Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-433/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X1 DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23516088 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23516088 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Ziya Bünyadov prospekti və Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində sağa Ziya Bünyadov prospektinə dönərək hərəkət etməli olduğu halda həmin vaxt Ziya Bünyadov pr istiqamətində intensiv sıxlıq müşayiət edildiyindən və eyni istiqamətdə çıxmaq mümkün olmamış, xeyli müddətdən sonra həmin istiqamətdə çıxmağa məcbur olmuş, oradakı yol mexanizimində 1-ci avtobuslar üçün müəyyən edilmiş zolağa oradan isə sola digər zolağa çıxmaq lazım olduğundan o, qaydaya uyğun olaraq sağa üzü Ziya Bünyadov pr. istiqamətində dönmüş, lakin həmin vaxt sıxlığın, bundan başqa yola qayıtmaq üçün avtomobillərin yol verməməsi səbəbindən arxadan gələn maşınların yolunun kəsilməməsi, yolun boşaldılması məqsədi ilə hərəkətini davam etdirdmiş, onun sola dönərək avtobus zolağından çıxmağı üçün ən azı 10-20 dəqiqə arası vaxt sərf olunmuş, bu isə öz növbəsində arxadan gələn digər avtomobillərin yolunun kəsilməsinə, yol şəraitinin dahada pisləşməsinə səbəb olacağından,ümumi vəziyyəti nəzərə alaraq 100-200 metr arası məsafəni avtobus zolağı ilə idarə etmək məcburiyyətində qalmış, buna baxmayaraq təhlükəsizlik kamerası vasitəsilə avtobus zolağında hərəkət etməyi ilə bağlı İXM-nin 321.1-ci maddəsi əsasında 100 manat cərimə protokolu tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə qərar qüvvəyə minmişdir. Bundan başqa qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və həmin vaxtdan onun tərəfindən prosessual müddətlər ötürülmədən 2 dəfə elektron qaydada şikayət edilmiş,lakin polis orqanlarının bu məsələyə səthi yanaşması, vaxtında şikayətlərimə cavab verilməməsi ilə nəticələnmiş və bu günə qədər uzadılmış,bunun nəticəsində ona qanunsuz dəbbə pulu hesablanmış,elektron müraciətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin cavab məktubunu xx.xx.2025-ci il tarixə əldə etmiş, şikayət müddəti ötürülməmişdir.Qanunsuz cəriməni ödəməyə məcbur olmadığını, odur ki, onun inzibati məsuliyyətə cəlb edilməyi barədə Bakı Şəhər X5 İdarəsinin inzibati xəta haqqında EQ23516088 nömrəli, xx.xx.2024-cü il tarixli protokolu və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və dəbbə pulunun silinərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş DİN-nin Baş X5 İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X5 İdarəsinin nümayəndəsinin və şikayət vermiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23516088 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 18:57:20-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti köməkçi yolda “VOLKSWAGEN TOUAREG” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 327.1-1-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23516088 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhər X5 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X2 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23516088 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Bakı şəhər X5 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23516088 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması DİN-nin Baş X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-433/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-433/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver