Məhkəmə qərarları › İş №3(005)-434/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-434/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-434/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-1082/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Enerji Resursları və X4 Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2020ci il tarixli 34/012/004302 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ixracatçı Çin Respublikasının “X2 Company Limited" tərəfindən Şəxs MMC-nin ünvanına **********9789 saylı gömrük bəyannaməsi üzrə göndərilən mallar xx.xx.2020-ci il tarixdə Baş İdarədə rəsmiləşdirilmişdir. Raporta əlavə edilmiş sərhədkeçmə məlumatlarının əks edildiyi sənədə əsasən həmin gömrük bəyannaməsi üzrə gətirilən malların 11,10,2020-ci il tarixində Azərbaycan Respublikasının gömrük sərhədini keçməsinə baxmayaraq malların rəsmiləşdirmə prosesi xx.xx.2020-ci il tarixində həyata keçirildiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Lakin, hüquqi şəxs tərəfindən təqdim edilmiş **********9789 saylı gömrük bəyannaməsinin tarixindən görünür ki, həmin bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə çıxış edərək MMC-nin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Gömrük əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru Əsgərov Asif tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC ünvanına gələn yük xx.xx.2020-ci il tarixində təqdim edilmiş **********9789 saylı bəyannamə ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədini keçməsinə baxmayaraq malların rəsmiləşdirilmə prosesi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Bununla da Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar