Məhkəmə qərarları › İş №3(005)-4174/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4174/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4174/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Sarvan Rüstəmovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X1 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il saat 17:25 radələrində ona təhkim olunmuş “BMC Eurab” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətindən üzü Azadlıq prospekti istiqamətində iki zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla hərəkətdə olan zaman “Yol verin” nişanının tələblərini pozmaqla hərəkətini davam etdirdiyi üçün sol tərəfdən gələn mopedə yol vermədiyindən, həmin moped avtobusun sol tərəfinə dəyərək aşmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli hesab etməyərək izahatında bildirmişdir ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. xx.xx.2025-ci il saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “BMC Eurab” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətindən üzü Azadlıq prospekti istiqamətində iki zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla olduqca aşağı surətlə hərəkətini davam etdirərkən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində “Yol ver” nişanının tələbinə uyğun olaraq avtomobili dayandırmış, bu zaman Azadlıq prospekti istiqamətində hərəkətdə olan moped avtobusun ön sol hissəsi ilə toqquşmuş, mopedin sürücüsü yerə yıxılmışdır. Həmin vaxt onun idarə etdiyi avtobus hərəkətdə olmamışdır. Məhkəmənin iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinin sxeminə əsasən avtobusun “yol ver” nişanının qarşısında deyil, yolayrıcında olmasını və toqquşmanın yolayrıcında göstərilməsini nə ilə izah edə biləcəyi barədə sualına cavabında qeyd etmişdir ki, idarə etdiyi avtobusla yolayrıcına daxil olarkən sol tərəfdən mopedin hərəkət etdiyini görüb avtobusu dayandırmış, bu zaman moped avtobusun ön sol tərəfində dəymişdir. Toqquşma zamanı avtobus hərəkətdə olmamışdır. Ona görə də baş vermiş hadisədə özünü təqsirli hesab etmir. Bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və zərərçəkmiş şəxsə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 906 nömrəli rəyindən görünür ki, vətənda. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sağ saidin və sağ baldırın cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları, sağ baldırın sıyrığı və qançırları- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş Zərərçəkmiş şəxs inzibati xəta haqqında iş üzrə icraat materialında olan izahatından görünür ki, xx.xx.2025-ci il saat 17:25 radələrində etibarnamə əsasında idarə etdiyi “Angelchamp” markalı mopedlə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətində iki zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla 30 km/saat surətlə hərəkətdə olarkən həmin vaxt Z.Bünyadov prospektində “BMC Eurab” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu onun qarşısına çıxmış və idarə etdiyi mopedin qabaq hissəsi avtobusun qabaq sol hissəsi ilə toqquşmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarında olan izahatlar, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi, yol-nəqliyyat hadisəsi yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sübutlarla tam təsdiq olunur. Belə ki, Şəxs xx.xx.2025-ci il saat 17:25 radələrində “BMC Eurab” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətindən Azadlıq prospekti istiqamətində iki zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla hərəkətdə olan zaman 2.4 “Yol verin” nişanının tələblərini pozmaqla hərəkətini davam etdirməklə yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmamalı və diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı olduğu halda hərəkət üstünlüyünə malik və yolayrıcına sol tərəfdən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektindən daxil olan “Angelchamp” markalı mopedə yol vermədiyi üçün mopedin avtobusun ön sol tərəfinə dəyərək aşması nəticəsində ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs sağ saidin və sağ baldırın cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları, sağ baldırın sıyrığı və qançırlarından ibarət sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun: 63-cü maddəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sürücü vəzifəsində işləməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdırınan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-61, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar