümür ki, Şəxs QSC tərəfindən inşası aparılan Həsənoğlu küçəsi 16A ünvanında 1-ci binanın qarşısında mövcud olmuş 5 ədəd köküstə yaş müxtəlif diametrli tut və safora ağaclarının, həmçinin nasosxananın yanından köçürülmüş 3 ədəd köküstə yaş ayland ağaclarının (ümumilikdə 8 ədəd) ağacın köçürülməsi ilə bağlı aparılan araşdırma ilə bağlı bildirirəm ki, həmin ağacların tikinti işlərinə maeə yaratdığından tərəfimizdən çıxarılaraq tikinti ərazisindəki boş sahələrə əkilmiş, suvarılmış və qulluq göstərilmişdir. Lakin ağacların köçürülməsinin (yerinin dəyişdirilməsinin) qanuni pozuntu olduğundan məlumatımız olmayıb. Bunun nəzərə alınması xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 55№-li Sərəncamına əsasən Şəxs QSC-nin istifadəsinə 2,75 ha torpaq sahəsinin ayrılmışdır və tikinti layihə sənədlərinin X8 Agentliyinin xx.xx.2020-ci il tarixli ER-22/433 №-li ekspertiza rəyi ilə razılaşdırılmışdır. Tikinti ərazisinə baxış zamanı Həsənoğlu küçəsi 16 A ünvanında inşa olunan 1 və 2 saylı binaların qarşısında köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 4 ədəd ( d=40;32;50;48 sm) safora, 1 ədəd (d= 60 sm) tut və həmin ərazinin yaxınlığında inşa olunan nasosxananın tikintisinə mane olan 3 ədəd (d=14;16;26 sm) 3 ədəd ayland olmaqla, ümumilikdə 8 ədəd ağacın götürülərək tikinti ərazisinin digər sahəsinə əkildiyi, bundan başqa Həsənoğlu küçəsi 83 A ünvanında tikinti layihə sənədlərinə əsasən tikinti altına düşən yataqxana binasının söküntüsü zamanı ərazidə yerləşən ağacların mühafizəsi qanuna müvafiq qaydada təmin edilmədiyindən maşın və mexanizmlər tərəfindən kökü üstə yaş bioloji inkişafda olan 5 ədəd (d=30;36;32;44;42 sm) safora və 1 ədəd (d=32 sm) qarağac olmaqla, ümumilikdə 6 ədəd ağacın gövdəsinin və çətirinin tamlığının pozularaq zədələndiyi müəyyən olunmuşdur. Qeyd edilən hallar iş materiallarında olan aktla təsdiq edilmişdir. Bundan əlavə Şəxs QSC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasında bəzi ağacların yerinin dəyişdirildiyi etiraf edilmişdir. Qeyd edilən hallarla İXM-in 253.5.1, 253-1.4 və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır. Hüquqi əsaslandırma: “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X8sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X8sının obyekti olan və X8sının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. İXM-in: 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə -fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. 253.5.1-ci şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə-fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə yaşıllıqların götürülməsinə yol verilən halların dairəsi dəqiq müəyyən olunmuş və bu hallardan başqa yaşıllıqların götürülməsi qadağan olunaraq həmin hərəkətlərə görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilikdə yaşıllıqların götürülməsinə dair müraciət olunacaq və buna dair müvafiq qərar qəbul etmə səlahiyyəti olan qurumların siyahısı və həmin qərarın qəbul edilməsi proseduru dəqiq müəyyən olunmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən yaşıllıqların götürülməsinə dair qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla qəbul edilməlidir. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin Şəxs QSC tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən İXM-in 253.5.1, 253-1.4 və 253- 1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 253-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1, 253-1.4 və 253- 1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15.000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-417/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-417/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver