Məhkəmə qərarları › İş №3(005)-4384/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4384/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4384/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Şəxs MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, H.Əliyev pr 95 ünvanında yerləşən Şəxs MMC-yə məxsus armatur istehsal obyektində yoxlama zamanı məlum YTG tələbləri pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X4 çıxış edərək tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini və hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X3 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokola etiraz edir. Belə ki, keçirilmiş yoxlamanı o görməmişdir. Protokolda qeyd edilən pozuntulardan bəziləri ola bilər. Həmin pozuntular da qısa zamanda aradan qaldırılacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025ci il tarixli KY25240731 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayyət edilibedilməməsinin yoxlanılması müəyyən edilmişdir. Yoxlamanın müddəti xx.xx.2025 – xx.xx.2025-ci il; “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Şəxs MMC-də yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli, 5107 nömrəli yanğın-texniki müayinə Aktından görünür ki, obyektin zəruri sahələri avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin edilməyib. Obyektdə görünən yerlərdə yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini göstərən lövhələr asılmayıb. Obyektə əmrlə könüllü yanğın dəstəsi yaradılmayıb. Obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməmişdir. Obyektin ərazisində siqaret çəkilməsi üçün xüsusi yerlər yaradılmamışdır. Obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planı tərtib edilməmişdir. Obyektdə mövcud odsöndürən balonların tərkibi yenilənməmişdir, yararsız vəziyyətdədir. Obyektin müəyyən yerlərində elektrik təsərrüfatı EQQQ-nın tələblərinə uyğun quraşdırılmamışdır. Obyektin müəyyən yerlərində nasaz elektrik qurğularından, izolyasiya qatı zədələnmiş elektrik naqillərindən, müvəqqəti elektrik xətləri və uzadıcılarından istifadə edilir. Obyektin müəyyən yerlərində elektrik lampaları mühafizə qapaqları ilə təmin edilməmişdir. Obyektin yanğın zamanı insanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədilə “Çıxış” sözləri yazılmış işıqlı göstəricilərlə təmin edilməmişdir. Obyektin işçiləri yanğına qarşı təlimatlandırılmır. Obyektin zəruri sahələri norma və qaydaların tələblərin uyğun olaraq ilkin yanğınsöndürmə alət və vasitələrlə, eləcə də odsöndürən balonlarla təmin edilməmişdir. Obyektin müəyyən hissələrində mövcud odsöndürən balonların saxlanılması qaydalarına riayət edilmir. Obyektdə müəyyən yerlərdə qeyri-standart elektrik qızdırıcılarından istifadə edilir. Hüquqi məsələlər: “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMCnin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətİ 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin tərtib etdiyi MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu, pozuntunun aşkar edilməsi haqqında aktı, inzibati orqanın nümayəndəsinin məhkəmə iclasındakı izahatını, habelə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, sözügedən aktda aşkar edilmiş pozuntulardan birinin belə olması kifayətdir ki, şəxsin əməlində inzibati xəta tərkibi müəyyən olunsun. Lakin, məhkəmə iclasında aparılan araşdırma zamanı sözügedən müəssisədə çoxsaylı pozuntuların olması müəyyən edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar