Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4193/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili De Fendo Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1982-ci ildə Tovuz rayonu, İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 09 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov rayonunda gözəllik salonunda vətəndaş Mehdizadə Leylanı nalayiq sözlərlə təhqir etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X8 məhkəmə iclasında inzibati xəta haqqında protokola uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Nərimanov rayonu, X26 küçəsində iki nəfər şəxsin Gözəllik salonunun qarşısında mübahisə etdiyini görüb onlara yaxınlaşaraq özlərini təqdim edib nizam-intizama dəvət etmişlər. Bu şəxslər ictimai qaydanı pozub xırda xuliqanlıq etdiklərinə görə barəsində tədbir görülməsi üçün avtopatrulun köməyi ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişlər. Şöbədə onların izahatları alınmış, daha sonra isə şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ona zəng vurub “yoldaşını işdən çıxardırıq, gəlin götürün” demişlər. O da xəstəxanada olduğunu və gələ bilmədiyini bildirmişdir. Bu zaman xanım onu hədələmiş, o da 102 xidmətinə zəng edib şikayət etmişdir. Daha sonra o, əşyaları götürmək üçün salona getmiş, bu zaman 5-10 nəfər onların üstünə gəlmiş, qışqır-bağır edərək onları içəri salmış, ondan 300 manat da pul istəmişlər. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, salona polis əməkdaşları ilə birlikdə getmişdir. Yoldaşı nitq qüsurlu olduğuna görə onlarla özü danışmışdır. Anasının xəstəliyini və himayəsində olan azyaşlı övladını tək başına böyütməsini nəzərə alıb barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 çıxış edərək bildirmişdir ki, onlarla birlikdə gözəllik salonunda işləyən Aytən adlı şəxsin qeyri-rəsmi həyat yoldaşı olan Seymura zəng edib əşyalarını götürməsini bildirmiş, yeni işçi gələcəyini demişdir. Bu zaman Seymur onu mobil telefonda nalayiq ifadələrlə söyüb təhqir etmiş, xx.xx.2025-ci il günorta saatlarında Seymur və Aytən onların işlədikləri ünvan 2 ünvanında yerləşən “Mono Beauty” gözəllik salonuna gəlmiş, orada Seymurdan nə səbəblə təhqir etməsini soruşduqda Seymur ictimai qaydanı pozaraq ucadan səs-küy salmağa başlamış, onları təhqir etmişdir. Həmin vaxt içəridə olan müştərilər və digər işçilər bundan narahatlıq keçirmişlər. Barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 və X1 Tamilla Tərlan qızı ilə oxşar məzmunlu izahatlar verdilər. Məhkəmə iclasında şahid Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X13 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Mono Beauty” gözəllik salonu onun xidməti ərazisində yerləşdiyinə görə rəhbəri olan Türkan xanımı tanıyır. Hadisədən bir gün əvvəl xx.xx.2025-ci il tarixdə Türkan xanım ona zəng edərək işçisinin Seymur adlı şəxs tərəfindən mobil telefonda təhqir edilməsini demişdir. Bu hadisə ilə bağlı Seymur adlı şəxs də polisə müraciət etmişdir. Seymurun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Aytən adlı xanım həmin gözəllik salonunda işləmiş, müdiyyət onu işdən azad etdiyinə görə əşyalarının götürülməsi üçün Seymura zəng edilmiş, mübahisə o zəngdən sonra başlamışdır. Məsələni yoluna qoymaq üçün xx.xx.2025-ci il saat 16:30 radələrində o da salona getmiş, orada Tamilla xanım Seymurdan onu hansı səbəblə təhqir etdiyini soruşduqda sonuncu ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, orada olan müştərilər və digər işçilər narahatlıq keçirmişdir. Post-patrul xidmətinin köməyi ilə Seymuru sakitləşdirmək mümkün olmuşdur. Daha sonra onları polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə verdiyi izahatından görünür ki, həmin izahat məhkəmə iclasında verdiyi izahatla oxşar məzmunludur. Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanan raportdan görünür ki, xx.xx.2025-ci il saat 16:30 radələrində xidmətdə Nərimanov rayonu, X26 küçəsində iki nəfər şəxsin Gözəllik salonunun qarşısında mübahisə etdiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Onları avtopatrula əyləşdirib 18-ci PŞ-nə gətirib NH-ə təhvil vermişlər. Şəxs ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən və mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, tərəflər birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü və xx.xx.2012-ci il təvəllüdlü X9 atanın himayəsinə verilməsi barədə razılığa gəlmişlər. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı övladları var. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi izahatı, şahid ifadələri, iş materiallarında olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il saat 16:30 radələrində Nərimanov rayonu, X26 küçəsi ünvanında yerləşən ictimai yerdə ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən Şəxs barəsində inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qeyd olunan maddənin tələblərinə istinad edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində olan azyaşlı övladlarını təkbaşına böyütdüyü nəzərə alınaraq onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, o məhkəmə iclas zalında dərhal tutmadan azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-61, 105.1, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4193/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4193/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver