Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-427/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyi 22 avqust 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 40 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı Nəqliyyat Agentliyi 22 avqust 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə X1 şikayəti təmin edilmiş, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şaikyəti verilmişdir və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-616/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati işin baxılmağa hazırlanması barədə qərardadı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi "Ravon Nexsia R3" markalı , ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən F.X.Xoyski və Ə.Ağaoğlu küçəsində ani olaraq saxlamış və dərhal da hərəkəti davam etdirmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1. maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Onun dayanma və durma qaydalarını pozma tarixi xx.xx.2022-ci il tarix göstərilir, lakin heç bir protokol tərtib edilmədən, heç bir araşdırma aparmadan qanunun normaları pozulmaqla 6 ay sonra birbaşa qərar qəbul edilmişdir. Qeyd edir ki, inzibati xətanın qeydə alınması "Hikvision" vasitəsilə alınması göstərilmişdir. Halbuki AR İXM-nin 124.4. maddəsinə uyğun olaraq İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir. O, həmin vaxt avtomobildə olmuş və qanunvericliyin qeyd edilən norması pozulmuşdur. Onun tərəfimdən yol hərəkəti qaydaları pozulmasına yol verilməmişdir, belə ki, həmin ərazidə dayanacaq yoxdur, həmçinin dayanma və durmanı qadağan edən işarələr yoxdur. Bu hallar qətiyyən araşdırılmamışdır və qərar çıxarılmışdır. Bu qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlimdə AR İXM-nin 346.1. maddəsinin tərkibi yaranmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinin pozulması şəratində çıxarıldığı üçün ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı Nəqliyyat Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi törədilməsi ehtimal edilən X1 əməli üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-427/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-427/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver