Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4239/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Şahverdiyeva Mehparə Mehdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-ci il tarixdə Naxçıvan MR,Babək rayonu, Cəhri qəsəbəsi fərdi tikilidə qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ 17-cı polis şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs narkotik, psixotrop tərkibli narkotik vasitələri istifadə edib daşımışdır. Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 17-cı polis şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, hadisə günü üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuş, xx.xx.2025-ci il tarixdə üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq, üzərindən heroin və metamfetamini aşkar etmişlər. Daha sonra həmin bükümlər qablaşdırılaraq götürülmüş möhürlənmişdir. Qeyd edir ki, 2-3 ay əvvəldən narkotik vasitə heroin və metamfetamin istifadə etmişdir. Əməlindən peşman olduğunu, bu kimi hallara bir daha yol verməyəcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik, psixotrop tərkibli narkotik vasitələri istifadə edib daşımışdır. Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 6288 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Psixi Dispanserdə (Naxçıvan MR) (F15.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2025-ci il tarixli, 6/3290 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Şəxs (imza) imza sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,096 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan tünd –qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs maddi sübut kimi götürülmüş 0,096 qram çəkidə psixotrop maddə metamfetamin və 0,378 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək saxlanması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən MN seriyalı ******* nömrəli, 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6288 nömrəli tibbi yoxlama haqqında rəyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2025-ci il tarixli, 6/3290 nömrəli rəyini, barəsində icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı verdiyi izahatı və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təkzibedilməz sübutlarla tam təsdiqini tapmışdır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə etmiş, o cümlədən xeyli miqdardan az miqdarda narkotik vasitə və psixotrop maddəni üzərində daşımışdır.. Bu fakt onun məhkəmədəki səmimi etirafı ilə yanaşı, daha da əhəmiyyətlisi, iş materiallarına əlavə edilmiş və heç bir şübhə doğurmayan Respublika Narkoloji Mərkəzinin rəsmi tibbi rəyi ilə tam sübuta yetirilir. Həmin rəyə əsasən, Şəxs bioloji materiallarının müayinəsi zamanı onun orqanizmində bir neçə növ narkotik maddənin AMP(+), MET(+), MOP(+), MTD(+) aşkar edilmişdir. Bu, təkcə birdəfəlik istifadə faktını deyil, həm də polinarkomaniya, yəni eyni zamanda bir neçə növ psixoaktiv maddədən sui-istifadə halını göstərir ki, bu da öz növbəsində əməlin ictimai təhlükəliliyini və şəxsin sağlamlığı üçün yaratdığı riski artırır. Məhkəmə, inzibati tənbeh növünü və həddini müəyyən edərkən İXM-in 31-ci maddəsinin tələblərini, yəni xətanın xarakterini, təqsirkarın şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları rəhbər tutur. İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyini vəd etməsi məhkəmə tərəfindən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Bununla yanaşı, İXM-in 33cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinin sanksiyası alternativ xarakter daşıyır və cərimə ilə yanaşı, bu tədbirin kifayət sayılmadığı hallarda iki ayadək müddətə inzibati həbsin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı işin konkret hallarında cərimə tənbehinin tətbiqi İXM-in 21-ci maddəsində nəzərdə tutulan tənbehin məqsədlərinə – həm xətanı törətmiş şəxsin islah olunmasına, həm də yeni xətaların törədilməsinin qarşısının alınmasına nail olmaq üçün kifayət qədər təsirli və adekvat tədbir deyildir. Bu qənaət aşağıdakı fundamental əsaslara söykənir: Birincisi, Respublika Narkoloji Mərkəzinin rəyində təkcə narkotik istifadəsi faktı deyil, həm də Şəxs "asılılıq sindromu (narkomaniya xəstəliyi)" diaqnozunun qoyulmasıdır. Bu, onun əməlinin təsadüfi bir hərəkət olmadığını, davamlı və patoloji xarakter daşıyan bir xəstəlikdən irəli gəldiyini göstərir. Belə bir vəziyyətdə cərimənin tətbiqi yalnız formal xarakter daşıyacaq və xəstəliyin kökündə duran səbəbləri aradan qaldırmayacaqdır. İkincisi, İXM-in 21-ci maddəsinin tələbinə görə, inzibati tənbehin məqsədlərindən biri şəxsin islah edilməsi və tərbiyələndirilməsidir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin islahı isə təkcə cəzalandırma ilə deyil, həm də məcburi müalicə və reabilitasiya ilə mümkündür. İXM-in 37-ci maddəsi məhz inzibati həbs tənbehi ilə yanaşı, narkomaniyadan məcburi müalicənin təyin edilməsini nəzərdə tutur. İnzibati həbs tədbiri, bu halda, həm cəza funksiyasını yerinə yetirir, həm də şəxsi narkotik maddələrin əldə oluna biləcəyi mühitdən təcrid edərək məcburi müalicənin effektivliyini təmin etmək üçün zəruri bir ilkin mərhələ rolunu oynayır. Cəza çəkib qurtardıqdan sonra onun dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi, müalicə prosesinin fasiləsizliyini və dövlət nəzarətini təmin edir. Bundan əlavə, şəxsin üzərində o cümlədən sözügedən maddələr aşkar edilmişdir ki, bu da inzibati xətanın ictimai təhlükəliyini artırır. Üçüncüsü, İXM-in 9.1-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipi tətbiq olunan tənbehin həm də ictimai mənafelərə uyğun olmasını tələb edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istehlakı cəmiyyət üçün yüksək təhlükə mənbəyidir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin islah olunmadan cəmiyyətdə sərbəst qalması yeni hüquq pozuntularının törədilməsi üçün real risk yaradır. Bu baxımdan, Şəxs cəmiyyətdən müvəqqəti təcrid edilməsi və məcburi müalicəyə cəlb olunması təkcə onun öz şəxsi sağlamlığının bərpası üçün deyil, həm də ictimai təhlükəsizliyin təmini üçün zəruri və mütənasib bir tədbirdir. Bütün bu halları məcmusunda qiymətləndirən məhkəmə, yüngülləşdirici halın mövcud olmasına baxmayaraq, törədilmiş inzibati xətanın xarakteri, onun ictimai təhlükəliliyi, Şəxs şəxsiyyəti və sağlamlıq vəziyyəti barədə tibbi rəylə təsdiqlənmiş hallar nəzərə alınmaqla, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbehin və İXM-nin 37-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsini ədalətli, qanuni və tənbehin məqsədlərinə nail olmaq üçün yeganə effektiv vasitə hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən saat 20:04-dən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 6288 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Şəxs Psixi Dispanserdə (Naxçıvan MR) qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan psixotrop maddə qalığı 0,066 qram çəkidə metamfetamin və narkotik vasitə qalığı 0,278 qram asetilə edilmiş tiryək məhv edilməli və iş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 55, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 oktyabr 2025-ci il tarixdən saat 20:04-dən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan psixotrop maddə qalığı 0,066 qram çəkidə metamfetamin və narkotik vasitə qalığı 0,278 qram asetilə edilmiş tiryək qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və Psixi Dispanserdə (Naxçıvan MR) qeydiyyatda olması nəzərə alınsın. Şəxs inzibati həbs cəzasını çəkdikdən sonra Respublika Narkoloji Mərkəzinə yerləşdirilməsi təmin edilsin. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə, məcburi müalicə ilə bağlı qərarın icrası Respublika Narkoloji Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4239/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4239/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver