Məhkəmə qərarları › İş №3(005)-417/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-417/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-417/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4, Şikayətçi barəsində qərar qəbul edilmiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə bağlı X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X5 Xidmətinin Bakı Ərazi İdarəsinin 27 yanvar 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən barəmdə 900 manat cərimə növündə inzibati tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta dedikdə, fiziki və ya hüquqi şəxsin qanunla müəyyən olunmuş hüquq qaydalarını pozması başa düşülür. Lakin inzibati xətanın mövcud olması üçün onun obyektiv və subyektiv tərkib hissələrinin olması zəruridir. Hazırkı hallarda isə subyektiv cəhətdən hüquq pozuntusunun tərkib hissəsi mövcud deyil, çünki: 1. İşəgötürənin əmək haqqını qəsdən və ya ehtiyatsızlıqdan gecikdirmək niyyəti olmamışdır. 2. Maaşın ödənilməsi üçün işçinin təqdim etdiyi satış sənədlərinin yoxlanılması zərurət olmuşdur, bu isə iş prosesi ilə bağlı obyektiv əsaslandırılmış haldır. 3. Əmək haqqının verilməsinin 1-2 gün gecikdirilməsi qəsdən deyil, obyektiv səbəblərə əsaslanır. Şirkət tərəfindən əmək haqqı işçinin gördüyü işə əsasən hesablanırdı, işçi müvafiq satış sənədlərini təqdim etmədən onun əmək haqqını hesablayıb ödəmək mümkün deyil. Bu isə işəgötürənin işçinin təqdim etdiyi sənədlərin düzgünlüyünü yoxlaması zərurətini doğurur. İnzibati xəta törətmiş şəxs qəsdən və ya ehtiyatsızlıqdan qanun pozuntusuna yol verdikdə məsuliyyət daşıyır. Lakin, hazırkı işdə nə qəsdən, nə də ehtiyatsızlıqla yol verilmiş hüquq pozuntusu yoxdur. Azərbaycan Respublikasının məhkəmə təcrübəsində də işəgötürənin əmək haqqının gecikdirilməsi ilə bağlı qəsdin olub-olmaması əsas meyar kimi götürülür. Məhkəmə qərarlarında əsas götürülən mühüm meyarlar aşağıdakılardır: 1. İşəgötürənin əmək haqqını ödəməmək məqsədinin olub-olmaması; 2. Gecikmənin obyektiv səbəblərlə əlaqədar olub-olmaması; Azərbaycan Respublikasının Ali Məhkəməsinin əmək mübahisələri üzrə qəbul etdiyi qərarlara əsasən, əgər əmək haqqının gecikməsi işin spesifik xüsusiyyətlərindən irəli gəlirsə və işəgötürən tərəfindən qəsdən edilməyibsə, inzibati məsuliyyətin tətbiqi əsassız sayılır. Şikayət edən şəxs Əsgərov Fərhad 5366,91 manat "xxxx" ASC-yə maddi ziyan vurub. Bu hal müstəqil auditor rəyi ilə təsdiq olunub və Fərhadın barəsində Quba Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən X1 şikayətini müdafiə edərək əmək haqqının gecikməsinin ondan asili olmayan səbəblərdən baş verdiyini bildirmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 şikayətin əsassız olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X6 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Bundan başqa əmək haqqının qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödənilmədiyini təsdiq etmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışdan aydın olur ki, əmək haqqı ödənişləri müxtəlif tarixləri əhatə etməklə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə edilmiş əlavədə göstərilən hər ayın 5-dən gec olmayaraq ödənilməlidir tələbini pozmaqla 5-dən sonrakı tarixlərdə ödəmələr həyata keçirilmişdir. Əmək Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Reüspublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”ının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar