Məhkəmə qərarları › İş №3(005)-436/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-436/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-436/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Zərər çəkmiş şəxs X4, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2045/2020 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. İcra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs hazırda 760 manat aliment borcu yaranmasına baxmayaraq ödəməkdən imtina edir. Ümumilikdə bu günədək 850 manat məbləğində aliment ödənişi edilmişdir. Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2045/2020 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədinə əsasən, Şəxs hazırda 760 manat borcu qalmışdır. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə aliment məbləğini ödəməməsinin səbəbi maddi vəziyyəti ilə əlaqədardır. Hazırda 760 manat aliment borcu yaranmışdır. Məhkəmənin qətnaməsi ilə hər ay 340 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulsa da onun yalnız 200 manat məbləğində ödəniş etməyə maddi imkanı çatır. Bundan sonra da hər ay 200 manat məbləğində ödəniş edə biləcək. Göstərilənləri nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu hər ay uşaqlarının saxlanılması üçün cəmi 340 manat məbləğində ödəniş etməlidir. Lakin borclu sonuncu dəfə könüllü olaraq 2021-ci ilin fevral ayının 2-də ödəniş etmişdir. Hər uşağa görə 170 manat ödənilməli olduğu halda o, yalnız 200 manat məbləğlərində ödəniş etmişdir. Uşaqlarının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bir ata kimi öz öhdəliklərini yerinə yetirmir. İcra sənədi üzrə öhdəliklərini vaxtında yerinə yetirib ödəniş edəcəyi təqdirdə ondan şikayətçi olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2045/2020 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2045/2020 nömrəli, xx.xx.2020-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2020; xx.xx.2020; xx.xx.2020; xx.xx.2020 və xx.xx.2021-ci il tarixli “xxxx” ASC vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2045/2020 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar X4 hesabına ümumilikdə 850 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2045/2020 nömrəli, xx.xx.2020cı il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən etibarən borclu Şəxs tərəfindən xx.xx.2021-ci il tarixədək ümumilikdə 850 manat məbləğində vəsait tələbkar X4 xeyrinə ödənilməsini təmin etmişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə 50 manat məbləğində ödəniş edilmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs tərəfindən icra vərəqəsi əsasında ödəmələr həyata keçirilərkən hərəkətsizlik nümayiş etdirilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar