Məhkəmə qərarları › İş №3(005)-433/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-433/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-433/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Bölməsinin təhqiqatçısı X3 Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-0244/22 nömrəli, 02 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Almaniyanın “Projecy Materials GMBH” şirkətindən 38DM080/38GT911 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********7191 sorğu nömrəli 07.01.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 38DM080/38GT911 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına daxil olmuş malların daşındığı 38DM080/38GT911 nömrəli nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə 06.01.2022-ci il saat 09:51-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair tərtib olunmuş **********2475 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin isə nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra, yəni 06.01.2022-ci il saat 14:42-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Almaniyanın “Projecy Materials GMBH” şirkətindən 38DM080/38GT911 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair tərtib edilmiş **********2475 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin gec verilmişdir. Ona görə ki, həmin malların hansı tarixdə gömrük ərazisinə gəlməsi barədə nəqliyyat şirkəti tərəfindən əvvəlcədən Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialına məlumat verilməmişdir. Gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini, gələcəkdə bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan, Sahil postundan daxil olmuş 01.02.2022-ci il tarixli raporta əsasən Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına 07.01.2022-ci il tarixində 38DM080/38GT911 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7191 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmayıb. İş materiallarında olan Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi İnformasiya resursuna baxış keçirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına Almaniyanın “Projecy Materials GMBH” şirkətindən göndərilmiş malların daşındığı 38DM080/38GT911 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə 06.01.2022-ci il saat 09:51-də daxil olmuş, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair tərtib olunmuş **********2475 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə malların daşındığı nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra, yəni 06.01.2022-ci il saat 14:42-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar