Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4242/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahverdiyeva qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Müdafiəçi - “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmiş, bu günədək 2800.00 manat ödəniş etmişdir, ümumi ödənilməmiş vəsait 30086.00 manat təşkil edir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edir ki, vətəndaş icra məmurunun çağırışlarından yayındığı üçün barəsində axtarış tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən xəbəri var, məhkəmə qərarı ilə ayrıldıqdan sonra uşaq çox vaxt onunla qalmışdır, hazırda həmin qərardan kassasiya şikayəti vermişdir. İcra sənədi üzrə 5700 manat ödəyib, lakin borcun hamısını birdəfəlik ödəmək imkanı yoxdur, lakin, ödəniş etməkdən boyun qaçırmır. Qeyd etmişdir ki, hazırda aylıq gəliri dəyişkən olmaqla, son ay üzrə 3000 manat təşkil etmişdir. Ümumi orta gəliri 1000 manat, kirayə qaldığı evin haqqı 850 manatdır. Hazırda iki şirkəti olsa da, onlar faktiki olaraq fəaliyyət göstərmirlər və bütün yaranmış borcu ödəmək imkanı yoxdur. Lakin, əvvəlki qətnamə üzrə ödənişlərini tam şəkildə ödəmiş, apellyasiya məhkəməsinin qərarını 2 ay müddətində icra etməsi mümkün olmamışdır. Belə ki, apellyasiya məhkəməsinin qərarı ilə ona aylıq 2000 manat aliment öhdəliyi təyin edilmişdir. Sonda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 müdafiə etdiyi şəxslə eyni məzmunda çıxış edərək bildirdi ki, məhkəmənin qərarından hazırda onlar tərəfindən kassasiya şikayəti verilmişdir. Çünki müdafiə etdiyi şəxsin şirkətləri hazırda fəaliyyət göstərmir. Alimentin məbləği gəlirlərinə uyğun deyil. Qeyd edilənləri nəzərə alaraq alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli icra qətnaməsindən görünür ki, iddiaçı Vəkilsoy Leyla Aydın qızının apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2935/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi alimentin miqdarı və tutulma qaydası hissəsində dəyişdirilmiş xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Vəkilsoy Kazım Paşa oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Vəkilsoy Leyla Aydın qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 5,8 misli həddində (345 x 5,8 = 2000 manat) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit olunmuş daxili inam əsasında qiymətləndirərək, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlir. İnzibati məsuliyyətin əsasını təşkil edən İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə məhkəmə hakimiyyətinin nüfuzunun təmin edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı yaranan ictimai münasibətlərdir. İş materiallarından, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən və Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından müəyyən edilir ki, Şəxs üzərinə hər ay 2000 manat məbləğində aliment ödəmək öhdəliyi qoyulmuşdur. İcra məmurunun xx.xx.2025-ci il tarixli protokolu və məhkəmə iclasındakı izahatı ilə təsdiq olunur ki, borclu tərəfindən borcun yalnız cüzi bir hissəsi ödənilmiş, 30.086 manat məbləğində borc qalmışdır. Bu hərəkətsizlik, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn öhdəliyin icra edilməməsi, İXM-nin 528.1-ci maddəsinin obyektiv cəhətini tam əhatə edir. Şəxs gəlirlərinin dəyişkən olduğunu və aylıq 2000 manat alimenti ödəmək imkanının olmadığını bildirsə də, bu hal onu icra sənədini icra etməmək məsuliyyətindən azad etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının Ailə Məcəlləsi alimentin miqdarının azaldılması və ya ondan azad edilməsi üçün müvafiq məhkəmə proseduru nəzərdə tutur. Lakin, mövcud qətnamə qanuni qüvvədə olduğu müddətcə onun icrası imperativ xarakter daşıyır. Məhkəmə şəxsin maliyyə öhdəliklərinin kifayət etməməsi əsasından aliment öhdəliyini tam icra edə bilməməsi xüsusatına tənqidi yanaşır. Uşağın bəzən ata ilə qalması isə aliment öhdəliyinin icrası ilə deyil, valideynin uşaqla ünsiyyət hüququ ilə bağlı məsələdir və aliment borcunun ödənilməməsinə bəraət qazandırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan "məhkəməyə müraciət etmək hüququ", məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icrasını da əhatə edir (Hornsby Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qərarının tam şəkildə icra edilməməsi Konvensiyanın 6-cı maddəsinin mahiyyətini anlamsız edərdi. Beləliklə, məhkəmə Şəxs əməllərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərinin – obyekt, obyektiv cəhət, subyekt və qəsd formasında təqsirdən ibarət subyektiv cəhətin mövcudluğunu tam sübuta yetirilmiş hesab edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar (İXM 53-cü maddə) müəyyən edilməmişdir. İXM-nin 9.1-ci və 21-ci maddələrinin tələblərinə uyğun olaraq, inzibati tənbeh ədalətli olmalı, şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni xətaların törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır. Məhkəmə, tənbeh növü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: Şəxs borcun bir hissəsini ödəməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir və əməllərində məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, bir tərəfdən, xətanın ictimai təhlükəliliyini, onun məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməsini və uşağın maddi təminat hüququnun pozulması ilə nəticələnməsini, digər tərəfdən isə barəsində icraat aparılan şəxsin maliyyə vəziyyəti ilə bağlı iddialarını nəzərə alaraq, inzibati həbs tətbiqinin hazırkı mərhələdə son çarə kimi nəzərdən keçirilməli olduğunu və cərimə tənbehinin tətbiqinin daha mütənasib olacağı qənaətindədir. Tətbiq edilən cərimə həm cəzalandırıcı, həm də gələcəkdə bu cür hüquqazidd davranışdan çəkindirici xarakter daşımalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4242/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4242/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver