Məhkəmə qərarları › İş №3(005)-4463/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4463/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4463/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 nümayəndəsi (yaxın qohumu) X2, Bakı ŞBPİ-nin X14 İdarəsinin nümayəndəsi X3, Maraqlı tərəf "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, Bakı ŞBPİ-nin X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı ŞBPİ-nin X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 avqust 2025-ci il tarixində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində idarə etdiyi “Khazar LX” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüngül dərəcəli yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, yalnız nəqliyyat vasitələrinə cüzi maddi zərər dəymişdir. Hadisə barədə dərhal “102” xidmətinə və "xxxx" ASC-yə məlumat verilmiş, hadisə təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınmışdır. Təxminən 30-40 dəqiqə ərzində hadisə yerində qaldıqdan sonra, avtomobildə olan ailə üzvünün qolu zədələndiyinə və səhhətində kəskin ağrı yarandığına görə təcili-tibbi yardım göstərilməsi zərurəti yaranmışdır. Yaxınlıqda xəstəxana olmadığı üçün onu dərhal yaxınlıqdakı sınıqçıya aparmaq məcburiyyətində qalmışdır. Qeyd edir ki, sınıqçı qeyri-rəsmi fəaliyyət göstərdiyindən bu barədə rəsmi tibbi arayış verilməmişdir. Həmin vaxt hadisə yerində oğlu qalmış və hadisə ilə bağlı bütün məlumatları aidiyyəti üzrə təqdim etmişdir. Eyni gün dövlət xəstəxanasında alkotester müayinəsindən keçmiş və sərxoşluq halı müəyyən edilməmişdir. Bundan bir neçə gün sonra Bakı şəhər X13 İdarəsinə müraciət etmişdir. Lakin inspektor Rəşad adlı əməkdaş hadisə yerini tərk etməyini əsas gətirərək barəsində İXP7407028 nömrəli “hadisə yerindən yayınma” inzibati protokolu tərtib etmiş, lakin ona protokolun surətini təqdim edilməmişdir. Maraqlı tərəf "xxxx" ASC xx.xx.2025-ci il tarixli etirazında qeyd etmişdir ki, X4 tərəfindən Nərimanov Rayon məhkəməsinə 30 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayət verilmişdir. Hüquqi şəxs verilmiş şikayət ilə razı deyildir. Hesab edirik ki, Bakı şəhəri, BPİ-nin DYPİ-nin qərarı əsaslıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün vəzifələri öz əksini tapmışdır. Həmin Qanunun İV bəndində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Göründüyü kimi maddənin təsviri hissəsindən də aydın olur ki, sığortalı nəqliyyat vasitəsinin sürücüsünün əməli inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 327.6-cı maddəsi (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) ilə tövsif edilməli və sonuncu hər iki maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir ki, bu halı da DYP əməkdaşı düzgün qiymətləndirərək tam doğru qərar qəbul etmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınaraq şikayətin təmin edilmədən, 30 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi (yaxın qohumu) X5 şikayətin dəlillərinə uyğun izahat verməklə şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı ŞBPİ-nin X14 İdarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, 30 avqust 2025-ci il tarixində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar inspektor hadisə yerinə gedəndə “Khazar LX” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü X4 hadisə yerində olmamışdır. Ona barəsində qanuni və əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf "xxxx" ASC-nin nümayəndəsi X9 etirazın dəlillərinə uyğun izahat verməklə şikayət əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri BPİ-nin X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 10:50-də Ə.Rəcəbli küçəsi ərazisində “Khazar LX” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolun surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir (37-ci maddənin İV hissəsi); Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir (42-ci maddənin V hissəsi); Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir (42-ci maddənin X hissəsi). Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş səlahiyyətli orqanın və maraqlı tərəfin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunan sənədlərə baxış keçirib belə qənaətə gəlir ki, E.Abdullayev onun tərəfindən inzibati xətanın törədilmədiyini bildirsə də, bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Belə ki, icraat materialları ilə müəyyən edilir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 10:50 radələrində idarə etdiyi “Khazar LX” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək “Toyota” markalı, **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş, lakin E.Abdullayev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddənin İV hissəsinin tələblərinə riayət etməyərək hadisə yerindən çıxıb getmişdir. Belə olan halda o, qanuni və əsaslı olaraq Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, şikayətçi ərizəsində 30 avqust 2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmadığını qeyd etsə də, eyni zamanda hadisə yerindən getməsinin səbəbini avtomobildə olan ailə üzvünün qolunun zədələnməsi və səhhətində kəskin ağrıların yaranması ilə əlaqədar sonuncunu dərhal yaxınlıqdakı sınıqçıya aparmaq məcburiyyəti ilə əsaslandırmağa çalışmışdır. X1 məhkəməyə ünvanladığı müraciətində qeyd olunan ziddiyyətli məqamlar bir daha şikayətin əsassız olduğu qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Bakı şəhəri BPİnin X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı ŞBPİ-nin X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar