Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4170/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 03 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC 32526.85 ABŞ dolları məbləğində vəsaiti 12 sentyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32526.85 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, sözügedən protokolda idxal edilməmiş malların dəyəri özlərinin hesablamasına uyğun olaraq, 10699 ABŞ dolları olaraq müəyyən edilir. Lakin, bununla bağlı müvafiq sənədləri "xxxx"a və Mərkəzi banka təqdim etsələr də, sonuncular xx.xx.2019-cu il tarixdən bu yana kimi idxal dilmiş mallar üzrə 29 bəyyannaməni araşdırıb qarşısını bağlamırlar. Sonuncu dəfə Kapital Bank ASC-dən əldə edilmiş 12 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, **********881 nörəli byannamə üzrə 10480.9 ABŞ dolları qalıq vardır və həmin bəyannamə Şəxs QSC tərəfindən "xxxx" ASC-dəki hesabı üzrə aparılan əvvəlcədən ödənişlərin bağlanması üçün təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Kapital Bank” ASC-nin 18 sentyabr 2025-ci il tarixli, KB-244/2-2248/2025 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 12-15 sentyabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs QSC-də göstərilmişdir. 12 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, “UNİ KO QSC 32526.85 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. 12 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, **********881 nörəli byannamə üzrə 10480.9 ABŞ dolları qalıq vardır və həmin bəyannamə Şəxs QSC tərəfindən "xxxx" ASCdəki hesabı üzrə aparılan əvvəlcədən ödənişlərin bağlanması üçün təqdim edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatı apararkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit olunmuş vəzifələrinə uyğun olaraq, işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmağı, toplanmış sübutları isə İXM-nin 84.cü maddəsinin tələblərinə müvafiq olaraq, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən 12 sentyabr 2023-cü il tarixdə 32,526.85 ABŞ dolları məbləğində valyuta vəsaitinin avans yolu ilə xaricə köçürülməsi və müəyyən edilmiş müddət ərzində 19180.25 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılmaması (malların idxal edilməməsi) faktı iş materialları ilə tam şəkildə sübuta yetirilir. Məhkəmə, müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərkən, tətbiq edilən normanın təkcə hərfi mənasını deyil, həm də onun hüquqi təyinatını, qanunvericinin iradəsini və qoruduğu ictimai münasibətlərin mahiyyətini əsas götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha fundamental məqsədlərə xidmət edir. Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə müvafiq Qaydalara edilən dəyişikliklə, avans ödənişləri üzrə öhdəliyin icra müddətinin 270 gündən 2 ilədək uzadılması qanunvericinin sahibkarlıq fəaliyyətinin reallıqlarını və beynəlxalq ticarətdəki mümkün gecikmələri nəzərə aldığını göstərir. Bu, kifayət qədər uzun və ağlabatan bir müddətdir ki, bu müddət ərzində öhdəliyin icra edilməməsi artıq subyektin məsuliyyətsizliyinə və ya qanunun tələblərinə biganəliyinə dəlalət edir. İnzibati xətanın obyektiv cəhəti, qanunla müəyyən edilmiş qaydaların pozulması ilə ifadə olunan ictimai təhlükəli əməldə (hərəkət və ya hərəkətsizlikdə) təzahür edir. Bu iş üzrə obyektiv cəhət, hüquqi şəxsin hərəkətsizliyi, yəni valyuta vəsaitinin köçürüldüyü andan etibarən qanunvericiliklə müəyyən edilmiş 2 (iki) illik müddət ərzində idxal əməliyyatını təsdiq edən sənədləri səlahiyyətli banka təqdim etməməsi və ya ödənilmiş vəsaiti geri qaytarmaması ilə tam şəkildə formalaşmışdır. Məhkəmə müəyyən edir ki, 12 sentyabr 2023-cü il tarixində köçürülmüş vəsait üzrə öhdəliyin icra edilməsi üçün son tarix 12 sentyabr 2025-ci il olmuşdur. Bu tarixdən sonrakı gün, yəni 13 sentyabr 2025-ci il tarixində, hüquqi şəxsin hərəkətsizliyi artıq başa çatmış hüquq pozuntusuna çevrilmişdir. Bu andan etibarən inzibati xətanın obyektiv tərkibi mövcuddur və inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı başlamışdır. Bu fakt iş materialları ilə təkzibedilməz şəkildə sübuta yetirilir. Şəxs QSC bir hüquqi şəxs olaraq, öz fəaliyyətində, xüsusilə də valyuta əməliyyatları kimi ciddi nəzarətdə olan bir sahədə qanunvericiliyin tələblərini bilməli və onlara riayət etmək üçün bütün zəruri tədbirləri görməli idi. Öhdəliyin icrası üçün qanunvericiliklə verilmiş 2 illik kifayət qədər uzun müddət ərzində heç bir tədbir görülməməsi, hüquqi şəxsin öz öhdəliklərinə laqeyd yanaşdığını göstərir və onun təqsirinin mövcudluğuna dəlalət edir. Məhkəmə, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlilləri təhlil etməyi zəruri hesab edir. Nümayəndənin mövqeyinə görə, hüquqi şəxsin real qaytarmadığı vəsait 10,699 ABŞ dolları təşkil edir və bu məbləğin də bağlanmamasının səbəbi müvəkkil bank tərəfindən təqdim edilmiş gömrük bəyannamələrinin araşdırılıb qarşılıqlı üzləşdirilməməsidir. Bu arqumenti əsaslandırmaq üçün məhkəməyə "xxxx" ASCnin 12 noyabr 2025-ci il tarixli məktubu təqdim edilmişdir. Lakin məhkəmə həmin məktubun və təqdim olunmuş digər sənədlərin öyrənilməsi nəticəsində nümayəndənin mövqeyinin işin faktiki hallarını düzgün əks etdirmədiyi və hüquqi cəhətdən əsassız olduğu qənaətinə gəlir. Belə ki, "xxxx" ASC-nin məktubunda qeyd olunan 10480.9 ABŞ dolları məbləğində qalıq, inzibati xəta protokolunun predmeti olan 12 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığına deyil, tamamilə fərqli, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə (**********8881) aiddir. Nümayəndə tərəfindən ümumi borc qalığının bir hissəsinin qeyd edilməsi, hazırkı inzibati xətanın predmeti olan 32,526.85 ABŞ dolları məbləğində konkret öhdəliyin icra edilməməsi faktını aradan qaldırmır. Hər bir avans ödənişi müstəqil valyuta əməliyyatıdır və onun müqabilində öhdəliyin icrası ayrıca sübut olunmalıdır. Təqdim edilmiş sənədlər arasında 12 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığı ilə köçürülmüş vəsaitin müqabilində malların idxalını və ya vəsaitin geri qaytarılmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Bu səbəbdən, nümayəndənin dəlilləri işin mahiyyətinə aid olmayan və məsuliyyətdən yayınmağa yönəlmiş cəhd kimi qiymətləndirilir və məhkəmə tərəfindən rədd edilir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu işdə inzibati tənbehin tətbiqi, digər iqtisadi subyektlərə valyuta tənzimi qaydalarına ciddi riayət etməyin zəruriliyi barədə aydın bir mesaj verəcək və gələcəkdə bu kimi hüquq pozuntularının qarşısının alınmasına xidmət edəcəkdir. Məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsi, ümumilikdə hüquq qaydasının möhkəmləndirilməsi üçün zəruridir. İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar bu işdə müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən faktiki halların və hüquqi əsasların məcmusunu qiymətləndirərək, Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində, yəni inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 19180.25 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3836.05 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4170/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4170/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver