Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-44/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin DYNŞ-nin inspektoru X3 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC-nin xidmət göstərdiyi 5 mərtəbəli koopetariv yaşayış binası təxminən 2013-cü ildə sökülmüş, əvəzində keçmiş bina sakinləri üçün pilot layihə olaraq Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi əsasında "Araz- 2011A” MMC tərəfindən 2016-cı ildə 8 mərtəbəli yaşayış binası inşa edilmiş, təxminən 2018-ci ildə bina istifadəyə verilmiş, həmin vaxtlarda da mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, yaşayış binası "xxxx" MMC və Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən idarə heyətinin sədri olduğu "Nərimanov-8” MMMC-yə təhvil verilməmiş, bununla bağlı müxtəlif dövlət orqanalına, o cümlədən Fövqəladə Hallar Nazirliyinə də tərəflərindən mütəmadi müraciətlər edilmişdir. Bütün qeyd olunanlara baxmayaraq, yeni tikilən yaşayış binasının zəruri avadanlıqlarla təmin edilməsi, o cümlədən dövlət vəsaiti hesabına sifariş əsasında inşa edilmiş binanın zəruri olan bütün infrastruktur ilə təmin edilərək, mənzil mülkiyyətçiləri tərəfindən yaradılmış idarəetmə strukturuna təhvil verilməsi bugünkı günədək təmin edilməmişdir. Bütün bunlara baxmayaraq X6 Xidmətinin əməkdaşları 10 avqust 2023-cü ildə yaşadığı və idarə heyətinin sədri olduğu yaşayış binasına gələrək, yoxlamanın qüsursuz yazılması üçün əvvəlcə 300 manat pul istəmiş, tərəfindən həmin məbləğin verilmədiyini gördükdə isə əsəbi halda binada bir çox nöqsanların olmasını bildirərək, ərazini tərk etmişdir. O, onların hərəkətlərindən Azərbaycan Respublikasının Prezidentinə, daxili işlər, prokurorluq orqanlarına şikayət etdikdən sonra məlum olmuşdur ki, yoxlamaya gələn şəxslər guya ki, yoxlama zamanı akt və tələbnamə tərtib etmiş, o, həmin yoxlamada iştirak etsə də aktı imza etməkdən imtina etmişdir. Halbuki, həmin vaxt yoxlamaya gələn şəxslərin üzərində kompüter olmamış və onlar tərəfindən hər hansı sənəd çap edilməmişdir. Heç "xxxx" MMMC-nin fəaliyyət göstərdiyi təxminən 9 kvm.lik balaca tikilidə də ümumiyyətlə kompüter və printer mövcud olmadığı halda, onlar özlərinə əziyyət verməyərək başqa ünvanda şablon akt və digər sənədlər tərtib etmişlər. Bu aktlar əsasında isə sonda xx.xx.2023-cü ildə MN seriyalı ******* saylı inziabti xəta haqqında qərar əsasında onu AR İXM-nin 518.1ci maddəsi ilə təqsirli bilib 100 manat cərimə etmişlər. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, yeni yaşayış binasını sifarişçisi olan Nərimanov rayon İcra Hakimiyyəti və podratçısı "Araz-2011 A” MMC tərəfindən inşa edilmiş yaşayış binası idarə heyətinin sədri olduğu "Nərimanov -8” MMMCyə və ya digər dövlət qurumuna və ya mənzil kommunal təsərrüfatı idarəsinə təhvil verilməyib. Eləcə də, dövlət vəsaiti hesabına şəhərin mərkəzində olan dəyəri dövlət tərəfindən ödənilmiş yeni binanın fəaliyyəti üçün tələb olunan külli miqdarda pul vəsaiti hesabına alınmalı olan avadanlıqları o və ya bina sakinləri almaq iqtidarında deyillər. Binada yaşayan şəxslərin vəsaiti hesabına cüzi məbləğdə yığılmış pul vəsaiti binanın təmizliyinə və ərazinin səliqəli vəziyyətdə saxlanılmasına güclə yetir ki, bu pul hesabına külli miqdarda avadanlıqların alınması mümkün deyildir. O, dəfələrlə bundan əvvəlki dövrdə də gəlmiş əməkdaşlara bu barədə bildirdikdə onlar başa düşüb əməlində hər hansı xətanın olmadığını bildirmişlər. Yoxlamaya gələn Nurlan adlı şəxsə də yaşayış binasının mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə hazırkı vaxtadək təhvil verilmədiyini bildirsə də, həmin şəxs ona tələb etdiyi pul vəsaitini vermədiyini görüb barəsində saxta protokol tərtib etməklə onu cəzalandırmağa cəhd etmişdir. Ən əsası isə X1 38-ci maddəsinə görə törədilmiş xətaya görə 3 ay müddətində inzibati tənbeh tədbirinin görülməsi nəzərdə tutulub. Buna baxmayaraq, AR FHN binanın 2018-ci ildə yaşayışa buraxılmasından 5 il sonra bu pozuntunu törədən sifarişçi Nərimanov rayon İcra Hakimiyyəti və podratçı "xxxx" MMC barəsində inziabti xəta haqqında qərar qəbul etmək əvəzinə; əsasız olaraq onun barəsində bu qərarı qəbul etmişlər. Bu oyunlardan məlum olur ki, yeyintiyə yol vermiş məmurların və oliqarxların almalı olduqları və külli miqdarda pul vəsaiti xərclənməli olan avadanlıqları bina sakinlər almalıdır? Bəs binanın tikilməsi üçün ayrılan pulların taleyi nə oldu? Bununla da protokol və qərarı tərtib edən AR FHN onu və onun kimi digər bina sakinlərini hansısa məmurların diktəsi ilə yükləməyə cəhd edir. Bu problemlərin əsas günahkarları qalıb qıraqda, bina sakinlərini günahkar çıxardırlar. O, bu qərarın mövcudluğundan Nərimanov rayon İcra Şöbəsinə çağrılarkən məlumat almış və həmin şöbədə Azər adlı icra məmuru 28 oktyabr 2023-cü ildə qərarın surətini ona vermiş, bildirmişdir ki, qanunla 10 gün müddətində şikayət verə bilər. O, isə Azərə bu qərardan şikayət verəcəyini bildirmişdir. Bu protokolu tərtib edən şəxslər onlarla eyni ərazidə fəaliyyət göstərən "xxxx" MMC barəsində də eyni vaxtda bu formada protokol tərtib etmişlər. Onların bu qanunsuzluqlarına görə barələrində müvafiq tədbirlərin görülməsi barədə X6 Xidməti xx.xx.2023-cü ildə məktub göndərmişdir. Qeyd etdiklərini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin DYNŞ-nin inspektoru X5 izahatında göstərmişdir ki, "xxxx" MMMC dövlət qurumu kimi nəzərdə tutulduğu üçün akt və tələbnamə əsasında yoxlama aparmaq səlahiyyətləri vardır. Yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulması aşkar olunmuş və "xxxx" MMMC-nin barəsində 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək X4 barəsində 100 manat məbləğində cərimə müəyyən olunmuşdur. Şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yanğın-Texniki Müayinə aktı”ndan görünür ki, "xxxx" MMMC-də planlı yanğın-texniki müayinə keçirilmiş və qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, şikayət ərizəsində qeyd olunan yaşayış binası bu günə qədər səlahiyyətli dövlət orqanı tərəfindən istismara qəbul olunmamışdır. Bu hal məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin DYNŞ-nin inspektoru X5 tərəfindən də təsdiq olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun təkrar araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 şikayətində göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 24 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-44/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-44/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver