Məhkəmə qərarları › İş №3(005)-431/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-431/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-431/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, işləməyən, Kürdəmir rayonu, Mehdili kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. AP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs davamlı olaraq yol hərəkəti qaydalarını pozaraq hərəkət iştirakçılarına təhlükə yaradıb ictimaiyyətə açıq hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus “Hyundai İX35” markalı **- LO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ziya Bünyadov prospektində hərəkət edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. İnspektor ona yaxınlaşıb avtomaşında iki ay cərimə borcu olduğunu və bu səbəbdən avtomaşını duracağa aparacağını bildirmişdir. O, yol polisi əməkdaşına avtomobildə onkoloji xəstə olduğunu və saat 3-də əməliyyat olunacağını söyləmişdir. Polis əməkdaşı isə ona kömək edə bilməyəcəyini bildirmişdir. O, yenə də vəziyyəti izah etməyə çalışsa da, bunu bacarmamış və əsəbləşərək maşının arxa şüşəsini sındırmış, daha sonra isə avtomobilə əyləşib yenidən hərəkətini davam etdirmişdir ki, həyat yoldaşını tez xəstəxanaya çatdırsın. Daha sonra yol polisi əməkdaşları onun idarə etdiyi avtomobilin qarşısını kəsmişlər, o da etik qaydalara əməl edərək maşını təhvil vermişdir. Nəticə etibarı ilə həyat yoldaşı əməliyyata gecikmişdir. Hesab edir ki, polis əməkdaşları onunla kobud rəftar etməsə idi vəziyyət bu yerə gəlib çatmazdı. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X2 izahat verərək göstərdi ki, Şəxs davamlı olaraq yol hərəkəti qaydalarını pozaraq hərəkət iştirakçılarına təhlükə yaradıb ictimaiyyətə açıq hörmətsizlik edərək avtoxuliqanlıq hərəkəti etmişdir. Belə ki, o həmkarı X3 ilə birlikdə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində Ziya Bünyadov prospektində “Hyunday İX 35” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomaşının 2 aydan çox ödənilməyən cərimə borcu olduğunu aşkar etmişlər. Həmin avtomobil tərəflərindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş, sənədlərini təqdim etməyini və avtomaşının iki aydan çox ödənilməyən cərimə borcu olduğu üçün müvəqqəti dayanacağa aparılacağını bildirmişdir. Sürücü müxtəlif bəhanələr gətirərək dayanacağa getməyəcəyini bildirmiş və avtomaşına oturub sürmək istəmişdir. O, sürücüyə qanuna əməl etməyini bildirən zaman sürücü ictimaiyyətin qarşısında yumruqla vurub öz maşınının arxa şüşəsini sındırmışdır. O, həmkarı ilə sürücünü sakitləşdirərkən, sürücü maşına oturub sürməyə başlamış və polisin yenidən saxla əmrinə tabe olmamışdır. Həmin sürücü davamlı olaraq yol hərəkəti qaydalarını pozub, hərəkət iştirakçılarına təhlükə yaradıb, saxlama barədə işarəyə əməl etməyərək avtomobilini sürmüşdür. Həmin avtomobili marşrut üzrə hərəkət edərək operativ üsulla saxlamışlar. Sonra sürücünü sükandan kənarlaşdırıb avtomaşını müvəqqəti dayanacağa aparıb təhvil vermişlər. Buna görə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, o X5 ilə birlikdə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində Ziya Bünyadov prospektində “Hyunday İX 35” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomaşının 2 aydan çox ödənilməyən cərimə borcu olduğunu aşkar etmişlər və həmin avtomobilə tərəflərindən saxla işarəsi verilmişdir. X5 sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş, sənədlərini təqdim etməyini və avtomaşının iki aydan çox ödənilməyən cərimə borcu olduğu üçün müvəqqəti dayanacağa aparılacağını bildirmişdir. Sürücü isə bir sıra bəhanələr gətirərək dayanacağa getməkdən imtina etmiş və avtomaşına oturub sürmək istəmişdir. X5 sürücüdən qanuna əməl etməyini tələb edən zaman sürücü ictimaiyyətin qarşısında yumruqla vurub öz maşınının arxa şüşəsini sındırmışdır. O və həmkarı sürücünü sakitləşdirərkən, sürücü maşına oturub sürməyə başlamış və polisin yenidən saxla əmrinə tabe olmamışdır. Həmin sürücü davamlı olaraq yol hərəkəti qaydalarını pozub, hərəkət iştirakçılarına təhlükə yaradıb, saxlama barədə işarəyə əməl etməyərək avtomobilini sürətlə sürmüşdür. Həmin avtomobili marşrut üzrə hərəkət edərək operativ üsulla saxlamışlar. Sonra sürücünü sükandan kənarlaşdırıb avtomaşını müvəqqəti dayanacağa aparıb təhvil vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Nərimanov RPİ-nin DYPŞ-in rəisi Hüseyn Əliyevə DYPŞ-in YPX inspektoru Yusif Məmmədli tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Z.Bünyadov prospektində xidmət apararkən “Hyunday İX 35” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomaşında bort kompüter vasitəsilə yoxlayarkən 2 aydan çox ödənilməyən cərimə borcu aşkar olunmuşdur. Maşın tərəflərinən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntusunu izah edib, sənədlərini təqdim etməyini və avtomaşında iki aydan çox cərimə borcu olduğu üçün müvəqqəti dayanacağa aparılacağını bildirmişdir. Sürücü müxtəlif bəhanələr gətirərək dayanacağa getməyəcəyini bildirmiş və avtomaşına oturub sürmək istəmişdir. O sürücüyə qanuna əməl etməyini bildirən zaman sürücü yumruqla ictimaiyyətin qarşısında vurub öz maşınının arxa şüşəsini sındırmışdır. O, sürücünü sakitləşdirərkən maşına oturub sürməyə başlamışdır. O, təkrarən onu saxlamaq üçün sürümüşdür. Lakin həmin sürücü davamlı olaraq yol hərəkəti qaydalarını pozub, hərəkət iştirakçılarına təhlükə yaradıb, saxlama barədə işarəyə əməl etməyərək sürmüşdür. Həmin maşını marşrut üzrə hərəkət edərək operativ üsulla saxlamışlar. Sonra sürücünü sükandan kənarlaşdırıb avtomaşını müvəqqəti dayanacağa aparıb təhvil veriblər. Qeyd olunanları nəzərə alaraq ictimaiyyətə acıqca hörmətsizlik edib, davamlı olaraq yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq, polisin qanuni tələbinə əməl etməyib avtoxuliqanlıq hərəkətləri etdiyi üçün həmin sürücü barəsində qanuna uyğun şəkildə tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Hyundai İX 35” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil qapılar. Baqaj və yük yeri bağlı vəziyyətdə saxlanma yerinə qəbul edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş hadisə yerinin videogörüntülərinə baxış zamanı “Hyundai İX 35” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozması, dəfələrlə yolun hərəkət hissəsinin sağ və sol tərəflərinə ötmə əməliyyatı qaydalarını pozaraq keçməsi, beləliklə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etdiyi, hərəkət iştirakçıları üçün qəza şəraiti yaratdığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:00 radələrində “Hyundai İX 35” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi öz təsdiqini tapdı. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 19:00-dan hesablansın. Həbs etmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar