Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-444/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 254150.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 254150.00 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, hazırki protokolun predmeti olan mübahisə üzrə Bank vasitəsi ilə xx.xx.2021-ci il tarixdə müqavilə üzrə 254.150 (iki yüz əlli dörd min yüz əlli) ABŞ dolları məbləğində pul köçürülmüşdür. Bildirmək istəyirik ki, aylardır Çin Xalq Respublikasında yenidən tüğyan edən COVİD 19 pandemiyasına görə ölkə üzrə bütün sahələrdə işlər dayanmışdır. Eyni zamanda Çin Xalq Respublikasından idxal olunan mallar İran İslam Respublikası üzərindən ölkəmizə çatdırılır. Yenə məlum olduğu kimi həmin ölkədə də aylardır iğtişaşlar baş verir. Bunun nəticəsində də malların daşınması da müəyyən olunmuş müddətlərdən çox çəkir. Qeyd olunan əsaslara görə ödəniş üzrə “X4 Co. Ltd” istehsalatda və malların ölkəyə göndərilməsi ilə bağlı yaranan problemlərə görə malların sonuncu hissəsinin çatdırılması bir neçə gün gecikmişdir. Lakin göndərilmiş pulun qarşılığında malların bir hissəsi yəni 52.698,34 (əlli iki min altı yüz doxsan səkkiz min, 34) ABŞ dollan məbləində mallar nəticə etibarı ilə Şəxs MMC adına Azərbaycan Respublikasına idxal olunmuşdur. Qalan hissənin qarşılığının istehsalı və vaxtında göndərilməsi mümkün olmadığı üçün “X4 Co. - Ltd” tərəfindən 200.000 (iki yüz min) ABŞ dollar məbləğində pul ölkəmizə geri qaytarılmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, malların gec göndərilməsinin və pulun qalan hissəsinin geri qaytarılma səbəbi ilə bağlı “X4 Co. Ltd” tərəfindən Şəxs MMC adına məktub göndərilmiş və üzürxahlıq edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli avans üzrə 254.150 (iki yüz əlli dörd min yüz əlli) ABŞ dollan ödəniş üzrə bir neçə gün ərzində 52.698,34 (əlli iki min altı yüz doxsan səkkiz min, 34) ABŞ dolları dəyərində mallar hissəhissə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuşdur. Yenə 200.000 (iki yüz min) ABŞ dollar məbləğində pul isə dərhal geri qaytarılmışdır. Hazırda 254.150 (iki yüz əlli dörd min yüz əlli) ABŞ dollan həmin avans üzrə 1.451,66 (bir min dörd yüz əlli bir, 66) ABŞ dolları məbləğində bəyan edilməyən məbləğ qalmışdır. Bu hallar da öz növbəsində Şəxs MMC-nin malın gec göndərilməsində təqsirinin olmadığını sübut edir. Məktub və bəyənnamələri məhkəməyə təqdim edərək Şəxs MMC barəsində tərtib edilən inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən (**********7365,**********8552, **********1815 və **********0240 saylı) görünür ki, Şəxs MMC tərəfindən həmin mallar ölkəyə idxal olunmuş və xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Paşa Bank” tərəfindən təsdiq edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki, “X4 Co. - Ltd” şirkəti tərəfindən Şəxs MMC-yə məktub ünvanlanaraq malların bir hissəsinin göndərilməsi, müəyyən hissəsinin isə ödənişinin geri qaytarılması bildirilmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən ŞəxsMMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-444/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-444/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver