Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4280/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.2 və 539.3-cü maddələri ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin əmək müfəttişi X3 tərəfindən 06 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 129.2 və 539.3-cü maddələri ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 14 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs MMC tərəfindən vətəndaş X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Müfəttişlik tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-C-88980/2025 nömrəli məktub Şəxs MMC –nin ünvanına göndərilmiş, protokolun müzakrəsinə dəvət olunmuş iştirak edən olmamışdır. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Əmək Müfəttişliyi tərəfindən protokolda hüquqi şəxsə ünvanlanmış məktubun icra edilmədiyi qeyd edilmişdir. Lakin, protokolda və iş materiallarında məktub göndərildiyi qeyd edilsə də, iş materiallarına buna dair sübut, yəni məktubun çatdırılmasını təsdiq edən xəbərnaməli poçt qəbzi və ya çadırılmanı təsdiq edən digər sənəd əlavə edilməmişdir. Bununla da, hüquqi şəxsə ünvanlandığı qeyd edilən məktubun həqiqətən çatdırılmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, 06 oktyabr 2025-ci il tarixli protokol İXM-in tələbləri pozularaq, hər bir maddə üzrə ayrı-arı protokol tərtib edilmədən müxtəlif maddələr bir protokolda qeyd edilmişdir. Qeyd olunur ki, sözügedən əməllər ideal məcmu yaratmamaqla bərabər, ayrı-ayrı vaxtlarda törədilmiş inzibati xətalardır. Bundan əlavə, protokolun təsviri hissəsində Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilsə də, nəticə hissəsində həm 192.1, həm də 539.3-cü maddə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-in 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.2 və 539.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.2 və 539.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4280/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4280/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver