Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4402/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol eyni tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün xx.xx.2025-ci il tarixli 3-17-5/2-94483/2025 nömrəli müşayiətedici məktub əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə 3-17-5/2-72606/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin DƏMX-nin Bakı Şəhəri Ərazi İdarəsinə təqdim edilməsi tələb olunsa da, məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında bildirmişdir ki, qeyd olunan məktubun göndərilməsi “əmək və məşğulluq altsistem”i vasitəsilə işəgötürənə sorğunun göndərilməsi haqqında materiala əlavə edilmiş çıxarışla və reyestr məlumatı ilə təsdiq edilir. Sorğu məktubunun hansı səbəbdən AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 69, İSR PLAZA ünvanına göndərilməsini, bu məktubun poçt göndərişlərinin izləmə məlumatına əsasən AZ1113 poçt indeksi üzrə çatdırılması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər idarəsindən hüquqi şəxsin ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72606/2025 saylı məktub daxil olmamışdır. Bu məktubun surətini yalnız EMİS-də olan elektron kabinet vasitəsilə iş məhkəməyə daxil olduqdan sonra əldə edə bilmişlər. Hüquqi şəxsin ünvanına Müfəttişliyin inzibati xəta haqqında protokolun göndərilməsinə və vəzifəli şəxsin inzibati xəta haqqında icraata xx.xx.2025-ci il tarixdə “Zoom” proqramı vasitəsilə baxılmasında iştirakına dair xx.xx.2025-ci il tarixli müvafiq məktubları daxil olduqdan sonra dərhal məsələyə reaksiya verilməklə Müfəttişliklə əlaqə saxlanılmağa başlanılmış, şifahi məlumatlar əsasında şəxs Nazim Bayramzadə barəsində hazırda məhkəməyə təqdim edilən bütün sənədlərin bir nüsxəsi Müfəttişliyə elektron poçt vasitəsilə göndərilmişdir. Hətta xx.xx.2025-ci il tarixdə “Zoom” proqramına məktubda qeyd edilən link üzərindən qoşulub gözləsələr də, Müfəttişlikdən heç kəs qoşulmamışdır. Bu barədə Müfəttişliyin elektron poçt ünvanına məlumat da yazılmışdır. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 69, İSR PLAZA ünvanının hüquqi şəxslə heç bir əlaqəsi yoxdur. Hüquqi şəxsin poçt indeksi üzrə ünvanı AZ1029-dur, ünvan 2 xx.xx.2025-ci il tarixli məktublar Müfəttişlik tərəfindən həmin ünvana göndərilmiş və hüquqi şəxsə çatmışdır. Çatdırıldığı iddia edilən və protokolun yazılmasına səbəb olmuş xx.xx.2025-ci il tarixli sorğu məktubunun poçt göndərişlərinin izləmə məlumatına əsasən bu məktub AZ1113 poçt indeksi üzrə çatdırılmışdır. Bu isə tam əsassızdır, həmin ünvan üzrə hüquqi şəxsə heç vaxt məktub çatmamışdır. xx.xx.2025-ci il tarixli məktubun poçt göndərişlərinin izləmə məlumatından da görünür ki, bu məktub AZ1029 poçt indeksi üzrə düzgün olaraq hüquqi şəxsə çatdırılmışdır. Bundan başqa Müfəttişlik tərəfindən “Əmək və məşğulluq altsistem”i vasitəsilə ilə onlara xx.xx.2025-ci il tarixli heç bir məktub göndərilməmişdir. Hüquqi şəxsin kabinetinə ümumiyyətlə elektron qaydada yerləşdirilən heç bir sənəd barədə bildiriş gəlmir, lakin müntəzəm olaraq ona nəzarət edilir. Bu sistem ümumiyyətlə düzgün işləmir və təkmil deyildir. Əgər gəlmiş olsaydı dərhal ona münasibət bildirilərdi. Məhkəməyə göndərilən sənədlərdən də görünür ki, “sənədin qəbul edilmə tarixi” qrafası da boşdur. Bu isə o deməkdir ki, hüquqi şəxsə belə bir sənəd çatdırılmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 şikayəti əsasında Şəxs QSC-nin ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 72606/2025 saylı məktub ünvanlanaraq vətəndaşa aid sənədlərin təqdim olunması tələb olunmuş, lakin QSC tərəfindən tələb olunan sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72606/2025 nömrəli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X1 müraciət və HİT-nın razılığı və s.) məzuniyyət əmrləri, ərizələri, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son iki ay üzrə) vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində X7 Xidməti Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuşdur. Həmin məktub AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 69, İSR PLAZA ünvanına göndərilmişdir. SS968972785AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72606/2025 saylı məktub AZ1113 poçt indeksi üzrə qəbul edilmişdir. SS968972785AZ kodlu poçt göndərişinin "xxxx" MMC-yə aid internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs QSC-yə ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə AZ1029 poçt indeksi üzrə çatdırılmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs QSC-nin hüquqi ünvanı AZ1029, ünvan 3 Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, müəssisəyə göndərilmiş “15” oktyabr 2025-ci il tarixli № 3-17- 5/2-94149/2025 nömrəli məktub (şirkətə xx.xx.2025-ci il tarixində çatmışdır) ilə birlikdə təqdim olunan qoşmadakı protokollarda adı hallanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 72606/2025 nömrəli məktub QSC-nin ünvanına çatmamışdır. Qeyd olunan “15” oktyabr 2025-ci il tarixli № 3-17-5/2-94149/2025 nömrəli məktubu və protokolu aldıqdan sonra protokolda adı çəkilən, müəssisənin keçmiş əməkdaşı X4 aid bütün müvafiq sənədlər əlavədə təqdim etmişlər. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əsasən X2 şikayəti əsasında Şəxs QSC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72606/2025 saylı məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq QSC-dən tələb olunan sənədlərin təqdim edilmədiyi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sorğu məktubunda hüquqi şəxsin ünvanının yanlış göstərilməsi, poçt göndərişlərinin izlənilməsinə dair çıxarışa əsasən məktubun AZ1029 (hüquqi şəxsin ünvanı üzrə) poçt indeksi üzrə deyil, AZ1113 poçt indeksi üzrə çatdırılmasından belə qənaətə gəlmək mümkündür ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş məktub hüquqi şəxsə çatdırılmamışdır. Hüquqi şəxsin nümayəndəsinin izahatı və xx.xx.2025-ci il tarixli məktubun poçt göndərişləri üzrə izləməsindən, eləcə də bu tarixdən sonrakı digər məktublardan müəyyən olunur ki, hüquqi şəxsə xx.xx.2025-ci il tarixdə həmin məktub daxil olduqdan sonra QSC tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72606/2025 saylı məktubda hüquqi şəxsin ünvanı AZ1095, ünvan 4in iş materiallarından da görünür ki, hüquqi şəxsin ünvanı AZ1029, ünvan 3 Məhz xx.xx.2025-ci il tarixli məktublar Müfəttişlik tərəfindən bu ünvana göndərilməklə AZ1029 poçt indeksi üzrə qəbul edilmişdir. Bundan başqa, məhkəmə onu da qeyd zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən Şəxs QSC-yə ünvanlanan məktuba əsasən müəssisənin müvafiq sorğulara qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilmədiyi və vətəndaşa aid sənədlərin xidmətə təqdim edilmədiyi bildirilərək göndərilən sorğu məktubunun surəti iş materiallarına əlavə olunsa da görünür ki, həmin məktub imzalanmamış, tarix və nömrəsi əl yazısı ilə yazılmaqla blanksızdır. Göründüyü kimi hesab etsək ki, həmin məktub inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72606/2025 sorğu məktubudur, bu halda qeyd edilməlidir ki, məhz bu məktubun hüquqi şəxsə poçt vasitəsilə çatdırılması işin faktiki halları ilə təsdiq olunmur. İnzibati xəta haqqında protokolun məzmunundan görünür ki, yuxarıda qeyd olunan sorğu məktubunun göndərilməsi “Müəssisəyə göndərilmiş sorğu məktublarından” çıxarışla təsdiq edilir. Məhkəmə qeyd edir ki, material əlavə olunmuş “Məktub” adlı sənədə əsasən “sənədin tarixi” qrafasında xx.xx.2025, “icra tarixi” qrafasında xx.xx.2025, “məzmun” qrafasında müəssisəyə məktub, “hüquqi şəxsin adı” qrafasında Şəxs QSC göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun 3-17-5/2-72606/2025 nömrəli olmasına dair isə hər hansı qeyd yoxdur. Hüquqi şəxsin nümayəndəsi qeyd olunan sənədin elektron qaydada şəxsi kabinetinə yüklənmədiyini iddia etməklə bu xüsusatı təkzib etmiş, səlahiyyətli orqan tərəfindən məktubun hüquqi şəxsə bu qaydada çatdırılmasını da təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 72606/2025 nömrəli sorğu məktubunun hüquqi şəxsə çatdırılması qeyd olunsa da məhkəmə həmin faktın sübuta yetirilmədiyi, əksinə bunun yalnız şübhədən ibarət olduğu qənaətinə gəlir ki, bütün şübhələr qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi şəxsin xeyrinə həll edilməlidir. Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs QSC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Beləliklə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4402/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4402/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver