Məhkəmə qərarları › İş №3(005)-4247/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4247/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4247/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Mübariz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs Mübariz oğlu barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 08 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mübariz oğlu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 228B ünvanında, xx.xx.2025-ci il tarixində, saat 11:59-da “X4” adlı obyektin İ**********0001 nömrəli icazə tələblərini pozaraq açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə Şəxs Mübariz oğlu tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, məhkəmədən Şəxs Mübariz oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs Mübariz oğlu (VÖEN **********) vergi orqanında uçota alınmışdır; xx.xx.2025-ci il tarixli 11-3-1/2-6309/2025 nömrəli göstərişin məzmunundan görünür ki, “X4” adlı obyektə aid reklamın “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq, açıq məkanda İ**********0001 nömrəli icazənin tələbi pozularaq, yəni müvafiq yayım haqqı ödənilmədən reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli Akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə Şəxs Mübariz oğluna məxsus olan “X4” adlı obyektə xəbərdarlıq edilmişdir. (553689 nömrəli qəbzin surətindən görünür ki, məktub xx.xx.2025-ci il tarixdə ünvana çatdırılmışdır.) xx.xx.2025-ci il tarixli fotoşəkillərdən görünür ki, obyekt üzərində “X4” yazılı reklam yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Akt” dan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00da Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 228B ünvanında “X4” adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 1 ədəd 3.60 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. “Elektron Məhkəmə və İnformasiya Sistemi” vasitəsilə xx.xx.2025-ci il tarixdə Şəxs Mübariz oğlu tərəfindən ünvanlanmış ərizədən görünür ki, Bakı Şəhər Nərimanov rayonu, Azadlıq Prospekti 228 B ünvanında yerləşən “X4”( VÖEN **********) obyekt ilə 2025-ci ilin fevral ayında Azərbaycan Resbublikası Dövlət Reklam agentliyi İ**********0001 nömrəli obyektin reklam icazəsi aktı bağlanmışdır. Müqaviləyə əsasən 433.30 AZN illik dövlət rüsumu ödəmək öhdəçiliyi üzərinə düşmüşdür, aylıq rüsumları ödəməsinə baxmayaraq ADRA əməkdaşları tərəfindən 23 sentyabr 2025-ci il tarixdə iştirakı olmadan akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bu ilin fevral ayından ayda 36 manat ödəməsinə baxmayaraq (ödəniş qəbzləri əlavə olunur) ADRA əməkdaşları özbaşına akt tərtib etmişdirlər. Protokolda göstərilən əsaslar qanunvericiliyə və faktiki hallara uyğun olmadığından, ADRA tərəfindən tərtib edilmiş protokol əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Mübariz oğlu tərəfindən İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Fərmanın 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Fərmanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir; Fərmanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız İXMlə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Mübariz oğlunun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Mübariz oğlu İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mübariz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar