Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-427/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X2 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4, 1997-ci il istehsalı BMW 320 markalı avtomobilin sürücüsü olaraq, 13 yanvar 2025-ci il tarixində, saat 11:08 radələrində ünvan 1 ünvanında kiçik serjant X3 tərəfindən ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi əsasında inzibati protokol tərtib edilib. Protokolun nömrəsi İXP 6814133-dür. Protokolun tərtib edilməsinə səbəb kimi, qarşıdan "Kral" şadlıq sarayı tərəfdən gələn və sağa dönən avtomobillərə yol verməməyi göstərilmişdir. Lakin təqdim olunan kamera görüntülərinə və yol hərəkəti qaydalarına əsasən, bu iddianın əsassız olduğu qənaətindədir. Hadisə ilə bağlı detallı faktlar və uyğun yol hərəkəti qaydaları: O, Mirəli Qaşqay küçəsindən sağa dönərək Şəmsi Rəhimov küçəsinə daxil olmuş və Həsən Əliyev küçəsi ilə Şəmsi Rəhimov küçəsinin kəsişməsində sola dönmə əməliyyatını icra etmişdir. Onun hərəkət trayektoriyası Həsən Əliyev küçəsinin ən sol zolağına daxil olub. Qarşı tərəfdən "Kral" şadlıq sarayı tərəfdən gələn avtomobillər isə ikinci zolaqdan sağa dönmə əməliyyatını icra etmişlər. Azərbaycan Respublikası Yol Hərəkəti Qaydalarının 86-cı maddəsinə əsasən, sağa dönmə əməliyyatı yalnız ən sağ zolaqdan icra edilməlidir. İkinci zolaqdan sağa dönən avtomobillərin bu hərəkəti yol hərəkəti qaydalarının pozulması hesab edilir. Onların zolaq pozuntusu onun hərəkət trayektoriyası ilə üst-üstə düşməsinə səbəb olub, lakin bu, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması demək deyil. Svetoforun üstünlüyü: Hadisənin baş verdiyi ərazidə işıqfor (svetofor) işlək vəziyyətdə olub. X7 Azərbaycan Respublikası Qanununun 64.3-cü maddəsinə əsasən, işıqforun işlədiyi halda yol nişanlarının (o cümlədən, "Yol ver" nişanının) tələbləri qüvvədən düşür və hərəkət üstünlüyü işıqforun göstərişlərinə uyğun olaraq təyin edilir. O, işıqforun göstərişlərinə tam əməl edərək hərəkət etmişdir. Kral şadlıq sarayı tərəfdən gələn yolun nişanlanma xətti, qarşı tərəfdən gələn yolda yerdəki nişanlanma xətləri sol zolaqla hərəkət edən avtomobillərin yalnız düzünə və sola dönməsini mümkün edir. Bu da bir daha təsdiq edir ki, həmin istiqamətdə sağa dönən avtomobillər yalnız sağ zolaqdan hərəkət etməli idi. İkinci zolaqdan sağa dönmə isə yol hərəkəti qaydalarına uyğun deyil. Təqdim olunan sübutlar əsasında, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması sübuta yetirilməyib. Bu səbəbdən, protokolun qüvvədə qalması qanunvericilik prinsiplərinə ziddir. Hərəkəti tam olaraq yol hərəkəti qaydalarına və işıqforun göstərişlərinə uyğun olub. Qarşı tərəfin ikinci zolaqdan sağa dönməsi qaydalara ziddir və onun yol hərəkət qaydalarına uyğun hərəkətinə maneə yaratmışdır. Yuxarıda göstərilən faktları və qaydaları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ona qarşı tətbiq etdiyi İXP ******* nömrəli inzibati protokolun ləğv edilməsini və əsassız inzibati məsuliyyətə cəlb edilməyinin qarşısının alınmasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:08-də Həsən Əliyev küçəsində X4 “BMW 320” minik markalı, 01CD173 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sağ tərəfdən gələn avtomobilə yol verməmiş, beləliklə, yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 11:08-də yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-427/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-427/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver