Məhkəmə qərarları › İş №3(005)-4327/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4327/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4327/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs iştirakları ilə, xx.xx.1978-cü ildə Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(103)-3342/2024 saylı icra sənədi üzrə borclu Şəxs 25108,28 (iyirmi beş min yüz səkkiz manat, iyirmi səkkiz qəpik) manat borc məbləğini ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da borclu icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3342/2024 saylı icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərarın surəti borclu tərəfindən qəbul etmişdir. Lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs xəbərdarlıq məktubu göndərilməklə borcu icra etməsi tələb olunmuş, əks halda barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görüləcəyi diqqətinə çatdırmışdır. Lakin borclu Şəxs üzərinə düşən öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokolda mexaniki səhvlik olmuşdur, borc məbləği ümumilikdə 247758.28 manat təşkil edir. Bu icra vərəqəsində də öz təsdiqini tapır. Şəxsin mülkiyyətində “BMW 745” minik markalı nəqliyyat vasitəsi aşkar edilməklə üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət edilmişdir. Şəxs bu günədək cəmi iki dəfə 150 və 200 manat olmaqla ödəniş etmişdir. Bu qədər borcun qarşılığında isə həmin ödənişlər olduqca cüzidir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, dələduzluq cinayəti törətməkdə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hazırda cəzasını çəkir. Maddi imkanı olmadığına görə ödəniş edə bilmir. Səhhətində heç bir problem yoxdur. Himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. İcra sənədi üzrə Şəxs 247000 manat borcu, 504,63 və 253,65 manat olmaqla dövlət rüsumları ondan tutularaq atasına ödənilməlidir. Bu şəxs illərdir yalnız 350 manat ödəniş etmişdir. 2020-ci ildən bəri borcu var, lakin o vaxtdan bəri heç bir ödəniş edilməmişdir. Məcid atası ilə müqavilə bağladığı zaman Binə qəsəbəsində olan iki evindən birini ona verəcəyini vəd etmişdir. Lakin vədinə əməl etməyərək aldatmışdır. Hazırda da aldatmağa davam edir. Bəhanə edir ki, guya həmin ev ona məxsus deyildir. Halbuki bələdiyyə sənədləri ilə eyni torpaq sahəsində olan evlər ona məxsusdur. Məcid dələduzluqla əvvəllər məhkum olunmuş, bildiyi qədərilə hazırda da barəsində dələduzluqla bağlı məhkəmədə işə baxılır. İllərdir heç bir ödəniş etməməklə atasını xəstəliyə düçar etmişdir. Hazırda da borcun ödənilməsi istiqamətində heç bir hərəkət göstərmir. Şəxs qərəzli şəkildə borcu ödəmədiyi üçün barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3342/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 247000 (iki yüz qırx yeddi min) manat məbləğdə pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 567 manat məbləğində dövlət rüsumunun 504,63 (beş yüz dörd manat altmış üç qəpik) manat məbləğində olan hissəsinin əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, apellyasiya şikayəti ilə bağlı ödənilmiş 285 manat məbləğində dövlət rüsumunun 253,65 manat məbləğində olan hissəsinin əvəzi cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3342/2024 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış elan olunmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 350 manat ödəniş edilmişdir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-188/2024 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmasına dair 1(060)-679/2025 saylı cinayət işi mövcuddur. (hakim Vüsalə Qasımova) Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuruz, zərərçəkmiş şəxsin və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədinə münasibətdə məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borclarının ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, işləməsinə baxmayaraq tələbkara olan borcunu qaytarmaması, pul məbləği ilə bağlı icra sənədlərini icra etməyən şəxsə cərimə növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmağın mümkünsüzlüyünü, eyni zamanda daha əvvəl də şəxs barəsində dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittihamedici hökm çıxarılması və hazırda da eyni kateqoriyalı cinayətin törədilməsi ilə ittiham olunmasına dair barəsində cinayət işinin mövcudluğu halında şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Hazırda onun inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 16 oktyabr 2025-ci il saat 12:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə çatdırılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar